Respublika ərazisində “Təmiz hava” aylığına start verilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və avtonəqliyyat müəssisələrinin rəhbərlərinə müraciət edib.
İdarədən 1news.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aprelin 28-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirilir.
Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, avtomobillərin yanacaq sistemi tənzimlənib saz vəziyyətə gətirildikdən və xaric olan qazların tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra onların istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən olunan ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
1news.az