“Cənab Prezident, müdrik qətiyyətinizlə Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz” – Prezidentə yazırlar
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Abdurrahim Qarayevdən, Yevlax, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən azərbaycanlı şagird olaraq Vətənimlə, Sizinlə fəxr edirəm. Sizin bütün vətəndaşların, o cümlədən məktəblilərin qayğısına qalmağınız bizlərə olan sevginin göstəricisidir.
Koronavirus pandemiyası ilə bağlı yürütdüyünüz siyasət nəticəsində Azərbaycan digər ölkələrə nisbətən daha az itkilər verir.
Sizə bütün işlərinizə görə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi, Sizi, xalqımızı qorusun”.
Eldar Sultanov, Məmmədova Günel və Quliyeva Dilarə, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Pandemiya dövründə xalqımızı qorumaq üçün vaxtında gördüyünüz tədbirlərə, bizə yardım edilməsinə tapşırıq verdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk.
Sizi sevirik və hər zaman dəstəkləyirik. Evdə qalan, işə gedə bilməyən insanların bu çətin günlərdə maddi yardım və sovqatlarla təmin olunması böyük bir qayğının göstəricisidir. Biz də bu qayğını görən insanlardanıq. Bu işlərdə Heydər Əliyev Fondu da öz köməyini əsirgəmir.
Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi güclü, qüdrətli Prezidenti var. Allah Sizi və ailənizi qorusun. Hər zaman Sizinləyik”.
Adil Ağayevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Möhtəşəm siyasətinizin nəticəsi və bəhrəsidir ki, dünyada geniş yayılan bu bəla ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır.
Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq”.
Elxan Nuriyevdən, Bakı, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Mənim 16 yaşım var, orta məktəb şagirdiyəm. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, ulu öndər Heydər Əliyev və Siz müdrik qərarlarınızla və siyasətinizlə Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyan taleyüklü məsələlərin həllinə nail olmusunuz. Məktəblərdə müəllimlər və şagird dostlarım bütün bunlarla bağlı ağızdolusu danışırlar. COVID-19 pandemiyasını da bu cərgəyə aid etmək olar. Sizin Sərəncamlarınız, tapşırıqlarınız, çağırışlarınız hesabına bu xəstəliklə hələ ki, layiqli mübarizə aparırıq və qalib gələcəyimizə böyük inamımız vardır.
Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Sizə təşəkkür edirəm. Bu dərslər mənim üçün çox vacibdir. Orta və ali məktəb arasında keçid mərhələsində olduğumdan təhsilimdə yarana biləcək böyük fasilə mənim gələcəyimə mənfi təsir göstərə bilər. Ona görə də, onlayn dərslərə daha məsuliyyətlə hazırlaşıram.
Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”.
Aybəniz Zülfiqarovadan, Şirvan, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Siz müasir Azərbaycanın banisi, memarı, adı və imzası tarixə qızıl hərflərlə yazılmış ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız.
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Hər bir vətəndaşın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçün gördüyünüz tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Bundan əlavə, müxtəlif sahələrdə apardığınız islahatları da dəstəkləyir, bu istiqamətdəki fəaliyyətinizə Sizə uğurlar diləyirəm.
Siz çıxışlarınızda gənclərə dəstək verdiyinizi daim vurğulayır və onların inkişafı üçün geniş imkanlar yaradırsınız. Mən bir gənc olaraq Sizin kimi ədalətli, xalqını sevən, qoruyan liderimiz olduğu üçün sonsuz sevinc, qürur, şərəf hissi keçirirəm”.
Elnur Şəfiyevdən, Hacıqabul, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Bir gənc olaraq, gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atılmış addımların, gördüyünüz qabaqcıl tədbirlərin, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarların xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaradır.
Hörmətli cənab Prezident, dünyanın özü boyda olan nüfuzunuza söykənərək, müdrik qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz. “Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gəncləri ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı, bu milləti düşünürsünüz.
Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm.
Biz Sizinlə fəxr edirik”.
İlqar Əzimovdan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizəyə qalxıb. Dünyaya gələn ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq mən də COVID-19-a yoluxdum. 10 aprel - 9 may tarixlərdə Yeni Klinikada çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı olmuşam. O dövrdə TƏBİB başda olmaqla bütün Yeni Klinika heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bilmişlər. Ayıldıqdan sonra bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası insani münasibətin memarı olan Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və Yeni Klinikaya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir”.
Sahilə Fərmanovadan, Beyləqan, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Dünyanı sarsıdan COVID-19 pandemiyası xalqımız üçün də qorxu yaradırdı. Sizin uzaqgörən siyasətiniz bu qorxunc xəstəliyin sürətlə yayılmasının qarşısına böyük bir sədd çəkdi. Koronovirus pandemiyasına qarşı atdığınız uğurlu addımların nəticəsi göz qabağındadır. Biz böyük müəllim ordusu Sizə güvənir və xalqımızın rifahı naminə bütün sahələrdə apardığınız islahatları ürəkdən bəyənirik. Allah Sizi qorusun”.
Gülnar Bayramovadan, Beyləqan, Azərbaycan
“Cənab Prezident.
Sizin və Mehriban xanim Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik.
Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə tezliklə koronavirus təhlükəsi aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcəkdir. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin”.
Əlimirzə Bəşirovdan, Salyan, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur.
Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram”.
Pərvanə Əliyevadan, Abşeron, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bütün dünyanı bürüyən koronavirus pandemiyasının təsirləri Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə minimum səviyyəyə endirildi. Sizin və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın məqsədyönlü işləriniz sayəsində bu mübarizədən üzüağ, alnıaçıq çıxmaqdayıq. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır.
Xalqımızın sağlamlığını düşünərək “Evdə qal!” çağırışını etdiniz. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatlarının yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi.
Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik.
Cabbar Musayev, Hüseynova Vüsalə və Qasımova Səmərqənd, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk.
Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir.
Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin”.
S.Xankişiyeva