İctimai yerlərdə əxlaq normalarını aşanlarla necə mübarizə aparaq? – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai yerlərdə əxlaq normalarını aşanlarla necə mübarizə aparaq? – TƏHLİL

11:30 - 27 / 11 / 2018
İctimai yerlərdə əxlaq normalarını aşanlarla necə mübarizə aparaq? – TƏHLİL

18 yaşı tamam olmamış şəxslərə, uşaqlara və əsəbi zəif olanlara videoya baxmaq məsləhət görülmür.

Bakıda sərnişin avtobusunda qeyri-etik hərəkətlər edən şəxs barədə xəbər vermişdik. Həmin xəbər yayıldığı andan ictimaiyyət arasında, xüsusən də social şəbəkələrdə geniş müzakirə edilməkdədir.

Xatırladaq ki, Unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) noyabrın 21-də Bakıda avtobusda başına gələnləri danışıb. O iddia edib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurt xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib.

Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsiyyət orqanını çıxarıb və nəlayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin şəxs başqa iki qadının yanında da eyni murdar əməlini davam etdirib”.

Yaymlandıqdan az sonra bu xəbər sosial şəbəkələrdə geniş müzakirə olunmağa başladı. Bu da təsadüfi deyil. Təsəvvür edin ki, həmin rəzaləti lentə alan qadının yerində hər birimizin yaxın qohumu – anası, bacısı, xalası ola bilərdi.

Şərhlərdə yazılanlar da məsələnin nə qədər ciddi olduğunu deməyə əsas verir. Bir çoxları həmin kişini elə avtobusdaca linç edib polisə təhvil verilməli olduğunu yazdı. Bəzilər isə bu cür insanların xədim edilməsini təklif etdi.

Məsələnin ciddi olduğunu nəzərə alıb bu barədə geniş material hazırlamaq qərarına gəldik. Çünki ilk dəfə deyil ki, ictimai nəqliyyatda bu cür biabırçı hadisə baş verir.

Xatırladaq ki, sentyabr ayında da oxşar hadisə baş verib. Bakının “Şamaxinka” kimi tanınan ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərən şəxs qadın müştərisinə qarşı əxlaqsız hərəkət edib.

Belə ki, 99-FD-996 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü “Şamakinka”dan Masazır qəsəbəsinə müştəri aparıb.

Xanım sərnişin arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib.

Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib.

Göründüyü kimi son iki ayda ikinci dəfədir ki, analoji hadisə baş verir. İlk baxışdan bu hadisə adi görünə bilər. Çünki dünyanın bir çox ölkələrində bu cür hallara rast gəlmək mümkündür. Lakin nəzərə almaq lazımdır ki, insanların bütün davranışlarını qanunla tənzimləmək demək olar ki, mümkün deyil. Hər kəs evində özünü necə aparacağına özü qərar verir. İctimai yerdə isə hamı ictimaiyyət tərəfindən qəbul edilmiş qaydalara – ictimai qayda-qanunlara əməl etməlidir.

İctimai yerdə özünü normal apara bilməyən insanın davranışları əsas iki səbəblə izah edilə bilər: ya həmin insanın sağlamlığında, əqli düşüncəsində problem var, ya da tərbiyəsizin, əxlaqsızın biridir və onun üçün ictimai qayda-qanun, başqalarının hüquqların hörmət etmək kimi bir anlayış yoxdur.

İstənilən halda bu cür insanlara qarşı ciddi tədbir görülməlidir. Çünki tədbir görülmədikcə ictimai yerdə anormal davranan, qeyri-etik hərəkətlər edən insanların sayı getdikcə arta, nəticədə daha ciddi problemlər yarana bilər. Dərk etməliyik ki, bu cür hallar cəmiyyətimizi pozğunluğa doğru aparır və bunun qurbanı həm də biz və yaxınlarımız ola bilər.

Nəzərinizə çatdıraq ki, qanunvericilikdə bu cür hərəkətlərə görə ciddi cəza nəzərdə tutulmadığından həmin şəxslər yalnız ictimai qaydanı pozmağa görə məsuliyyətə cəlb oluna bilər. Bu isə o deməkdir ki, onlar yenidən azadlığa çıxacaqlar və öz çirkin əmllərini yenidən törədə bilərlər. Bəs görəsən problemi kökündən həll etmək mümkündürmü? Bu suala cavab tapmaq üçün ekspertlərə müraciət etməyə qərar verdik.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu 1news.az-a açıqlamasında bildirib ki, bu gün əxlaq normalarınin qorunması cəmiyyətimizin qarşısında duran başlıca vəzifələrdən biridir:

“Hər hansı bir insanın, sosial qrupun davranışında 3 amil başlıca rol oynayır: mühit, insanların aldığı informasiya və üstünlük verilən dəyərlər. Təəssüf ki, başqa ölkələrdə olduğu kimi bizim cəmiyyətimizdə də ictimai yerlərdə qeyri-etik davranan insanlara rast gəlmək mümkündür.

Digər tərəfdən ictimai yerlərdə bəzi insanların qeyri-etik davranışı ölkəmizə gələn xarici qonaqlarda ölkəmiz və insanlarımız barədə mənfi rəy yaratmaqla yanaşı, ölkəmizin imici, mədəniyyətimiz və s. haqqında apardığımız təbliğata kölgə salır. Buna görə də cəmiyyətdə özünü normal apara bilməyən, öz davranışları ilə ətrafdakılarda qıcıq yaradan şəxslərər qarşı ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Hər hansı bir məsələdə maarifləndirmə işi məqsədə nail olmağa imkan vermirsə mütləq inzibati müdaxilə lazımdır. Yəni, bir tərəfdən maarifləndirmə işi gücləndirilməli, digər tərəfdən isə sərt inzibati metodlardan istifadə olunmalıdır. Lazım gələrsə bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir”.

Ekspert cəmiyyətimizin mənəvi cəhətdən aşınmasında bəzi xarici qüvvələrin maraqlı olduğunu da diqqətə çatdırıb:

“Onu da nəzərə almaq lazımdır ki, bizim ölkəmizdə hər hansı bir marağı olan kənar qüvvələrin ən böyük arzularından biri ölkəmizdə mənəvi aşınmanın getməsidir. Çünki əhali arasında mənəvi aşınma baş verəndə o əhaliyə təsir eləmək asan olur. Buna görə də necə ki, asayişi fiziki cəhətdən qoruyuruq, eləcə də mənəvi cəhətdən də qorumalıyıq”.

Ə.Qəşəmoğlu cəmiyyətdə özünü normal apara bilməyən insanların davranışlarına əsas səbəblərdən  biri kimi telekanallarda bayağı verilişlərin nümayiş olunmasını göstərib:

“O cəmiyyətdə ki, mənəvi dəyərlər öndə olur, mənəvi dəyərlərə üstünlük verilir, həmin cəmiyyət özü-özünü tənzimləyir. O cəmiyyətdə ki, mənəvi dəyərlər başqa dəyərlər vasitəsilə sıxışdırılır o cəmiyyətdə qarşısıalınmaz problemlər yaranacaq. Çox təəssüflər olsun ki, son vaxtlar mənəvi dəyərlər məsələsinə o qədər də əhəmiyyət vermirik. İnsanlar daha çox maddiyyat, özününümayiş dəyərlərinin təsiri altındadılar. Bunda televiziyanın da böyük rolu var. Bir çox insanlar telekanallarda nümayiş olunan bayağı, aşağı mənəvi dəyərə malik verilişlərin təsiri altına düşərək anormal davranışlar edirlər”.

Vəziyyətdən çıxış yolu kimi isə ekspert təhsilin səviyyəsinin daha da yaxşılaşdırılmasını və məktəblərdə şagirdlərin mənəvi-əxlaqi tərbiyəsinə ciddi fikir verilməsini vurğulayır:

“Eyni zamanda təhsilin səviyyəsinin yüksəldilməsinə də ehtiyac var. 40 il, 50 il bundan qabaq yeni nəslin formalaşmasına ailə ilə yanaşı cəmiyyət də kömək edirdi. İndiki dövrdə isə həm ailələrdə, həm də cəmiyyətdə çoxlu gərginliklər var. Belə olan halda təhsil sistemində, xüsusən də orta məktəblərdə şagirdlərin mənəvi-əxlaqi tərbiyəsinə ciddi fikir verilməlidir. İnsanlarda elə mənəvi immunitet yaratmalıyıq ki, zərərli təsirlərə məruz qalmasınlar və doğru yolu seçsinlər”.

Tanınmış həkim-psixiatr, Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçöhri-Lalei bildirib ki, sözügedən məsələdə söhbət seksual pozğunluğu olan şəxsdən gedir:

“Bu eksqibiçionizmdir, yəni, öz cinsiyyət orqanını əks cinsin nümayəndəsinə göstərməklə bundan həzz almaqdır. Bu cür insanlar lap qədim dövrlərdə də olublar. Hətta sovet dövründə Bakıda bir nəfər əynində tək xalatla gəzirdi və qarşısına qız çıxanda xalatın qarşısını açıb ona cinsiyyət orqanını nümayiş etdirirdi. Onu bir neçə dəfə möhkəm döydükdən sonra bu vərdişindən əl çəkdi.

Yəni, az da olsa seksual pozğunluğu, eləcə də psixi xəstəliyi olan insanlara rast gəmək mümkündür. Bu cür insanlar həkim tərəfindən müayinə olunmalıdır və psixi xəstəliyi olan şəxslər mütləq müalicə almalıdılar.

Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Ola bilsin şəxs psixi cəhətdən sağlamdır, lakin seksual pozğunluğu var. Ya da ola bilər ki. insan psixi xəstədir (məsələn, şizofreniya) və cinsi pozğunluq onun xəstəliyinin təzahürlərindən biridir. İlk halda həkim həmin insanla psixoloji söhbətlər edərək, tərbiyələndirici iş apararaq onun seksual pozğunluğunu aradan qaldırmasına kömək etməlidir. İkinci halda isə ciddi müalicə tələb olunur”.

Ümumiyyətlə isə, bu və ya digər formada seksual pozğunluğun demək olar ki, bütün insanlarda olduğunu deyən Mərkəzin direktorunun sözlərinə görə, sadəcə bir çoxunda bu zəif formada olur, nə özünə, nə də cəmiyyətə heç bir zərəri dəymir:

“Digərlərində isə bu, daha ciddi formada nəzərə çarpır. Cinsiyyət orqanının nümayiş etdirilməsi həmin insanın özünütəsdiq formasını, eləcə də öz gücünə inamsız olmasını, güclü kompleksə malik olmasını, psixoloji yetişmədiyini, əks cins ilə əlaqə yaratmaqda çətinlik çəkdiyini göstərir”.

Belə çıxır ki, hamısını olmasa da, cəmiyyətdə özünü normal apara bilməyən bir çox insanlara sadəcə rəhm etmək lazımdır. Çünki onlar psixoloji xəstəlikdən əziyyət çəkirlər. Lakin bu heç də o demək deyil ki, onlara nə istədiklərini etməyə göz yummaq lazımdır. Əlbəttə ki, yox. Bu cür halların baş verməməsi üçün aidiyyəti qurumlar tərəfindən ciddi tədbirlər görülməli, lazım gələrsə qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Əks halda ictimai yerlərdə əxlaqsız hərəkət edən və bununla da ətrafdakılara zərər vuran insanların sayı artacaq.

Babək Cahandarov, Timur Rzayev

Paylaş:
2436

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər