Siyasi dialoqun Azərbaycan modeli: milli birlik və əməkdaşlıq – TƏHLİL
Ölkənin inkişafını şərtləndirən əsas amillərdən biri də siyasi partiyalar arasında dialoq mühitinin, müxtəlif məsələlərdə əməkdaşlığın, ümummilli məsələlərdə birliyin və həmrəyliyin olmasıdır.
Təəssüf ki, keçən əsrin 90-cı illərində ölkəmizdəki mövcud siyasi dairələr və təşkilatlar arasında münasibətlər elə də yüksək səviyyədə deyildi. Yüksək vəzifə tutanların əksəriyyəti şəxsi maraqlarını güdürdü, ölkədə pərakəndəlik, özbaşınalıq hökm sürürdü. Ölkəyə rəhbərlik edən şəxslər çətin sınaqla üz-üzə qalan xalqı öz ətraflarında bir yumruq kimi birləşdirə bilmədilər. Bütün bunların nəticəsində Birinci Qarabağ müharibəsində məğlub olaraq ərazilərimizin böyük bir hissəsini itirdik.
Hazırda ölkəmizdə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi aparılır. Bütün bunlar ölkəmizdə yeni bir mühitin formalaşdığını göstərir.
Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində maraqlı olmasından xəbər verir. Sözügedən şöbənin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür.
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlərdə ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır, hakimiyyət və siyasi partiya təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyi bildirilir. Artıq siyasi partiyalar ümummilli məsələləri müzakirə edir, vahid mövqe ortaya qoyurlar.
Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Sözügedən hal bilavasitə demokratik münasibətlərin təzahürüdür.
Prezident İlham Əliyev də ölkədəki siyasi partiyalar arasında əməkdaşlığın güclənməsindən, dialoq mühitinin inkişafından məmnunluğunu ifadə edib. Dövlət başçısı 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı qeyd edib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz:
“Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
İkinci Vətən müharibəsi zamanı xalqımızın, fərqli mövqeyi olan siyasi partiyaların ümummilli məsələ ətrafında bir yumruq kimi necə birləşdiyinin, vahid mövqedən çıxış etdiyinin bir daha şahidi olduq. Məhz bu birliyimiz, həmrəyliyimiz sayəsində 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı işğaldan azad etdik, Azərbaycanın necə güclü, qüdrətli bir dövlət olduğunu, xalqımızın isə milliyətindən, dinindən, siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq milli maraqlar ətrafında yumruq kimi birləşdiyini, həmrəy olduğunu bütün dünyaya nümayiş etdirdik.
Prezident İlham Əliyev də 2021-ci il yanvarın 7-də keçirilən və 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni həm də ölkəmizdə siyasi birliyin bərqərar olması ilə əlaqələndirib:
“Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”.
Prezident qeyd edib ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq istəyirik. “Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur”, – deyə Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı bu il martın 9-da “Tvitter” səhifəsində etdiyi paylaşımda ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. “Ölkəmizin siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” – deyə, dövlət başçısı vurğulayıb.
Siyasi ekspert, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini şərtləndirən əsas amillərdən biri də xalqın vahid mövqedən çıxış etməsi və partiyalar arasında siyasi dialoqun dərinləşməsi oldu:
“Məlum olduğu kimi Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və bu kontekstdən aktiv şəkildə siyasi partiyalarla əlaqələrin qurulması və siyasi dialoqun dərinləşdirilməsi istiqamətində addımlar atılmağa başlandı. Bütün bu addımların nəticəsi özünü İkinci Qarabağ savaşı zamanı da büruzə verdi, Azərbaycanda heç zaman olmadığı kimi vahid bir mövqe ortaya qoyuldu, cüzi istisna olmaq şərtilə Azərbaycanın bütün siyasi partiyaları Ali Baş Komandanın ətrafında birləşdiklərini və ölkənin ərazi bütövlüyü uğrunda aparılan bu haqlı savaşı dəstəklədiklərini bəyan etdilər”.
E.Mirzəbəylinin sözlərinə görə, əslində bu yanaşma, bu mövqe Azərbaycanda son illər ərzində əldə olunan ən böyük uğurlardan biri hesab oluna bilər:
“Bu prosesin davamlı olduğu artıq göz qabağındadır. İntensiv şəkildə tək siyasi partiyalarla deyil, bütövlükdə Azərbaycanda siyasətində aktiv şəkildə iştirak edən istənilən şəxslərlə, o cümlədən siyasi ekspertlərlə və politoloqlarla mütəmadi olaraq dialoq aparılır. Bu baxımdan hesab edirəm ki, həyata keçirilən bu addımlar ölkədə gerçəkləşdirilən siyasi islahatların tərkib hissəsi kimi çox böyük əhəmiyyətə malikdir və Azərbaycanda siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
1news.az