Azərbaycanda telekanal yayımını dayandırdı – Maliyyə çətinliyinə görə

Bu gün səhər saatlarında "ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz"un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
Məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, bu gün "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib:
“Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib.Tələblərə əsasən, son üç ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİVDF tərəfindən maliyyələşdiriləcək.
Tələblərə cavab verməyən və dövlət tərəfindən maliyyələşdirilməyən qəzetlər isə bunlardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.
S.Xankişiyeva