Halı pisləşən kişiyə kömək etməyən “təcili yardımla” bağlı açıqlama – VİDEO – YENİLƏNİB

Səhiyyə Nazirliyi bu gün günorta saatlarında baş verən anlaşılmazlığa aydınlıq gətirib.
Bu haqda 1news.az-a Nazirlikdən münasibət bildirilib:
“Nazirliyə 11:35-də çağırış daxil olub, 11:47-də isə hadisə yerinə təcili tibbi yardım maşını gəlib.Sürücü maşının içərisində heç bir tibbi heyət, tibbi personal olmadığı üçün dayanmayıb. Qaraja lazımi ləvazimat götürməyə gedən maşının içində tibb bacısı olmadığı üçün maşın saxlasa da, sürücü o insana heç bir köməklik edə bilməzdi.
Özəl tibb müəssisəsinə məxsus maşın Səhiyyə Nazirliyinə aid deyil. Daha sonra isə təcili yardım maşını gəlib və sözügedən şəxsə lazımi kömək olunub”.
14:50
Paytaxtın Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyiblər.
Azxeber.com xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov sosial şəbəkə hesabında video paylaşaraq bunları yazıb.
“Saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb.
Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə məxsus, biri isə dövlətə məxsus. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Həmin videonu aşağıda paylaşacam. Yol polisi məsələyə qarışdıqdan sonra 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar".
S.Xankişiyeva