Görkəmli alim, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovun dəfn mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Görkəmli alim, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovun dəfn mərasimi keçirilib – FOTO

16:41 - 01 / 02 / 2019
Görkəmli alim, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovun dəfn mərasimi keçirilib – FOTO

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:

“O, nə edirdisə, hər birini doğma vətəninə, torpağına görə edirdi. Atam bu günədək çox böyük və önəmli işlər görüb. O, hər bir işində yalnız Azərbaycanın gələcəyini və inkişafını düşünərək, bayrağımızın daha da uca zirvələrdə dalğalanmasını arzu edirdi. Son 15 il ərzində onun ən böyük işlərindən biri isə Nobel irsi ilə bağlı idi. Atam, həmçinin əslən Qarabağdan idi və əlindən gələni edirdi ki, dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrənsin. Çox təəssüf ki, atam torpağlarımızın azad olunmasını görə bilmədi, buna baxmayaraq o, həmişə ümid edirdi ki, torpaqlarımızın işğaldan azad olunacağı gün yaxındadır”.

Mərasimdə iştirak edən Xalq artisti Fərhad Bədəlbəyli isə Trend-ə bildirib ki, T.Bağırov layiqli vətəndaşı idi, Azərbaycan üçün çox işlər görüb.

“Qarabağ dərdi onun daim narahat edirdi. Biz onunla həmişə bu mövzuda danışardıq, Toğrul öz yurduna qayıtmağı çox arzulayırdı. Toğrul Azərbaycanı tanıtmaq üçün xaricdən bura çox sayda ziyalı insanları, iş adamlarını gətirirdi. Onlara müvafiq məlumatlar verir, Azərbaycanın necə gözəl ölkə olduğunu göstərirdi. Ümid edirəm ki, Toğrulun gördüyü işlər davam etdiriləcək, çünki o, daim Vətəni üçün çalışıb”.

S.Xankişiyeva

Paylaş:
1290

Son xəbərlər

Bütün xəbərlər