“Aclıq” oyunu və yaxud Mehman Hüseynov üzərində qurulan növbəti şou – TƏHLİL

Artıq bir neçə gündür ki, bəzi saytlarda həbsdə olan bloqer Mehman Hüseynovun aclıq aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılır. Onlardan bəziləri Mehman Hüseynovun vəziyyətinin kritik olduğunu yazmaqdan belə çəkinməyib.
Lakin az sonra Penitensiar Xidmət və Ombudsman Aparatı rəsmi məlumat yayaraq deyilənlərin həqiqətə uyğun olmadığını, Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini, səhhətinin isə yaxşı olduğunu bildirdilər.
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.
Bax:
Penitensiar Xidmət: Mehman Hüseynov aclıq aksiyasını dayandırması barədə akta imza atıb
Ombudsman Aparatı: Mehman Hüseynov qida qəbul edir, sağlamlıq durumu normaldır
Bütün bunlar bir daha göstərdi ki, Mehman Hüseynovla bağlı yazılanlar anti-milli şəbəkə və onun xaricdəki havadarlarının Azərbaycana qarşı apardığı növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil.
Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, destruktiv müxalifət ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışır.
25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər.
Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər.
Bütün fəaliyyətini sosial şəbəkələrə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatrımaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilər.
Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.
Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Bax:
Mehman Hüseynov leytenanta xəsarət yetirib, onun barəsində yeni cinayət işi açılıb – RƏSMİ
Hazırda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən anti-milli ünsürlərin apardığı kampaniya və irəli sürdükləri iddialar fiksiyadan başqa bir şey deyil.
Ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı kampaniya aparan bu şəxslər tərbiyə, əxlaq normalarından uzaq olduqlarını bir daha nümayiş etdirdilər.
Bu gün hakimiyyətə qarşı kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlər tərəfindən araşdırmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edir ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.
Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdu olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoruya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü.
Lakin anti-milli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, ölkə daxilində və ölkə xaricində olan bəzi qruplar var ki, onlar məsələnin mahiyyətinin fərqinə varmadan istənilən hadisədən ölkəmizə qarşı istifadə etməyə cəhd göstərirlər:
“Ortalıqda olan simaların kimliyi sübuta yetirdi ki, bu prosesdən kimlər istifadə etməyə çalışır. Eyni zamanda təsadüfi deyil ki, uzun müddət ərzində susan və danışmayan, “Daş yuxular” əsəri ilə Azərbaycana qarşı təxribat törədən erməni yanlısı Əkrəm Əylisli də bununla bağlı danışmağa başladı. Bu insanların mahiyyətinə diqqət yetirsək görərik ki, onlar fəaliyyətlərini eyni bir xəttə üzrə məhz erməni diasporunun, erməni lobbisinin maraqlarına uyğun bir şəkildə həyata keçirirlər.
Azərbaycana qarşı da bu prosesi körükləyən həmin o dairələr, Azərbaycanda korporativ, siyasi maraqları olan qruplardır. Eyni zamanda ölkənin müstəqil siyasət yürütməsini qəbul edə bilməyən, həmçinin regionda Azərbaycanın qonşuları ilə münasibətlərini həzm edə bilməyən ölkələrdir. Bu aspektdən bu təxribatın, ümumiyyətlə, istənilən hadisədən Azərbaycana qarşı istifadə olunması təəccüblü deyil. Çünki bu onların ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdikləri siyasətin tərkib hissəsidir”.
E.Mirzəbəyli bu hadisənin Azərbaycanda ictimai rəyə hər hansı bir formada təsirinin olmadığını da söylədi:
“Çünki biz bu prosesə reaksiya verən qrupların kimliyini bilirik. Onlar uzun müddətdir ki, ayrı-ayrı ölkələrin nüfuz müvəkkilliyi missiyasını yerinə yetirirlər. Bir qrup var ki, bu prosesdən yararlanıb dırnaqarası hüquq müdafiəçisi kimi qrant almağa çalışır. Başqa bir qrup da bərkdən çığırmaqla xaricdəki havadarıarəna müəyən mesajlar vermək istəyir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, həm daxildə, həm də xaricdə bəzi qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün Mehman Hüseynovun həbsindən Azərbaycana qarşı istifadə etməyə, məsələni siyasiləşdirməyə çalışırlar:
“Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkənin qanunları qarşısında tam bərabər məsuliyyət daşıyır. Mehman Hüseynovla bağlı da məsələ araşdırılıb və hüquqi qiymət verilib. Ona görə də, Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsi qətiyyən yolverilməzdir”.
Baş redaktorun sözlərinə görə, Mehmanın həbsinə siyasi don geyindirmək istəyən qüvvələrin məqsədi Azərbaycanda siyasi sabitliyə xələl gətirmək, yerli hüquq-mühafizə orqanlarının çıxardığı qərarlara kölgə salmaq, beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır:
“Bu da mənasız bir şeydir. Azərbaycan hüquqi, demokratik bir dövlətdir. Ölkəmiz ona qarşı yönəlmiş ədalətsiz, qərəzli təsirlərə, qarayaxma kampaniyalarına qarşı hər zaman öz mövqeyini qoyub və bundan sonra da qoyacaq”.
1news.az