Rüfət Axundova qadağa qoyuldu, səs rejissoru və aparıcı işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüfət Axundova qadağa qoyuldu, səs rejissoru və aparıcı işdən çıxarıldı

11:52 - 08 / 04 / 2019
Rüfət Axundova qadağa qoyuldu, səs rejissoru və aparıcı işdən çıxarıldı

Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.

1news.az ONA-ya istinadla xəbər verir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək.

MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R.Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.

Qeyd edək ki, aprelin 5-də "Space" TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.

Başqa xəbərə görə, "Hər səhər" verilişində yaşanan qalmaqal bir çox əməkdaşın işdən uzaqlaşdırılmasına səbəb olub. Axşam.az-ın xəbərinə görə, ötən gün verilişin səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.

Bu gün isə verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməkdar artist Çingiz Əhmədov aparıb.

Xatırladaq ki, Anar eyni zamanda "Space" radioda "Yanar saat" verilişinin aparıcısıdır.

Qeyd edək ki, MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

1news.az

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər