Nəzakət Məmmədova: Avropa Şurası kimi təşkilatlar təzyiq alətinə çevriliblər

Avropa Şurası və digər Qərb təsisatlarının Ermənistana qarşı əməliyyat addımlar atmamasının bir neçə səbəbi var. Bunlar həm həmin təsisatların təbiətindən - onların ikili standartlar prinsipinə əsaslanan fəaliyyəti səbəbindən irəli gəlir, eyni zamanda öz məsuliyyət zonasına aid etdikləri ayrı-ayrı bölgələrdə təsiri altında olduqları güc mərkəzlərinin mövqeyindən çıxış etməsindən, bu zaman beynəlxalq hüququ deyil, öz maraqlarını əsas götürmələrindən irəli gəlir.
Bunu 1news.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Avropa Şurasının və ona yaxın olan təşkilatların Azərbaycana qarşı qərəzli münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, Avropa Şurası və digər bu qəbildən olan regional və beynəlxalq təşkilatlar İkinci Dünya müharibəsi başa çatdıqdan sonrakı dövrdə yaranmış, Qərbin Avropa qitəsində təsir və bəzən də təzyiq alətinə çevriliblər:
“SSRİ-nin süqut etməsindən sonra insan hüquqları, demokratiya, qanunun aliliyi prinsiplərinə əsaslandığını təsbit etməklə postsovet respublikalarını və Mərkəzi, eləcə də Şərqi Avropanın sosialist blokuna daxil olmuş dövlətləri öz çətiri altında birləşdirərək onların demokratiya yolunda irəliləməsinə, insan hüquq və azadlıqları sahəsində tərəqqisinə nail olmasına kömək etmək öhdəliyi götürən Avropa Şurası bu müddət ərzində münaqişə tərəflərinə münasibətdə beynəlxalq hüquq nöqteyi-nəzərindən deyil, daha çox ayrı-ayrı güc mərkəzlərinin, lobbi qruplarının təsiri nöqteyi-nəzərindən yanaşma mövqeyi ortaya qoyub. Ermənistan və Azərbaycan respublikaları arasında Dağlıq Qarabağ bölgəsi uğrunda baş verən münaqişəyə Avropa Şurası tərəfindən indiyədək lazımi hüquqi qiymət verilməyib. Burada həm Avropa Şurasının ikili standartlar prinsipindən çıxış etməsi, həm də erməni lobbisinin və onlara himayəçilik edən Avropa siyasi dairələrinin təsiri öz rolunu oynayır.
N.Məmmədova bildirib ki, Avropa Şurası Qərbin insan hüquqları və demokratiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı olsa da, Avropanın mühüm maraq zonalarından biri olan Cənubi Qafqazda bir dövlətin digərinin ərazisinin beşdən bir hissəsini işğal edərək, bir milyon insanı deportasiya etməsinə, milyonlarla insanın hüquqlarının pozulmasına lazımi hüquqi-siyasi qiymət verməyib:
“Ermənistan Avropa Şurası, BMT, Avropa Birliyi və digər beynəlxalq və regional təşkilatların tələblərini pozaraq istədiyi kimi hərbi-diplomatik addımlar atsa da, ona qarşı nəinki sanksiya, hətta məzəmmətedici tutarlı bir sənəd qəbul edilmir. Məsələn, BMT-nin 4 məlum qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilməyib, “Metsamor” AES-in bağlanması tələbini Ermənistan qulaqardına vurur, məhz həmin Qərbin təşviqi ilə imzalanmış Türkiyə və Ermənistan arasındakı protokollar Ermənistan hökuməti tərəfindən birtərəfli qaydada denonsasiya - ləğv edilir, ölkədə neçə illərdir ki, seçki mühiti olduqca qeyri-demokratik şəraitdə keçirilir və s. Üstəlik, Ermənistan Rusiya və İranla region ölkələri arasında ən yaxın əlaqələr qurur, onun adı sanksiyalar dövründə İran banklarının çirkli pul əməliyyatlarında, qeyri-qanuni silah ticarətində hallanır və s. Ermənistan Türkiyə və Azərbaycanla birgə bir sıra mühüm Qərbyönümlü beynəlxalq layihələrdə iştirak edən Gürcüstanı da bu yoldan çəkindirməyə çalışan, onun İran və Rusiya ilə yaxınlaşması üçün səy göstərən ölkədir”.
Politoloqun sözlərinə görə, Ermənistanın bu addımları birbaşa Qərbin regiondakı maraqlarına zidd olsa da, ona Qərb tərəfdən buna görə heç bir qınaq ünvanlanmır. Ermənistan Qərb tərəfdən təzyiqlərə məruz qalmır, əksinə, xarici yardımlar alır, işğala məruz qalanlarla işğalçı eyni tərəziyə qoyulur:
“Məsələn, rəsmi İrəvan Gürcüstanı özünün İranla sərhədində, Mehri ərazisində fəaliyyətə başlayan azad ticarət zonasından istifadə etməklə İranı əməkdaşlığa təşviq etməyə, İrəvan-Tiflis-Suxumi-Moskva dəmir yol stansiyasının bərpa edilməsinə çalışır. Beləliklə, Gürcüstan Qərbdən uzaqlaşaraq, İran və Rusiyanın təsirinə düşməli və burada əsas vasitəçi Ermənistan olmalıdır. Gördüyümüz kimi, regional sabitliyi pozan, daxildə antidemokratik rejim yaradan, Azərbaycana qarşı işğal faktoru gerçəkləşdirən, soyqırımı həyata keçirən, deportasiyaya yol vermiş Ermənistan Qərb tərəfdən təzyiqlərə məruz qalmır, əksinə, xarici yardımlar alır, işğala məruz qalanlarla işğalçı eyni tərəziyə qoyulur.
Dağlıq Qarabağ bölgəsinin dinc mülki əhalisini buradan qovaraq "təhlükəsizlik zolağı" adı altında ətraf rayonları işğal edən ermənilərə Avropa tərəfindən öz müqəddəratını əyin etməyə çalışan xalq kimi baxılır, Azərbaycan isə ədalətsiz yerə qınağa məruz qalır, ikili standartların təzyiqləri altında sıxışdırılır. Bütün bunların səbəbi ilk növbədə xristian həmrəyliyi olmaqla bərabər, həm Qərbin buradakı geosiyasi maraqları üçün Ermənistanı istifadə etmə planları, eyni zamanda erməni lobbisinin fəaliyyətidir. Avropa Şurasının ermənilərin ən güclü diasporasının olduğu Fransada yerləşməsi də burada öz sözünü deyir.
Artıq onilliklərdir ki, Ermənistana güzəştə getməklərinin nəticəsində təkamül yolu ilə planlarını həyata keçirib onu tam özünə tərəf çəkə bilməyən Qərb burada məxməri inqilab deyilən çevriliş üsuluna əl atdı. Bütün bunlar da əslində, Qərbin burada uzun səriştəsizliyinin, ikili standartı siyasətinin nəticəsidir. Ermənistanın illərdir həyata keçirdiyi işğalını, antidemokratik addımlarını qınamayan Qərb indi məxməri çevrilişi dəstəkləmək məcburiyyətində qalır. Bu isə onun özünün elan etdiyi prinsiplərə özünün əks mövqedə dayanmasının daha bir sübutu oldu”.
B.Cahandarov