Vüqar Rəhimzadə: Ermənistana dəstək verən dövlətlər işğalçı ilə eyni dəyərləri bölüşdüklərini nümayiş etdirirlər
«44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi- siyasi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatması son 30 ildə ədalət meyarının hansı səbəblərdən maraqların arxasında əriməsinə bir daha işıq salır. Bu baxımdan 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Bu dövrdə kimin haqqın, kimin şərin, kimin dostun, kimin isə düşmənin yanında olduğu bir daha özünü qabarıq şəkildə büruzə verdi».
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
«30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini özünün əsassız torpaq iddiası nəticəsində işğal altında, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistana «gözün üstə qaşın var» deyilməməsinin səbəbi bugünkü reallıqlardan bir daha aydın olur. Belə ki, 10 noyabr üçtərəfli Bəyanatı Avropanın bəzi ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib. Məsələyə ikili standartlarla yanaşma, erməni sevgisi dünya üçün qəbul olunan meyardısa, bu prinsiplərin zamana və məkana görə tətbiqi dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların mövqeyinə inamsızlıq yaratmırmı?»
V.Rəhimzadə qeyd edib ki, Fransa parlamentinin ardınca Niderland parlamentinin belə bir mövqe nümayiş etdirməsi həqiqətən də dünyanın hüquq problemini yaşamasını bir daha ortaya qoyur: «Müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülmüşdür. Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma «Dağlıq Qarabağ respublikası»nın tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və sair kimi cəfəng çağırışlar edən bu layihələrin müəllifləri ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Belə qərəzli addımlar bir daha həmin dairələrin Türkiyənin və Azərbaycanın getdikcə güclənən, sarsılmaz birliyindən narahatlıqlarını göstərir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, son sənədlərdə Tükiyənin adının daha çox yer alması diqqətdən kənarda qalmır.»
«Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunmasına, mülki əhalimizin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyət aparmasına ötən 30 il ərzində susqun mövqe nümayiş etdirən bu dövlətlərin bugünkü yanaşmaları birmənalı qarşılana bilməz» söyləyən baş redaktor qeyd edib ki, ermənipərəst qüvvələrin əlaltılarının cəhdləri nəticəsində noyabrın 17-də Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub: «Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu gündəmə gətirir, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Niderland Hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışsa da belə cəhdlərin davamlı olması ölkələrimiz arasında münasibətlərə mənfi təsir göstərməyə bilməz. Dövlətimizin başçısı İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən də Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdıraraq, parlamentdəki müzakirələr zamanı Niderlandın Xarici İşlər naziri S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında normal əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdır.»
V.Rəhimzadə qeyd edib ki, atdığı addımların fərqinə varmadan daim xaricdəki ermənipərəst dairələrdən özünə diqqət və qayğını görən Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibə dövründə xarici mətbuata müsahibələrində bir qayda olaraq beynəlxalq hüquqla bağlı sualların qarşısında çaşqın qalaraq, heç nədən çəkinmədən beynəlxalq hüququn mövcudluğuna şübhə ilə yanaşaraq gülümsəməsi dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesaj idi: «Məhz bu təbəssümün, gülüşün arxasında nələrin dayandığı istər son 30 ildə, istərsə də 10 noyabr Bəyanatından sonra bəzi Avropa ölkələrinin tutduqları mövqedən bir daha aydın görünür. Hər zaman qeyd etdiyimiz kimi, Ermənistana dəstək verən dövlətlər belə addımları atmaqla həm öz maraqlarını reallaşdırmaqda işğalçı ölkədən bir vasitə kimi istifadə etdiklərini, həm də eyni dəyərlərə malik olduqlarını nümayiş etdirirlər. Bu gün Niderlandın timsalında bunu aydın şəkildə görmək mümkündür. Bircə faktı qeyd etmək kifayətdir ki, Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırımına məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır.»
Baş redaktor bildirib ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq Naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdikləri ideologiyanın müəyyən etməsi təəssüf doğurur: «Görəsən Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl gətirmirlərmi? Belə addımları ilə Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına almırlarmı? Beynəlxalq hüququn ayaqlar altına atılması dünyanın nüfuzlu dövlətlərini niyə narahat etmir? Maraqlara son qoyub, ədaləti müdafiə etmək zamanıdır. Necə ki, Azərbaycan 44 gündə bu mesajı dünyaya ünvanlamaqla yanaşı, işğal olunmuş ərazilərimizdə beynəlxalq hüququ bərpa etdi».
1news.az