Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, oktyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 14, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2017-ci il oktyabrın 5-də 426 sm), Şirvanda 195 sm (2017-ci il oktyabrın 5-də 295 sm), Salyanda 147 sm (2017-ci il oktyabrın 5-də 250 sm), Bankədə 175 sm (2017-ci il oktyabrın 5-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2017-ci il oktyabrın 5-də 100 sm) təşkil edir.
1news.az