1918-ci ildə törədilən soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən cinayətlərin tərkib hissəsidir | 1news.az | Xəbərlər
Siyasət

1918-ci ildə törədilən soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən cinayətlərin tərkib hissəsidir

13:05 - 31 / 03 / 2021
1918-ci ildə törədilən soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən cinayətlərin tərkib hissəsidir

Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Bu fikirləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

Bununla yanaşı, Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Kürəkçay müqaviləsindən sonra yəni, 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.

Azərbaycanın bölüşdürülməsi haqqında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsinin iştirakçısı, o vaxt Rusiyanın İrandakı səfiri olan rus yazıçısı A.Qriboyedov yazır ki, köçürülmüş ermənilərin əksəriyyəti müsəlman (azərbaycanlılar nəzərdə tutulur – E.Ə.) mülkədarlarının torpaqlarında yerləşdirilmişdir. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

1828-ci il fevralın 10-da Azərbaycanın bölüşdürülməsi haqqında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinin iştirakçısı və təşkilatçısı olan rus yazıçısı, o vaxt Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov bu müqavilənin ayrı-ayrı maddələrinin irəli sürülməsində mühüm rol oynamışdır. Müqavilənin 4-cü və 13-cü maddələri Qriboyedov tərəfindən “yaxşılaşdırılmış“, 14-cü maddə isə genişləndirilmişdir. Tarixi ədəbiyyatda 12, 14, 15-ci maddələrin müəllifi A.S.Qriboyedov sayılır. Bundan əlavə, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Bu köçürülmə prosesinin davamı olaraq 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 85 min erməni köçürülmüşdür.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil və onlar buraya bizim tərəfimizdən köçürülmüşlər”.

Qeyd etmək lazımdır ki, ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar.

Bununla yanaşı, ermənilərin köçürülməsi hesabına İrəvan quberniyasında da demoqrafik vəziyyət dəyişdi. Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2%-i). Erməni tədqiqatçısı Zaven Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar. 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur.

Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar.

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti

Ermənilərin köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmiş, nəticədə onların Cənubi Qafqazda süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Erməni millətçiləri tərəfindən 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Şuşada, Gəncədə, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu.

Bu səbəbdən, 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə bolşevik maskası geyinmiş Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 10 minə yaxın idi. Şaumyanın başçılığı ilə 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı əsl soyqırımı törədildi. Belə ki, həmin il martın 30-da silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Eyni zamanda, 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Hər üç Cənubi Qafqaz Respublikasının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması Qarabağ məsələsini gündəlikdən çıxarmadı.

1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.

Ermənistan tarixçilərinin, siyasətçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda “Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” əvəzinə, “Azərbaycan SSR-ə verilsin” yazılardı. Nəticədə Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur.

Sovet dövründə - 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haq-qında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə, Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə repatriasiya adı ilə Ermənistan SSR-dən planlı şəkildə deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər.

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə, İttifaqın müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Yalnız, XX əsrin sonunda ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Azərbaycan Respublikası 1996-cı il mayın 31-də adıçəkilən Konvensiyaya qoşulmuşdur.

30 ildən çox davam edən və bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən keçən 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən artıq qadın və 30-dan çox uşaq yaralanıb.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını 44 gün ərzində darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı.

Azərbaycan Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Azərbaycan Prezidenti bildirmişdir ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
329

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər