Bakılı məktəblilər ulu öndərin doğma yurdu Naxçıvana səfər ediblər – VİDEO

Mayın 4-də Bakı şəhər Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin bir qrup müəllim və şagird heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Şərqin qapısı olan Naxçıvana səfər ediblər.
1news.az-ın məlumatına görə, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, hava limanında olan zaman şagirdlər ümumilli lider Heydər Əliyevin sevdiyi “Azərbaycan” şeirindən misralar səsləndirməklə fleşmob ediblər. Sərnişinlər şagirdlərin bu addımını alqışlarla qarşılayıblar.
Naxçıvana səfər çərçivəsində qonaqlar əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzində olublar. Burada onlara Mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, Mərkəz həm ölkəmizdə, həm də bütün dünyada yuxarı tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasında mühüm rol oynayır.
Bakılı məktəblilər Mərkəzdə yaradılan şəraitlə və palatalarla yaxından tanış olublar.
Sonra qonaqlar Dövlət Bayrağı Muzayində olublar. Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Muzeyin ekspozisiyasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerbləri və inzibati xəritələri sərgilənir.
Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları məktəblilərdə böyük maraq doğurub.
Daha sonra Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və gənclər və idman naziri Azər Cabbarov bakılı məktəblilərlə görüşüblər. Görüş zamanı onlar gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Ölkəmizdə dövlət gənclər siyasətinin icrası məqsədilə bir çox mühüm işlərin görüldüyünü, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, elmli olmaları üçün vacib addımların atıldığını söyləyiblər. Qeyd olunub ki, hər bir gənc onun üçün yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalıdır.
Sonra bakılı məktəblilərə Naxçıvanın məhsullarından ibarət hədiyyələr təqdim olunub.
“Görüş yeri” kafesində milli mətbəximizin ləziz təamları ilə nahar edən məktəblilər günün ikinci yarısında Heydər Əliyev Muzeyində olublar. Onlar muzeyin fonduna baxış zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əkst etdirən eksponatlarla tanış olublar.
Məktəblilərin növbəti dayanacağı Mömünə Xatun türbəsi olub. Məlumat verilib ki, Əcəmi memarlıq məktəbinin şah əsəri, orta əsrlər Azərbaycan intibahının yadigarı olan türbə 1186-cı ilə tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Mömünə Xatun türbəsi yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir.
Qonaqlar Naxçıvan Şahmat Mərkəzi ilə də tanış olublar. Onlara məlumat verilib ki, mayın 1-dən Mərkəzdə “Naxçıvan-2019” beynəlxalq şahmat festivalı keçirilir. Festival may ayının 10-na qədər davam edəcək.
Sonra məktəblilər Naxçıvan şəhərində açıq səma altında yerləşən “Döyüş şöhrəti” muzeyini ziyarət ediblər. Burada nümayiş olunan müxtəlif dövrlərə aid silah, texnika və qurğular, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi təyinatlı avtomobillər qonaqların diqqətini cəlb edib.
Sonra Naxçıvan Dövlət Universitetinin qonağı olan məktəblilər universitetlə yaxından tanış olublar.
Məktəblilər Naxçıvan Biznes Mərkəzinə də baş çəkiblər. Məlumat verilib ki, burada yerli alə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar trəfindən hazırlanmış əl işləri, rəsm əsərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.
Bakılı məktəblilər Naxçıvandan böyük təəssüratla qayıdıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 1news.az-a açıqlamasında səfərin əhəmiyyətindən danışaraq bildirib ki, səfər zamanı müəllim və şagirdlər Heydər Əliyev Muzeyində, Bayraq Meydanında, ali təhsil ocaqlarında, Mömünə xatun türbəsində, Zəfər Parkında, Duzdağ istirahət mərkəzində ekskursiyada oldular. Məqsəd ondan ibarət idi ki, şagirdlər ulu öndərin dünyaya göz açdığı diyarı öz gözləri ilə görsünlər, Heydər Əliyev Muzeyində ulu öndərə məxsus əşyalarla, onun həyat yolu ilə yaxından tanış olsunlar.
R.Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu da qeyd edib:
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Dövlət Miqrasiya Xidmətində şahmat turnirinin final mərhələsidir. Bundan əvvəl belə bir turnir Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları arasında təşkil olunub. Eyni zamanda alpaqut idman növü üzrə Bakı şəhər açıq çempionatı, Sərhədçi İdman Kompleksində yeniyetmələr arasında cüdo turniri təşkil olundu.
Bu gün də ümummilli liderin xatirəsinə həsr olunmuş müxtəlif idman növləri üzrə silsilə tədbirlər, eləcə də məktəblilər arasında inşa yazı və rəsm müsabiqələri keçirilir”.
1news.az