“McDonald’s Azərbaycan” xüsusi qayğıya ehtiyacı olan uşaqları təbrik etdi - FOTO - VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “McDonald’s Azərbaycan” kollektivi ənənəyə sadiq qalaraq xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlarla görüşərək onların bayramını təbrik edib.
1news.az-ın məlumatına görə, “McDonald’s” şirkətinin fəlsəfəsində öncül amillərdən biri uşaqlara dəstəkdir və məhz buna görə “McDonald’s” Azərbaycanda fəaliyyətə başladığı ilk gündən indiyədək daim xüsusi diqqətə ehtiyacı olan uşaqların yanında olaraq öz qayğı və məhəbbətini onlarla paylaşır. Beləliklə, “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarı şirkətin siyasətində hər zaman əsas çağırışlardan biri olaraq qalır.
Şirkətin kollektivi bu dəfə 3 saylı uşaq evinin uşaqlarını öz restoranına dəvət edib. Uşaqlar gözəl vaxt keçirməklə yanaşı, “McDonald’s”-dan hədiyyələr əldə ediblər. Eyni zamanda “McDonald’s” restoranlarının müştərilərinin dəstəyi sayəsində ianələrdən toplanmış 8900 AZN məbləğində simvolik qəbz 3 saylı uşaq evinin direktoruna təqdim olunub.
“McDonald’s Azərbaycan” kollektivinə bu dəfə Azərbaycanın əməkdar artisti, “Parni iz Baku” komandasının üzvü, naşir Bəhram Bağırzadə də qoşulmuşdu. “Bəhram dayı” uşaqlarla xoş vaxt keçirdi və onlara müəllifi olduğu maarifləndirici kitablar toplusunu hədiyyə etdi. Azərbaycan və paytaxt Bakı şəhəri haqqında maraqlı faktlar, onun tarixi, mədəniyyəti, sakinlərindən bəhs edən rəngarəng kitablar uşaqların böyük marağına səbəb oldu.
“Bəhram dayı” bu gün haqqında fikirlərini bizimlə də bölüşdü: “Uşaqların üzündə gülüş və sevinc görmək məni xoşbəxt edir. Buna görə də öz sevgi və qayğımı balacalarla paylaşmaqdan doymuram. İstəyərdim ki, onlar ölkəmizin tarixi, mədəniyyəti ilə daha çox maraqlansın və onu tanısın”.
“McDonald’s Azərbaycan” xeyriyyəçilikdə daimi dəstəyinə görə müştərilərinə təşəkkürünü bildirir və arzu edir ki, dünyanın bütün uşaqları xoşbəxt və firavan böyüsün.
1news.az