“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən yaradılmış “ASAN Ödəniş” sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir.
Belə ki, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq “ASAN Ödəniş” sisteminə uğurla inteqrasiya edilmiş “e-Manat” ödəmə terminalların vasitəsilə də həyata keçirə bilərlər.
1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, yaxın zamanda digər növ dövlət ödənişlərinin də “ASAN Ödəniş” sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin “e-Manat” ödəniş terminalları vasitəsilə həyata keçirilməsi mümkün olacaq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Ödəniş” sisteminin imkanlarından istifadə etməklə nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi, eləcə də bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları, eləcə də hesab.az, e-pul.az, portmanat.az portalları, “e-Manat” ödəmə terminalları vasitəsilə təmin edilir.
S.Xankişiyeva