Bakıda 3-cü sinif şagirdi intihara cəhd edib

Bakıdakı 302 nömrəli tam orta məktəbin şagird özünü 3-cü mərtəbədən atmaq istəyib.
1news.az-ın məktəbdən aldığı məlumata görə, hadisə səhər saatlarında tənəffüs zamanı baş verib.
Üçüncü sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil və o, dini təriqətli valideynlərinin təsiri altındadır:
“Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib”.
Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.
1news.az