Yük avtomobillərinin şəhərə daxil olmasına nəzarət gücləndirilir - MARŞRUTLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Yük avtomobillərinin şəhərə daxil olmasına nəzarət gücləndirilir - MARŞRUTLAR

13:07 - 08 / 11 / 2018
Yük avtomobillərinin şəhərə daxil olmasına nəzarət gücləndirilir - MARŞRUTLAR

Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın  30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücülərinin yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir.

Belə ki, əvvəlki dövrdə yük maşımlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib.

Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Belə ki mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq. Bu da öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq.  

Noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib:

1. Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;

2. Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;

3. Ə. Rəcəblidə geriyədönmə yeri, “Şır-şır” restoranının yanı, “Taxta” bazarı;

4. “Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) “Lukoil” YDnin yanında geriyədönmə yeri “Baku Steel Kompani” istiqamətində;

5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi.

Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən qərarla bağlı 1news.az-a bildirib ki, bütün inkişaf etmiş ölkələrdə bu cür tədbirlər həyata keçirilir:

“Biz də öz növbəmizdə Avropa ölkələrinin müsbət təcrübəsindən istifadə edirik. Yük maşınlarının Bakıya daxil olmasına nəzarətin gücləndirilməsi ilə bağlı qərar paytaxt yollarında hərəkəti xeyli yaxşılaşdırmaqla yanaşı, sürücülərlə yol müfəttişləri arasında problemlərin yaranmasının da qarşısını alacaq. Belə ki, bütün qayda pozuntuları avtomatik olaraq xüsusi texnika vasitəsilə qeydə alınacaq.

Yeni qaydanın tətbiqi eyni zamanda tıxacların aradan qaldırılmasına, eləcə də Bakıda yol hərəkəti iştirakçılarının mədəniyyətinin artmasına və təhlükəsizliyinin yüksəlməsinə kömək edəcək”.

Təsdiq edilən qərarın doğru qərar olduğunu deyən V.Əsədovun sözlərinə görə, əgər bunu dəqiq həyata keçirsək heç bir problem yaranmayacaq:

“Bir daha, sürücüləri xəbərdar etmək istəyirəm ki, noyabrın 15-dən yalnız yuxarıda göstərilən marşrutlarla hərəkət etməlidirlər. Belə olan halda onların qanunla hər hansı bir problemi olmayacaq”.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər