Şuşanın erməniləşdirilməsi, Sərsəngin məcrasının dəyişdirilməsi və Gəncəyə raket zərbəsi – separatçıların yeni sayıqlamaları haqqında | 1news.az | Xəbərlər
Siyasət

Şuşanın erməniləşdirilməsi, Sərsəngin məcrasının dəyişdirilməsi və Gəncəyə raket zərbəsi – separatçıların yeni sayıqlamaları haqqında

09:48 - 21 / 08 / 2020
Şuşanın erməniləşdirilməsi, Sərsəngin məcrasının dəyişdirilməsi və Gəncəyə raket zərbəsi – separatçıların yeni sayıqlamaları haqqında

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim təxribatçı bəyanatlarla çıxış etməkdə davam edir.

Separatçı rejimin rəhbəri Araik Arutunyan öz “iqamətgahı”nın işğal edilmiş Xankəndi şəhərindən Şuşaya köçürülməsi planları haqqında bu yaxınlarda səsləndirdiyi bəyanatın ardınca Azərbaycanı Gəncə şəhərini vurmaqla hədələyib və Azərbaycan rayonlarını işğal olunmuş ərazilərdə yerləşən Sərsəng su anbarının suyundan məhrum etmək planları haqqında danışıb.

Xüsusilə, Arutunyan, Azərbaycan tərəfindən Xankəndi şəhərinin vurulacağı təqdirdə, separatçı rejimin “özünümüdafiə qüvvələrinin” mümkün cavab tədbirləri barədə bəyanat səsləndirib: “Əgər Stapenakartə (Xankəndiyə ermilər tərəfindən verilən ad – red.) bir mərmi və ya bomba atmağa cəhd etsəniz, cavabını Kirovabadda (Gəncə - red.) alarsınız”.

Azərbaycan Milli Məclisinin deputatı, tanınmış politoloq Rasim Musabəyov separatçı rejim rəhbərinin sərsəm bəyanatları barədə 1news.az-a öz fikrini bildirib.

- Ermənilər həmişəki kimi yalan danışmağa çalışırlar, əslində isə, Azərbaycan torpaqlarında törətmiş olduqları cinayətlərin qisası gözləntisi ilə qorxu içində yaşayırlar.

İnzibati qurumların Şuşaya köçürülməsi haqqında səsləndirilmiş planlar böyük ölçüdə məhz qorxudan irəli gəlir.

Düşünürəm ki, burada iki məqsəd güdülür.

Separatçılar gözəl başa düşürlər ki, hərbi əməliyyatlar bərpa olunacağı və cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimiz erməni silahlı qüvvələri tərəfindən atəşə tutulacağı təqdirdə, Xankəndidə yerləşən bütün inzibati orqanlar və hərbi obyektlər Azərbaycan ordusunun artilleriyası və reaktiv qurğuları vasitəsilə məhv ediləcəkdir.

Digər tərəfdən, ermənilər düşünürlər ki, “paytaxtın” Şuşaya köçürülməsi layihəsi vasitəsilə yenidən dünya ermənilərinin pulunu cəlb edə və əzəli Azərbaycan torpağı olan Şuşada demoqrafik vəziyyəti necəsə dəyişmək üçün ermənilərin köçürülə biləcəyi “ikinci mərkəz” yarada bilərlər.

“Paytaxtın”, Azərbaycan xalqı üçün mədəni, tarixi və dini baxımdan müstəsna əhəmiyyətə malik Şuşaya köçürülməsi Azərbaycan torpaqlarının işğalını möhkəmləndirmək üçün növbəti cəhddir. 

Ümumilikdə, hesab edirəm ki, separatçı rejimin bu planı fiaskoya uğrayacaq.        

Ermənilərin Gəncəni atəşə tutmasına gəlincə, bu Azərbaycan şəhərinə atılmış hər bir mərminin əvəzini separatçılar yüz qat alacaqlar. Ordumuz separatçıların qondarma paytaxtını yer üzündən silmək iqtidarındadır.

- Hazırkı pandemiya şəraitində bütün dünya ölkələri öz iqtisadiyyatlarını ayaq üstə saxlamağa çalışdığı bir vaxtda Arutunyan Sərsəng su anbarının suyunun məcrasının dəyişdirilməsi ilə bağlı hansısa “əsrin proqramı” haqqında bəyanat səsləndirir və bu proqramın 2035-ci ilədək guya 50 min yeni iş yerinin yaradılmasına və iqtisadi artımın təmin edilməsinə şərait yaradacağından dəm vurur...

- Dağlıq Qarabağda keçirilmiş və dünyada heç kəs tərəfindən tanınmayan “prezident seçkiləri”ndən sonra Arutunyan hər hansı proqramı həyata keçirməyə çalışır. İqtisadi əsaslandırması olan heç bir proqram üçün oyuncaq rejimin pulu yoxdur. Özünü müstəqil elan etmiş qurumun büdcəsinin üçdə iki hissəsi Yerevanın dotasiyaları ilə formalaşır, xarici erməni diasporunun bir vaxtlar sel kimi axan yardımı isə, artıq kiçik çaya çevrilmişdir.

Arutunyan nahaq yerə hesab edir ki, rejimin “paytaxtı”nın Xankəndidən Şuşaya köçürülməsi və ya Sərsəng su anbarının suyunun məcrasının dəyişdirilməsi kimi böyük layihələrlə diasporun maliyyə resurslarını cəlb edə bilər. Münaqişənin həlli ilə bağlı hər hansı irəliləyiş olmadığı, genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsi riskinin yüksək olduğu müddətdə işğal edilmiş Dağlıq Qarabağa xarici mənbələrdən hər hansı əhəmiyyətli sərmayə qoyuluşlarını gözləməyə dəyməz.

- Düzgün istifadə edilməzsə, Sərsəng su anbarı istənilən an bütün region üçün ekoloji təhlükəyə çevrilə bilər. Su anbarının strukturunun dəyişdirilməsi ilə bağlı Ermənistan tərəfindən birtərəfli qaydada həyata keçirilən bütün layihələr ekoloji terror kimi qiymətləndirilməlidir. Niyə beynəlxalq ictimaiyyət bu ağılsızlığı sakitcə müşahidə edir və heç bir sərt tədbirlər görmür?

- Ermənistanın Sərsəng su anbarına münasibətdə hərəkətləri Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarı, dövlət və şəxsi mülkiyyət hüquqlarının pozulması deməkdir.

Azərbaycan torpaqları işğal edildiyi andan etibarən Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, Ermənistan işğal edilmiş ərazilərə yaxın yerlərdə yaşayan Azərbaycan vətəndaşlarını su ehtiyatlarından məhrum edir ki, nəticədə, bu rayonlarda ekoloji vəziyyət son dərəcə korlanmış, bioloji müxtəlifliyə zərər dəymişdir.

Bu fakt Avropa Şurası Parlament Assambleyasının xüsusi qətnaməsində qeyd-şərtsiz təsbit edilmişdir.

Şübhəsiz, su anbarının strukturunun dəyişdirilməsi ilə bağlı bu tədbirlər cinayət kimi təsnif ediləcəkdir. Ermənilərin planlarına mane olmaq üçün Azərbaycan tərəfinin görəcəyi bütün tədbirlər isə, əsaslandırılmış olacaqdır.

Azərbaycan XİN-i bu yaxınlarda verdiyi xüsusi bəyanatında bütün bu məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Yaxşı olardı ki, ermənilər ağıllı davransınlar və xəbərdarlıqlara məhəl qoysunlar. Vəziyyət onsuz da kifayət qədər gərgindir, işğalçının bu təxribatçı hərəkətləri isə, onların qaçılmaz iflasını sadəcə daha da yaxınlaşdırır.

Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, müxalif “Vətən” partiyasının sədri Artur Vanesyan bu yaxınlarda Dağlıq Qarabağda görüşlər keçirmişdir. Separatçı rejimin rəhbəri “Nikol Paşinyanın rəhbərlik etdiyi hazırki Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti şübhə altına qoyan siyasi qüvvələrlə görüşlərin onun üçün qəbuledilməz olduğunu” əsas gətirərək Vanesyanı qəbul etməkdən imtina edib...

- Arutunyan Paşinyanın oyuncağıdır. Əlbəttə ki, Arutunyanın Vanesyanla açıq şəkildə görüşməsi Paşinyana meydan oxumaq kimi qəbul edilə bilərdi.

Arutunyan, təbii ki, bundan ehtiyat etdi və açıq şəkildə öz himayədarına qarşı çıxmadı. Lakin bu o demək deyil ki, Qarabağda Vanesyanla heç kim görüşmədi və ya pərdə arxasında söhbətlər olmadı...

- Məlum olduğu kimi, Gürcüstan Tovuz hadisələrinin qızğın vaxtında Ermənistan üçün nəzərdə tutulmuş Rusiya silahlarının öz hava məkanından daşınmasına icazə vermədi. Necə düşünürsünüz, Gürcüstan hakimiyyətinin bu qərarı nədən irəli gəlir? Bunu, onların özünün də Cənubi Osetiya və Abxaziya münaqişələri kimi oxşar problemlərə malik olması ilə izah etmək olar?

- Gürcüstan öz hava məkanından istifadə edilməsinə ona görə icazə vermədi ki, Ermənistan ərazisində Gürcüstan üçün təhlükə yaradan Rusiya hərbi bazası yerləşir.

Ola bilər ki, bu yaxınlarda Ermənistana çatdırılmış Rusiya silah-sursatının çox hissəsi Ermənistan üçün yox, bu ölkədə yerləşən Rusiya hərbi bazası üçün nəzərdə tutulmuşdur. Rusiya qoşunları isə, Gürcüstan üçün birbaşa təhlükə mənbəyidir. Bu baxımdan, Gürcüstanın bu yükün öz hava məkanından keçməsinə icazə verməməsi, təkcə Azərbaycanla münasibətlərin yaxşı olmasından irəli gəlmir. Fikrimcə, bu daha çox Gürcüstanın öz təhlükəsizliyini qorumaq düşüncəsi ilə atılmış addımdır.

S.Аğayeva

Paylaş:
1159

Son xəbərlər

Bütün xəbərlər