Mart ayında 16 ədəd mina və 463 PHS zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin mart ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb.
Aparılmış əməliyyatlar nəticəsində 463 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina (cəmi 479 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 475 nəfər əməliyyat heyəti, 132 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 533,435,430 m² (53,343.5 ha) ərazi təmizlənib, 802,894 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Məlumata görə, mart ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rayon Polis Şöbələrindən (RPŞ) - 3 (üç), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) müraciət daxil olub.
Müraciətlər əsasında 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Sumqayıt və Naftalan şəhərləri ərazisində 71,640 kv.m ərazi yoxlanılıb, 331 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 2 ədəd tank əleyhinə mina (cəmi 341 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
1news.az