Bakıda sərnişin avtobusu TIR-a çırpıldı: yaralılar var

Bu gün səhər saatlarında Abşeron rayonunda 99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb.
1news.az xəbər verir ki, 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır.
1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.
İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.
1news.az