Gəncədə dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb - VIDEO - YENİLƏNİB

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin - 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızının və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun cəsədləri tapılaraq çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından ümumilikdə 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
10:31
Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda vurğulanıb ki, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
“Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.
Əlavə məlumat veriləcək”.
1news.az