Elçin Əhmədov: Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edir

16:43 - 29 / 11 / 2018
Elçin Əhmədov: Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edir

2014-cü il dekabrın 26-da Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılan və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilən erməni hərbiçi Arsen Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət edib.

Eyni zamanda, Arsen Baqdasaryan Azərbaycan KİV-lərinə müsahibəsində bildirib ki, ona hərbçi olmasına baxmayaraq saxlanıldığı müddətdə heç kim işgəncə verməyib və nəyisə açıq şəkildə söyləməyə məcbur edilməyib. Ancaq Ermənistan rəhbərliyi “hamının hamıya” təklifini qəbul etmək istəmir, bununla da bütün imzalanmış sənədləri, xüsusilə, beynəlxalq hümanitar hüququ pozmaqda davam edir.

Bu fikirləri 1news-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirm Şurasının sədri Elçin Əhmədov bildirib.

“Ancaq məlum olduğu kimi, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etməyə gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürülüb, Həsən Həsənov isə güllələnərək öldürülüb. Daha sonra Dağlıq Qarabağdakı separatçı  rejimin "məhkəməsi" 2014-cü dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrumedilməsi barədə "hökm" çıxarıb. Bu addım Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, bütün beynəlxalq humanitar hüquq normalarını pozduğunu göstərir”, E.Əhmədov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamının hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərib:

“Belə ki. Azərbaycan dövləti BMT-nin Baş katibinə, qurumun İnsan hüquqları üzrə Ali komissarına, Qaçqınların İşləri üzrə Ali komissarına, Qızıl Xaç Komitəsinə, ATƏT-in Baş katibinə müraciətlər ünvanlayıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2016-cı ilin 29 aprel tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və girov götürüləcək şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif etmişdir”.

E.Əhmədov hesab edir ki, Ermənistan rəhbərliyinin bu addımı, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman səsləndirdiyi mövqeyə və humanitar fəaliyyətə məhəl qoymadığını göstərir:

“Çünki, 2010-cu il oktyabrın 27-də Rusiya Prezidentinin dəvəti ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Həştərxanda görüşüb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini, perspektivlərini hərtərəfli müzakirə ediblər. Prezidentlər digər məsələlərlə yanaşı, 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış birgə bəyannamənin müddəalarını təsdiqləyərək vurğulayıblar ki, münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi atəşkəs rejiminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmlənməsi üçün səylərin davam etdirilməsini tələb edir. Bu məqsədlə Azərbaycan və Ermənistan prezidentləri birinci addım kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterini nəzərə alaraq, gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəliblər.

Bununla yanaşı, 2014-cü il ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda digər məsələlərlə yanaşı, tərəflər humanitar problemləri 2010-cu ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekun bəyanatının ruhuna uyğun həll etməyə çağırılır. Burada münaqişənin humanitar aspektlərindən söhbət gedirdi, o cümlədən girov və itkin düşmüş şəxslərin taleyinə diqqət çəkilirdi.

Ona görə də Bazel bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinə də bir çağırış kimi qiymətləndiriliməlidir.

Bu baxımdan son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur”.

E.Əhmədov deyib ki, bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri" kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabr ayında isə əvvəlcə Fransa, sonra ABŞ və Rusiyaya bir-birinin ardınca səyahəti, hər şeydən əvvəl, beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyildir:

“Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan yaradılması işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. Yəni, bu cəhdlər Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin tanıdılması səyləri ilə üst-üstə düşür.

Bu kimi addımlarla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ayrı-seçkiyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin öz doğma yurdlarından məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar. Halbuki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar.

Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Bu baxımdan Ermənistan baş nazirinin BMT Baş Assambleyasının 73-cü sessiyasında, son günlərdə isə Paris Sülh Forumunda çıxışı, eyni zamanda  qondarma “DQR”nın 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq, Azərbaycan ərazilərini işğal edib və 26 il əvvəl Xocalı soyqırımını torədib. Tarixən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar oz dogma yurdlarından məcburən koçkün düşüblər.

Son günlərdə isə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın beynəlxalq hüquqa zidd və ermənisayaq movqeyi ilə bir daha öz “səviyyəsini” göstərmiş oldu. O,  keçirilən mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxdığını bildirdi. Onun səsləndirdiyi növbəti bu sərsəm bəyanatı ölkəsinin də ratifikasiya etdiyi Cenevrə konvensiyaları və onun əlavə protokollarına ziddittət təşkil etməklə, beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu gostərir. Ermənistan işgalçılıq siyasəti ilə yanaşı,  bütün beynəlxalq humanitar hüququn prinsiplərini də kobudcasına pozmaqda davam edir”.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər