Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Şuşada keçirilən saxta “andiçmə mərasimi” | 1news.az | Xəbərlər
Siyasət

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Şuşada keçirilən saxta “andiçmə mərasimi”

18:30 - 21 / 05 / 2020
Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Şuşada keçirilən saxta “andiçmə mərasimi”

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması erməni işğalçılarının Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirdiyi saxta “andiçmə mərasimi” ilə bağlı bəyanat yayıb.

İcmanın üzvü, Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleymanın AZƏRTAC-a təqdim etdiyi bəyanatın mətnində bildirilir ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxta Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma qurum tərəfindən saxta “prezident seçkiləri”nin keçirilməsi və daha sonra mayın 21-də Şuşada “andiçmə mərasimi”nin planlaşdırılması beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə təhdid, Azərbaycana qarşı təxribatdır.

Bəyanatda vurğulanır ki, artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu “seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma “Dağlıq Qarabağ respublikası”nı və buradakı “seçkiləri” tanımadığını bəyan edib. Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA kimi beynəlxalq təşkilatlar, nüfuzlu KİV-lər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə, sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirib. “Yalnız Ermənistan rəhbərliyi, qondarma rejimlər və erməni lobbisi tərəfindən dəstək görən, heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan işğalçı rejim və onun burada təşkil etdiyi saxta “seçkilər” beynəlxalq hüquqa ziddir”, – deyə Azərbaycan icması vurğulayıb.

Bəyanatda daha sonra qeyd olunur: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə aparılan danışıqlara böyük zərbə olan bu addım qarşı tərəfin əsl niyyətini üzə çıxararaq münaqişənin nizama salınmasında maraqlı olmadığını bir daha göstərmiş olur. Qanunsuz parlament tərəfindən saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüququn normalarına hörmətlə yanaşmağa məcbur etməlidir”.

Azərbaycan icmasının nümayəndələri sonda bildiriblər: “Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta “prezident seçkisi”nin keçirilməsi və “andiçmə mərasimi”nin təşkili yolverilməzdir. Biz, BƏƏ-də yaşayan azərbaycanlılar bunu işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla dinc insanların qatili olan separatçı rejimin və işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirərək, bu təxribatçı, eləcə də cinayətkar əməlləri kəskin şəkildə pisləyirik”.

S.Xankişiyeva

 

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər