Əsrarəngiz Azərbaycan Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində – FOTO

Oktyabrın 1-də Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı Səfirliyi və Fransız – Azərbaycan Dialoqu Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Tamilla Gasanovanın “Azərbaycanda tətil” adlı solo sərgisinin açılışı baş tutub.
Rəssam Azərbaycanı xarici publikaya tamamilə yeni ab-havada təqdim edərək, öz qeyri-adi konsepsiyası ilə hər kəsi valeh edib. İlk baxışdan mümkünsüz görünən, on illikləri və dünyanın müxtəlif istiqamətlərini bir arada birləşdirməyi bacaran rəssamın işləri hər kəsə səyahət, dövrlərin ruhunu, şarm və gözəl ölkəmizin aurasını ehtiva edir.
“Sərgi ideyası bir neçə müddət əvvəl yaranıb. Belə ki, mən Azərbaycanı romantik, cazibədar, cəlbedici, Şərq və Qərbin qovuşduğu məkan olaraq ahəngdar bir şəkildə təqdim etmək istərdim.
Beləliklə hər şey öz yerinə uyğunlaşdı və mən “50-ci illərin obrazı” konsepsiyasını müasir Azərbaycana daşıdım. New look obrazlı qızlar Bakının mərkəzində gəzərək, şəhərin görməli abidələrinə nəzər salır və onun əsrarəngiz ab-havasına qərq olurlar. Dağ xizəyi idmansevərləri Şahdağın ətəyində, sakit, mülayim təbiətsevərlər isə funikulyorun ən üst nöqtəsində peyzajdan həzz alırlar. Gənc oğlan tələsmədən şəhərin küçələrində gəzir. Öz yarını görmək arzusunda olan gənc qız Murtuza Muxtarovun sarayına nəzər salır, bu binanın tarixində inanılmaz sevgi gizlənir. Bütün bu, öz müxtəlifliyi və tayı-bərabəri olmaması ilə seçilən Azərbaycandır.
Mənim üçün ruh, aura və emosiyaları ötürmək çox vacibdir – bu rəssamın təqdim etmək istədiyi bir işdir. Çünki rəsm əsərində yalnız gözlə görünən, duyulan deyil, həmçinin daxildə gizlənən izah oluna bilməyən bir sirr yatır. Azərbaycan məhz belədir: onu sözlərlə ifadə etmək olmur – onu yalnız hiss etmək lazımdır…”
Paris sərgisi gənc rəssamın Avropada debütü oldu. Rəssamın Bakıda üç fərdi sərgisi keçirilib. Onlarda biri məhz “50-ci illərin obrazları” konsepsiyasında təqdim olunaraq “Art payız festivalı” çərçivəsində Port Baku ticarət mərkəzində “Spirit” adlı fərdi sərgi idi. Sərgi davamını bugünki Paris sərgisində tapdı. Həmçinin bu ilin yazında Tamillanın ötən əsrin 50-ci illərindən bu günümüzə qədər olan “Formula 1” yarışlarına həsr edilmiş sərgisi də baş tutub. Bu da öz növbəsində Azərbaycan incəsənətində bir yenilik idi.
Rəssamın əsərləri bütün dünyada fərdi kolleksiyalarda saxlanılır.
Paris sərgisi 7 oktyabr 2018-ci ilədək davam edəcək.
Reklam hüququnda