Fərhad Məmmədov: İlham Əliyevin təcrid siyasəti Ermənistanın sosial-iqtisadi iflasını daha da dərinləşdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: İlham Əliyevin təcrid siyasəti Ermənistanın sosial-iqtisadi iflasını daha da dərinləşdirəcək

09:14 - 16 / 05 / 2018
Fərhad Məmmədov: İlham Əliyevin təcrid siyasəti Ermənistanın sosial-iqtisadi iflasını daha da dərinləşdirəcək

Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil

Nəhayət, erməni xalqı “layiq” olduğu növbəti liderini əldə etdi. Təqribən iki ay çəkən kütləvi etirazlardan sonra indiyədək Ermənistanın siyasi mühitində əhəmiyyətli sosial çəkiyə və ictimai nüfuza malik olmayan Nikol Paşinyan dövlət hakimiyyətinin ali kürsüsünə əyləşdirildi.

Dəyişən Ermənistanın hakimiyyətidir, işğalçı status isə qalmaqdadır

Bununla da Ermənistanda daha bir siyasi eyforiya dövrü başa çatmaqdadır. Ehtiraslar səngidi, meydanlar boşaldı, Sarkisyan və onun komandası tələb olunduğu kimi hakimiyyətdən uzaqlaşdırıldı və yeni şahmat fiqurlarından növbəti hökumət formalaşdırıldı. Bununla da siyasi dövriyyəyə yeni mövzular gətirildi. Bu gün təkcə Ermənistan əhalisini deyil, həm regionu, həm regiona qonşu dövlətləri, həm də Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqları olan güc mərkəzlərini əsasən bu suallar düşündürür: 

- “Əlvan inqilab” dalğasından sonra Ermənistanın yeni daxili və xarici siyasəti necə və hansı qüvvələrin ssenarisi əsasında qurulacaqdır? 

- Serj Sarkisyanın qeyri-müəyyən oriyentasiyalı “karusel siyasətini” əvəz edən Nikol Paşinyan populizmi erməni xalqına vəd etdiyi dəyişiklikləri gətirə biləcəkmi? 

- Ümumiyyətlə, yeni hakimiyyət dayanıqlı olacaqmı və yeni parlament seçkiləri nə vaxt keçiriləcək? 

Ermənistanın siyasət səhnəsində parlaq obraz olmayan Nikol Paşinyanın birdən-birə “ulduz” kimi parlamış, hakimiyyətdən, korrupsiya, yoxsulluq və səfalətdən narazı kütlənin təzyiqi və xaricdən istiqamətləndirilən dəstək hesabına ölkənin siyasi elitasını radikal şəkildə dəyişmiş, əvvəlcə Serj Sarkisyanı, sonra onun formalaşdırdığı hökuməti hakimiyyətdən uzaqlaşdıra bilmişdi. Növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə hakim Respublika Partiyası da deputat mandatlarından məhrum olacaq. Hakimiyyətə yiyələndiyi ilk günlərdə isə Ermənistanın baş müxalifətçisinin siyasi illüziyaları tədricən seyrəlməyə başlamış, mitinqlərdə irəli sürdüyü tələblərin və əhalinin gözləntilərinin bir çoxunun hətta yeni komanda ilə yerinə yetirilməsinin mümkünsüzlüyünü dərk etmişdir. 

Erməni xalqının Nikol Paşinyana bağladığı ümidləri və gözləntiləri olduqca yüksəkdir. Reallıqlar isə bu ümidləri də sabun köpüyü kimi dağıtmaqdadır. Nikol Paşinyanın baş nazir kimi Ermənistan parlamentindəki pafoslu çıxışları bir daha göstərdi ki, etirazçı kütləni tələblə, populist vədlərlə ələ alan yeni siyasi fiqurlar ölkənin daxili və xarici siyasətində əhəmiyyətli islahatlar aparmaq, rasional, reallıqlara söykənən təkliflər irəli sürmək, ən nəhayət, onları həyata keçirmək potensialına malik deyillər. 

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, iqtisadiyyatın böyük sıçrayışlarla inkişaf etdirilməsinə, ölkəsini guya regionun “lider dövlətinə” çevrilməsinə dair Paşinyanın səsləndirdiyi iddialar və bol vədlər əslində, gerçəklikdən tamamilə uzaqdır və Ermənistanın düşdüyü böhranlı vəziyyəti, ölkənin acınacaqlı mənzərəsini özündə əks etdirmir.

Populizm və fantastik vədlər yenidən siyasi dövriyyədə

“Xalqın seçdiyi” yeni baş nazir indi yaxşı dərk edir ki, həm Serj Sarkisyan, həm də əvvəlki dövlət başçıları ona ağır miras - həlli mümkün olmayan problemlər qoymuşlar: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi rəsmi Yerevanın gözləntilərinin əksinə olaraq, həllini tapmamış, Ermənistanın iqtisadi izolyasiyası daha kəskin xarakter almış, ölkə bütün regional layihələrdən kənarda qalmış, sosial-iqtisadi böhran dərinləşmiş, əhalinin miqrasiyası kütləviləşmişdir. Erməni statistiklərinin məlumatına görə, hər il təqribən 40 min nəfər işsizlik, yoxsulluq üzündən ölkəni tərk edir və bu axın getdikcə artmaqdadır. Hazırda Ermənistanın xarici borcları astronomik həddə - 5,1 milyard ABŞ dollarına çatmaqdadır. Bu isə ümumi daxili məhsulun 58,8 faizinə bərabərdir. Ümumiyyətlə, xarici borclar son 10 ildə 3,5 dəfə artmışdır.

Levon Ter-Petrosyandan, Robert Köçəryandan və Serj Sarkisyandan sonra mitinq əhval-ruhiyyəsindən nisbətən ayılan və “xalq tərəfindən seçilən” yeni baş nazir onu da aydın dərk edir ki, ölkəsinin üzləşdiyi bütün siyasi, sosial və iqtisadi problemlərin arxasında yalnız bir məsələ - Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana və Türkiyəyə ərazi iddiaları və bu dövlətlərin qətiyyətli mövqeləri dayanır. Belə ki, əgər N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə də münaqişə nizamlanmazsa, Ermənistanın öz qonşuları ilə münasibəti normal xarakter almazsa, bu zaman o, siyasətçi imicinin atributlarından birinə çevrilmiş aşırma çantasını yenidən kürəyinə atıb təkcə baş nazir kürsüsünü deyil, ümumiyyətlə, Ermənistanı tərk etməli olacaqdır. Çünki sələfləri ilə müqayisədə özünə həm daxildə, həm də xaricdə xeyli rəqib və düşmən qazana bilmişdir. 

Hələlik isə aşırma çantasını və beysbol papağını kabinetinin bir küncündə ehtiyat üçün saxlayan Nikol Paşinyan Ermənistanın məhdud siyasi və iqtisadi imkanlarını regionun ən güclü dövləti olan Azərbaycanla müqayisə etməyə, əhali üçün yeni siyasi və iqtisadi illüziyalar yaratmağa səylər göstərir. Bu gün hətta Ermənistan ekspertləri populist baş nazirin ritorikasının və fantastik vədlərinin erməni xalqının gələcək taleyi üçün olduqca təhlükəli olduğunu və kütlələrin yenidən küçə və meydanlara axışması, növbəti siyasi qarşıdurmalara zəmin yaradılmasını bildirirlər. Bu fərqi isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırmışdır:

“Son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir”.

Odur ki, N.Paşinyanın həm Ermənistan parlamentində, həm də erməni işğalı altında olan Şuşa şəhərində səsləndirdiyi “strateji yol xəritəsindəki” prinsiplər əhəmiyyətinə görə aşağıdakı ardıcıllıqla gəlir. Birincisi, “Dağlıq Qarabağ məsələsində Azərbaycanı “sülhə məcbur etmək” və qondarma separatçı rejimin müstəqilliyini tanımaq. İkincisi, Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılmasına nail olmaq. Bütün bunlardan sonra isə Ermənistanın inkişafı üçün yarana biləcək əlverişli imkanlar hesabına sosial-iqtisadi sahədə uğurlar qazanmaq.

İlham Əliyevin qətiyyəti, Paşinyanın çaşqınlığı…

Beləliklə, Ermənistanın üzləşdiyi taleyüklü problemlər məhz bu dövlətin işğalçılıq siyasətini davam etdirməsindən qaynaqlanır. Bu problemlərin yaranması, getdikcə dərinləşməsi və gündəmdə qalması isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ardıcıl olaraq həyata keçirtdiyi təcrid, sülhə məcburetmə siyasətinin nəticəsidir. Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədə dərin kök salmış problemləri aradan qaldırmaq iqtidarında deyildir! 

Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin bu qətiyyətli mövqeyini dəfələrlə səsləndirmiş, onu reallığa çevirmişdir. Azərbaycan dövlətinin başçısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yübileyinə həsr olunmuş təntənəli mərasimdə çixiş edərkən bir daha vurğulamışdır: “Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır”.

Görünən tərəf isə odur ki, əsas məqsədi rusiyameyilli “Qarabağ klanının” hakimiyyətdən uzaqlaşdırılması olan və mitinqlərdə bunu açıq şəkildə bildirən Nikol Paşinyan əslində, həm Robert Köçəryanın, həm də Serj Sarkisyanın siyasi xəttini və onların səhvlərini davam etdirməkdədir. Təsadüfi deyil ki, N.Paşinyan neosedakronçu Serj Sarkisyanın Türkiyə və Azərbaycana münasibətinə dair siyasi ənənəsinə sadiq qaldığını kütləyə göstərmək üçün etiraz mitinqlərinə alman faşizmini dəstəkləyən Qaragen Njdenin adını daşıyan Yerevandakı meydandan start vermiş, “Qarabağ məsələsinin”, qondarma “erməni soyqırımının” tanınmasının Ermənistan üçün taleyüklu məsələ olduğunu bəyan etmişdir. Mitinqlər zamanı onun maniakal düşüncəsini özündə əks etdirən çıxışlarına əsasən, erməni xalqı bu istəyə nail olmaq üçün ilk növbədə, Serj Sarkisyan klanını “demokratik hakimiyyətlə” əvəz etməli, Ermənistan Rusiyanın “alçaldıcı nüfuz dairəsindən” çıxarılmalı, siyasi, iqtisadi və mədəni sahələrdə Qərbə sıx inteqrasiya əldə olunmalıdır. Xatırladaq ki, Qərbyönümlü N.Paşinyanın və onun çoxsaylı tərəfdarlarının Rusiya-Ermənistan münasibətlərinin indiki səviyyəsini həmişə mənfi dəyərləndirmişlər. Hətta vaxtilə “Yelk” fraksiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsi hazırlayaraq parlamentə təqdim etmişdir.

Yeni yol - köhnə yolun imitasiyası

Lakin reallıqlarla üzləşdikdən sonra Paşinyanın antirusiya ritorikasındakı aqressivlik nəzərəçarpacaq dərəcədə azalmış və hazırda göründüyü kimi, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamasını rəsmi Moskva ilə siyasi bazarlıq mövzusuna çevirməyi qərara almışdır. Təsadüfi deyil ki, N.Paşinyan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəlki radikalizmindən fərqli yanaşma ilə gəlmişdir. Hətta baş nazir seçilməsindən sonra çıxışlarında əvvəlki mövqeyini kəskin şəkildə dəyişərək Ermənistanın xarici siyasət oriyentasiyasının sabit qalacağını, Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının və inkişafının Ermənistanın prioriteti olduğunu vurğulamış, ölkəsinin Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin bundan sonra daha da dərinləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır. 

Faktiki olaraq, son iki ay ərzində Ermənistanda cərəyan edən hadisələr əslinə qalsa, fövqəldövlətlərin Cənubi Qafqaz regionunda geosiyasi maraq mübarizəsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. “Qarabağ klanı”nın təqribən iyirmi illik rusiyapərəst siyasi elitasının öz mövqelərini sürətlə itirməsi Qərbdə gözlənilən ruh yüksəkliyi ilə qarşılanmasına və orada bu proseslərin “demokratiyanın təntənəsi” kimi təqdim olunmasına baxmayaraq, Ermənistan-Rusiya münasibətlərində indiyədək mövcud olmuş status-kvo dəyişilməz qalmışdır. Bu isə N.Paşinyanı hakimiyyətə gətirən və onu həm Ermənistanda, həm də xarici dövlətlərdə dəstəkləyən qüvvələrdə narahatlıqla qarşılanmışdır. 

Lakin buna baxmayaraq onlar da hələlik gözləmə mövqeyində dayanaraq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini diqqətlə izləməkdədirlər. Xüsusilə vurğulamaq lazımdır ki, Serj Sarkisyanın təcrübəsindən bəhrələnən Nikol Paşinyan hakimiyyətin məsul postlarına təkcə öz tərəfdarlarını, onu dəstəkləyən dövlət məmurlarını gətirməklə yanaşı, həm ölkə daxilində, həm də xarici siyasət kursunda Ermənistanın Qərb və Rusiya ilə münasibətlərindəki “balansın təmin olunması” prinsipini də gözləməyə çalışmışdır. 

Etiraz mitinqlərində Nikol Paşinyanın əsas şüarları Ermənistandakı korrupsiya və “Qarabağ məsələsi” olmuşdu. Korrupsiyaya qarşı mübarizədə yeni baş nazirin sərt mövqe tutacağı isə indidən şübhə altındadır. Çünki onu dəstəkləyən siyasi-maliyyə elitası içərisində Ermənistanın nüfuzlu oliqarxları da vardır, hətta N.Paşinyan quracağı koalisiya hökumətində Ermənistanın çox imkanlı maliyyə bosslarından olan Qagik Sarukyanın fraksiyasının da təmsil olunmasına dair vədlər vermişdir. Beləliklə, Ermənistanda köhnə korrupsionerlərin yeniləri ilə əvəz edilməsi prosesinin də başlanılacağı istisna edilmir.

“Qarabağ dalanı” Paşinyana da sələflərinin perspektivini vəd edir

Siyasi gündəmdə olan digər məsələ yeni baş nazirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətidir. May ayının 8-də işğal altında olan ərazilərə səfər edən N.Paşinyan Azərbaycanla danışıqlar məsasında əyləşməyə hazır olduğunu bildirsə də, rəsmi Bakı ilə müzakirələrdə R.Köçəryan və S.Sarkisyan ritorikasını və onların əvvəlki şərtlərini qüvvədə saxlamışdır. Azərbaycan üçün məqbul olmayan həmin şərtlərə görə danışıqların formatı dəyişdirilməli, Dağlıq Qarabağın separatçı rejimi danışıqlar prosesində tərəf kimi iştirak etməli, Azərbaycan “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu” tanımalıdır. Bütün bunlar isə münaqişənin dondurulmasına, əvvəlki status-kvonun saxlanılmasına xidmət edir. 

Lakin problemlər məngənəsində qalan Ermənistan əhalisi populist vədlərlə hakimiyyətə yiyələnmiş baş nazirdən yeni vədlər deyil, konkret və təsirli fəaliyyət gözləyir. Nikol Paşinyan isə aydın dərk edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmazsa, onun verdiyi siyasi, iqtisadi, sosial vədlərin heç biri həyata keçə bilməyəcək. Əksinə, Ermənistan Serj Sarkisyan hakimiyyəti dövrü ilə müqayisədə daha ağır böhranla üzləşəcəkdir. Bu zaman isə Nikol Paşinyanı əvvəlki sələfinin biabırçı aqibəti gözləyəcəkdir. 

Dünya ictimaiyyəti üçün Ermənistanın yeni hakimiyyəti maraq, ekzotika kəsb edə və bu maraqdan müəyyən eyforiya, növbəti illüziyalar yarana bilər. Lakin təxirəsalınmaz addımlar atılmazsa, erməni cəmiyyətində ümidləri kəskin tənqidlər və növbəti kütləvi etiraz dalğası əvəz edəcəkdir. Nəticədə, regionun reallıqları Ermənistanın bu hakimiyyətini də tez bir zamanda çıxılmaz vəziyyətə salacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) fəaliyyət istiqamətlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın haqlı mövqeyinin dünya ekspert ictimaiyyətinə çatdırılması, Ermənistanın daxili və xarici siyasətinin təhlil edilməsi əsas prioritetlərdəndir. Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi tərəfindən kurasiya edilən SAM öz tədqiqatlarında son iki ay ərzində işğalçı Ermənistanda cərəyan edən siyasi prosesləri geniş araşdırmış, bu ölkədə ağır iqtisadi vəziyyətdən qaynaqlanan siyasi böhranın ilkin dövrdəki nəticələrini öyrənmiş və perspektiv durumu barədə proqnozlarını vermişdir. 

Tam əsasla demək olar ki, Prezident İlham Əliyevin təcrid siyasəti Ermənistanı sosial-iqtisadi iflasdan, habelə dövlət böhranından xilasına imkan verməyəcək və bu ölkədəki problemlər daha da dərinləşəcəkdir. Bu isə yeni siyasi xaosu şərtləndirəcək.

Fərhad MƏMMƏDOV, 
Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru

Paylaş:
614

Son xəbərlər

XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33
Bütün xəbərlər