İsveçrəli və azərbaycanlı fotoqrafların əsərləri Bakıda sərgilənir - FOTO

İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin "Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgiləri açılıb.
1news.az xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib ki, bu sərgi 2019-cu ildə baş tutan ilk mədəniyyət tədbiridir.
Səfir bildirib ki, yanvar ayı ölkələrimiz arasında diplomatik əlaqələrin inkişafı baxımından da çox məhsuldar olub. Belə ki, Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin arasında ənənəvi görüş keçirilib.
İsveçrəli səfir sərgi ilə bağlı da fikirlərini bölüşüb, deyib ki, bu, bir layihə əsasında ərsəyə gəlib:
“Tədbiri təkcə yaradıcılıq baxımından deyil, həm də Azərbaycan və İsveçrə rəssamlarını bir araya gətirdiyinə görə çox sevdiyini vurğulayıb: “Bu, Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində keçirdiyimiz ilk tədbirdir, birgə layihəyə görə muzeyə və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Daha sonra tədbirdə fotoqraflar Elmar Mustafazadə və Sedrik Kristofer Merkli çıxış edərək sərgilənən əsərlər barədə məlumat veriblər.
Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar.
Qeyd edək ki, hər iki fotoqrafın əsərləri ayrı-ayrı salonlarda nümayiş etdirilir. İsveçrəli fotoqraf əsərləri uca Alp dağlarında fermerlərin qədim ənənəsinin qeyd edilməsinə həsr olunub. “Xestaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız qeyd edilir. Burada pendirin bölüşdürülməsi səhnəsi canlanır.
Fotosərgidə proses şəkillərin dili ilə canlandırılıb: Fermerlər öz yaxınları ilə birlikdə səhər tezdən Bern yaxınlığında yerləşən Yustistalda “Şpixerberq” dağına yollanırlar. Bu isə təxminən 2 saat piyada yoludur. Başqa bir şəkildə səhər saatlarında pendirlərin düzüləcəyi ağac lövhənin hazırlanması prosesi canlanır.
Yustistald vadisindəki 9 Alpda istehsal olunmuş tonlarla pendirin kişilər tərəfindən daxmalardan çölə daşınması, qadınların isə onları diqqətdən keçirib, festival zamanı nümayiş ediləcək deyə, yoxlanılması əks olunub.
Fotoşəkilllərdən birində isə, sarı rəngli, üst-üstə qalanmış iri külçə şəkilli pendirlər əks edilib. Bunlar yerli dillə “Brittlein” adlanan, hər biri 70 kiloqrama və ya 7 buxankaya bərabər pendirlərdir.
Sıradakı son fotolarda isə ərsəyə gətirilmiş pendirlərin insanlara, xüsusilə də festivala qatılmış turistlərə satıldığı səhnələr canlanır.
Azərbaycanlı fotoqraf Elmar Mustafazadə isə el sənətinin yaşadılması səhnələrini canlandırılıb.
Məsələn, Masallıda yaşayan insanların həsir toxuması, digər rəsmdə ağac və metal üzərində oyma və döymə işlərinin aparılması, xalça və palaz toxunması, dulusçuların gildən müxtəlif cür məişət əşyalarının hazırlaması prosesi fotolarda əks olunub.
Hər iki fotoqrafın əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Xatırladaq ki, sərgi fevralın 5-nə kimi davam edəcək.
P.Sultanova