İstifadəyə yararsız 400 kiloqram ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, növbəti belə tədbir Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.
Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan 400 kiloqram mal əti aşkarlanaraq götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
1news.az