ABŞ-ın radio proqramında Donald Trampın Azərbaycan Prezidentinə məktubunun əhəmiyyətindən danışılıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın radio proqramında Donald Trampın Azərbaycan Prezidentinə məktubunun əhəmiyyətindən danışılıb

22:18 - 20 / 05 / 2020
ABŞ-ın radio proqramında Donald Trampın Azərbaycan Prezidentinə məktubunun əhəmiyyətindən danışılıb

ABŞ-ın nüfuzlu Con Batçelor Şou radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferin müsahibəsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, müsahibənin əsas mövzusu ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu olub.

Əvvəlcə jurnalist regionda və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair məlumat verib, ölkəmizin virusla mübarizə üçün tibbi avadanlıq və lazımi texnologiyaya malik olmasından bəhs edib. Daha sonra Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib və ABŞ Prezidenti Donald Trampın məktubunu dinləyicilər üçün səsləndirib.

Jurnalist Azərbaycanın regionda sülh və tolerantlıq nümunəsi olduğunu qeyd edib.

Prezident Trampın məktubunun əhəmiyyətini qeyd edən səfir E.Süleymanov bildirib ki, burada Azərbaycanın suverenliyi və müstəqilliyinə güclü dəstək ifadə olunması Azərbaycanın regionun sözün əsl mənasında suveren və müstəqil ölkəsi kimi tanındığının daha bir göstəricisidir. Bütün dünya ölkələrinin çətinliklərlə üzləşdiyi bir dövrdə Tramp administrasiyasının beynəlxalq münasibətlərin vacib aspektlərinə fokuslanması və Azərbaycanla tərəfdaşlığı dəyərləndirməsi təqdirəlayiqdir. Terrorizmlə mübarizə, enerji şaxələndirilməsi, təhlükəsizlik, daha yaxşı cəmiyyətin qurulması sahəsində 30 ildir davam edən Azərbaycan-ABŞ əməkdaşlığı və bu sahədə gələcəyə inam olduqca vacibdir mesajdır.

Jurnalist Azərbaycanın vacib geostrateji ərazidə yerləşməsinə toxunaraq, ABŞ-ın ölkəmizi hər zaman kömək əlini uzadan, regionda sülhə can atan tərəfdaş kimi görməsinə diqqət çəkib. O, Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü zamanı ABŞ-ın Silikon Vadisində yerləşən CİSCO beynəlxalq rabitə şirkətinin vasitələrindən istifadə etməsinə, həmçinin Qoşulmama Hərəkatının və Avropa İttifaqının onlayn görüşləri zamanı bu texnologiyaya üz tutulmasına toxunub. Professor Şeffer Prezident D.Trampın məktubunun onun əsl müttəfiqlərə dəyər verən daha geniş siyasətinin tərkib hissəsi olduğunu bildirib, Azərbaycanın ABŞ üçün hər zaman güvənilən tərəfdaş olduğunu qeyd edib. B.Şeffer ölkəmizin regionun sürətlə inkişaf edən ölkəsi olmasını və bir sıra ölkələrdə sərmayələr yatırmasını müsbət dəyərləndirib. O, Türk Şurası ölkələri arasında əməkdaşlığın regiondaxili inteqrasiyadan xəbər verdiyini diqqətə çatdırıb.

Səfir Süleymanov Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilən onlayn görüşünə toxunaraq pandemiyanın davam etdiyi dövrdə belə Azərbaycanın sülh cəhdlərinin davam etdiyini bildirib. Ölkəmizin hər zaman sülhün tərəfində olmasına, regional tərəfdaşlığı təşviq etməsinə baxmayaraq, Ermənistanın davamlı olaraq təkliflərdən imtina etməsi və özünü təcrid yolunu seçməsinə toxunub, Ermənistanın etnik streotiplərə söykənən siyasətindən əl çəkmədiyini qeyd edib.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7586296-potus-trump-embraces-azerbaijan-and-the-search-for-peace-in-nagorno-karabakh-profbshaffer-fdd internet səhifəsindən tanış olmaq mümkündür.

S.Xankişiyeva

 

Paylaş:
1264

Son xəbərlər

Bütün xəbərlər