Bakı metrosunda “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi açılıb

Metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi açılıb.
1news.az-ın məlumatına görə, dekabrın 20-də "Bakı Metropoliteni” QSC “MetroGallery ” layihəsi çərçivəsində daha bir layihə təşkil edib. “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Milli İncəsənət Muzeyi “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Nəriman Nərimanov” stansiyasında Azərbaycanın görkəmli rəssamlarının əsərlərinin reproduksiyaları nümayiş olunur.
Sərnişinləri Azərbaycanın təsviri sənət antologiyası ilə tanış etmək üçün sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsərin reproduksiyaları təqdim olunur. Altı ay müddətində davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılığından nümunələrlə tanış olmaq imkanı əldə edəcəklər. Tamaşaçılar smartfon və ya planşetlərə “QR-Code” proqramı yükləyərək görkəmli rəssamların sənət əsərləri ilə virtual şəkildə də tanış ola bilərlər.
“Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial aksiyalar sırasında “Dünya rəssamları” sərgisi, talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərləri, Azərbaycan filmlərinə həsr olunmuş və Azərbaycanda Xəzər dəniz Gəmiçilik tarixinin 160 illiyini əks etdirən fotosərgilər də yer alıb.
1news.az