Qədim dövrdən başlayaraq Zəngəzur tarixi. Biz onun haqqında nə bilirik? – I HİSSƏ | 1news.az | Xəbərlər
Siyasət

Qədim dövrdən başlayaraq Zəngəzur tarixi. Biz onun haqqında nə bilirik? – I HİSSƏ

S.Xankişiyeva15:45 - 04 / 05 / 2021
Qədim dövrdən başlayaraq Zəngəzur tarixi. Biz onun haqqında nə bilirik? – I HİSSƏ

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və bunun nəticəsi olaraq, regiondakı geosiyasi reallıqların dəyişməsi onun gələcək inkişafı və tərəqqisi baxımından yeni imkanlar yaradır.

Şübhəsiz ki, yaxın perspektivdə əhəmiyyətli nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi baxımından kommunikasiyaların açılması, ilk növbədə, Zəngəzur dəhlizinin açılması məsələsi ön plana çıxır.

Bütün bunlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatında öz əksini tapsa da, erməni tərəfinin nümayiş etdirdiyi yanaşmalar onun bu prosesi pozmağa çalışdığını göstərir.

Ola bilsin ki, Ermənistanda hökm sürən qorxu Azərbaycanda Zəngəzur tarixi-coğrafi adının istifadə edilməsi ilə bağlıdır, lakin bu onların öz problemidir. 1920-ci ildə Ermənistana verilmiş bu ərazinin tarixən Azərbaycana məxsus olması faktını onlar dəyişə bilməzlər.

Bu gündən etibarən bu qədim Azərbaycan torpağının tarixinə həsr olunmuş məqalələr silsiləsini dərc etməyə başlayırıq. Materialların müəllifi nüfuzlu alim, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevdir.

Zəngəzurun qədim dövrdən Rusiya impersiyasının tərkibinə qatılanadək olan tarixindən

“Zəngəzur” sözünün etimologiyasını Azərbaycan və erməni müəllifləri müxtəlif cür şərh edirlər. Bu söz əsasən etnonim və toponimlərlə əlaqələndirilir. Zəngəzuru tarixi Ermənistan ərazisi hesab etməyə öyrəşmiş erməni müəlliflər Zəngəzur adının əmələ gəlməsini müxtəlif cür izah edirlər.

Bunlardan biri – “Zəngə” sözünün mağara, “zur” sözünün güclü səslənən mənasına malik olması ilə bağlıdır. Bu versiyanı izah edərkən onlar iddia edirlər ki, guya qədim Zəngəzur ərazisində çoxsaylı mağaralar olub ki, onların girişində güclü səslər eşitmək olardı. Ermənilər “qədim milli” musiqi alətləri olan “zurna”nın adının mənşəyini də “zur” sözü ilə əlaqələndirməyə çalışırlar. Halbuki zurnanın Zəngəzur tarixi və adı ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, ermənilərin digər versiyaları da mövcuddur: “Zəng” – zəng, “zor” – güclü və ya “dzor” – dərə.

Azərbaycanlı müəlliflərin fikrincə, Zəngəzur öz adını ərəb qoşunlarının Azərbaycana yürüşünün qarşısında əlçatmaz divar (ərəbcə “sur” daş divar, qala, hasar deməkdir) kimi durmuş Zəngi tayfasının adından alıb. Cənubi və Şimali Azərbaycan ərazisində bu tayfanın adı ilə əlaqəli çoxsaylı toponimlər mövcuddur: Zəngan (Zəncan), Zəngilan, Zəngibasar, Zəngi çayı (mənbəyini Göyçə gölündən götürən yeganə çay) və s. Zəngəzur toponiminin adına Osmanlı imperiyasının Bəyazid sancağı və Qacarlar dövlətinin Maku xanlığı ərazisində yerləşən mənbələrdə də rast gəlinir.

XIX əsrin sonlarında Qafqazda torpaq quruculuğu işlərinə rəhbərlik etmiş rus tətqiqatçı M.Skibiskinin topladığı materiallara əsasən Dağlıq Qarabağ ərazisi də Zəngəzurun bir hissəsi olmuşdur. Dağlıq Qarabağ şərqdə Qarabağ, qərbdə Zəngəzur dağ silsilələri arasında yerləşir və Yuxarı Qarabağla Aran Qarabağı bir-birindən ayıran Qarabağ silsiləsinin ətəklərini (Dağlıq Qarabağın məhz bu hissəsində 1923-cü ildə süni erməni muxtariyyəti yaradılıb) də əhatə edirdi.

Erkən orta əsrlərdə Zəngəzur Albaniyanın Sünik vilayətinin tərkibində olmuşdur. Qafqaz Albaniyasının ucqar cənub hissəsində yerləşən bu vilayət Zəngəzuru tam, Naxçıvanın yuxarı, dağlıq hissəsini və Göyçənin əsas hissəsini (Zəngi çayının yuxarı axarı olmadan) əhatə edirdi. Zəngəzur Sünikin 12 gavarından 7-sini tam əhatə edir və onun şərq hissəsində yerləşirdi.

Ərəb işğalınadək Sasanilərin bilavasitə vassalı olan Sünik Albaniyanın Mehranilər sülaləsinə də tabe idi. Bu sülalə VII əsrin əvvəllərindən başlayaraq, 705-ci ildə ərəblər tərəfindən işğal edilənədək Albaniyada hakimiyyətdə olmuşdur. Ərəb işğalından sonrakı dövrdən tarixi Azərbaycan torpaqları Səlcuq türkləri tərəfindən işğal edilənədək qədim Alban çarlığı kiçik knyazlıqlar şəklində yenidən dirçəlməyə başlamışdı.

IX-XI əsrlərdə yenidən dirçəlməyə başlayan kiçik Alban knyazlıqları Ərəb xilafətinin dağılmasından sonra Şimali və Cənubi Azərbaycan ərazisində meydana gələn müsəlman sülalə dövlətlərinin tərkibində olmuşdur. Şəddadilər sülaləsi tərəfindən idarə olunan və tərkibində xristian Alban əhalisinin də yaşadığı bu cür dövlətlərdən biri 1088-ci ildə Səlcuqlar tərəfindən süquta uğradıldı. Həmin vaxtdan etibarən Zəngəzurun tarixi digər Şimali və Cənubi Azərbaycan torpaqlarının tarixi ilə qarışmışdır. Bu torpaqlar XIX əsrin birinci qərinəsinədək müxtəlif gücə və ərazilərə malik türk-müsəlman dövlətlərinin tərkibində olmuşdur.

Onların sırasında Atabəylər (1136-1225), Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1503) dövlətlərini qeyd etmək lazımdır. Daha sonra Zəngəzur Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) Qarabağ bəylərbəyliyinin tərkibində olmuşdur.

Nadir şah Əfşarın imperiyası (1736-1747) dağılanadək Zəngəzur Azərbaycan inzibati vahidinin tərkibində idi. Nadir şah 1747-ci ildə qətlə yetirildikdən və Azərbaycan ərazisi xanlıqlara bölündükdən sonra Zəngəzur Təbriz, Qaradağ və Naxçıvan xanları arasında bölünmüşdü. A.A.Bakıxanov özünün “Gülüstani-İrəm” əsərində yazır ki, xanlıqlarası çəkişmələr dövründə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir XVIII əsrin 50-ci illərində Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana aid Tatev və Sisyanı, Təbrizə aid olan Zəngəzur və Qafanı tutmuşdu. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi Zəngəzur yenə də bir siyasi-inzibati vahidin sərhədləri çərçivəsində birləşmiş oldu.

1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsinin bağlanması ilə xanlığın 21 mahalından 9-nu əhatə edən Zəngəzur ərazisi rusların himayəsinə keçmiş oldu. Sisyan, Tatev, Qaraçorlu, Püsiyan, Bərgüşad, Qafan, Mehri-Güney və Çavundur/Çuldur mahallarını əhatə edən bu əraziyə Həkəri və Bərgüşad çayları hövzəsindən başlayaraq Zəngəzur dağ silsiləsinədək olan torpaqlar daxil idi.

1823-cü ildə (1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra) rus hakimiyyəti tərəfindən tərtib edilmiş Qarabağ əyalətinin təsviri Zəngəzurun bəzi mahallarında yaşayan əhalinin etnik və dini tərkibi haqqında ətraflı məlumat verir. Məsələn, Məlik Tevqi tərəfindən idarə olunan Sisyan mahalında ümumilikdə 203 ailədən ibarət 7 türk (azərbaycanlı) və 2 erməni kəndi var idi.

“Qarabağ əyalətinin təsviri”ndə Rusiya tərəfindən işğal edilərkən Qarabağ xanlığının tərkibində olmuş, lakin 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra İranın Qacarlar dövlətinin tərkibinə qatılmış bəzi Zəngəzur mahalları öz əksini tapmamışdı. Bura Qafan, Güney, Mehri mahalları və Çavundur mahalının bir hissəsi aiddir. 1828-ci ildə Rusiya impersiyası ilə Qacarlar dövləti arasında Türkmənçay müqaviləsi bağlandıqdan az sonra bu mahallar da Qarabağ əyalətinin tərkibinə qatılmış oldu.

Ermənilərin Zəngəzura köçürülməsi və 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törədilmiş qırğınlar

1822-ci ildə rus hakimiyyəti 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinin şərtlərini pozaraq Qarabağ xanlığını ləğv etdi.

Keçmiş xanlıq rus komendantın rəhbərlik etdiyi Qarabağ əyalətinə çevrildi. Bu üsul-idarə 1840-cı ilədək qüvvədə qaldı. 1840-cı il aprelin 1-də İmperator I Nikolay tərəfindən təsdiq edilmiş yeni inzibati islahatlar 1841-ci il yanvarın 1-dən etibarən bütün Cənubi Qafqazda tətbiq edilməyə başladı.

Bu islahata görə keçmiş əyalətlər qəzalara və dairələrə çevrilirdi. Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və Kaspi vilayətinə tabe edildi. Şuşa qəzasının tərkibində Zəngəzur 2 dairəyə - Zəngəzur və Mehri dairələrinə bölündü. 1846-cı il tarixli yeni inzibati-ərazi bölgüsünə əsasən Şuşa qəzası Kaspi vilayəti ləğv edildikdən sonra yaradılmış Şamaxı quberniyasına daxil edildi. 1849-cu ildə İrəvan quberniyasının yaradılması ilə Zəngəzurun cənub hissəsi Mehri darəsi (Qafan, Güney-Mehri, Çuldur və Püsiyan) ona verildi. Dairə 1849-1867-ci illər aralığında bu quberniyanın Ordubad qəzasının tərkibində qaldı. 1868-ci ildə Yelizavetpol quberniyasının yaradılması ilə Şuşa qəzasının tərkibindən Zəngəzur qəza ayrılırdı və İrəvan quberniyasının tərkibində olan Mehri dairəsi onun tərkibinə geri qaytarıldı. Sonradan Zəngəzur qəzası dairələrə bölünmüş və sovet hakimiyyəti qurulanadək bu formada mövcud olmuşdu. Zəngəzur qəzasının ümumi ərazisi 6742 kv.verst (1 kv.verst -1,138 kv.km) təşkil edirdi.

Ümumilikdə, XIX əsrin 40-70-ci illər aralığında Çar hakimiyyəti tərəfindən Şimali Azərbaycan ərazisində həyata keçirilmiş inzibati-ərazi dəyişiklikləri zamanı tarixən formalaşmış etnik və iqtisadi sərhədlər nəzərə alınmır, yerli müsəlman əhalisinin üstünlüyünü gəlmə erməni əhalisinin xeyirinə zəiflətməyə xidmət edirdi.

Müsəlmanların yaşadığı torpaqlarda ermənilərin timsalında güclü sosial dayaq yaratmağa çalışan çarizmin XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinədək həyata keçirdiyi köçürmə siyasətinin də məqsədi bu idi. Bu prosesin Zəngəzur qəzasındakı etnik və dini tərkibin dəyişmə dinamikasına necə təsir göstərdiyini XIX əsrdən XX əsrin əvvəllərinədək Rusiya imperiyasındakı əhalinin tərkibi haqqında müxtəlif siyahıalmaların və statistik məcmuələrin məlumatlarından da izləmək mümkündür.

İrandan köçürülmüş 8249 ailədən 6946 ailənin “Erməni vilayəti”ndə yerləşdirildiyini nəzərə alsaq, qalan 1300 ailənin Şimali Azərbaycanın digər rayonlarına, o cümlədən Qarabağ və Zəngəzura köçürüldüyü nəticəsinə gəlmək olar. Qacarlar dövlətindən köçürülmüş erməniləri əsasən Mehri və Qafanın daha çox müsəlmanların yaşadığı kəndlərində yerləşdirirdilər.

Şəkildə: Ermənilərin İrandan köçürülməsi

Təzə köçürülən əhaliyə yerli əhalinin hesabına müxtəlif vergi güzəştləri və torpaqlar təqdim edilirdi.

Bu üsullarla Zəngəzurda Azərbaycan torpaqlarının ermənilər tərəfindən sakit şəkildə ekspansiyası və yerli əhalinin sıxışdırılması həyata keçirilirdi. Nəticədə, bu əhalinin bir hissəsi Qarabağın digər rayonlarına köçürülür və ya Qacarlar dövlətinə mühacirət edirdi.

Köçürmə prosesi bir əsrədək uzandığına görə Zəngəzur qəzasının etnik-demoqrafik vəziyyətinə də əhəmiyyətli təsir göstərmişdi. Ənənəvi olaraq ermənilərin aşağı, müsəlmanlarınsa yüksək təbii artımı şəraitində birincilərin sayı yalnız miqrasiya prosesləri hesabına saxlanılırdı. Nəticədə, 1893-cü ildə Qafqaz hərbi dairəsinin baş komandanının göstərişi ilə dərc olunmuş 1886-cı il siyahıyaalmasının məlumatlarına əsasən Zəngəzur əhalisinin 53,3%-ni müsəlmanlar, 46,3%-ni ermənilər təşkil edirdi. Buradakı 326 kənddən yalnız 81-i erməni kəndləri idi.

Artıq 1897-ci il tarixli Ümumrusiya siyahıyaalmasına əsasən əhalinin 50,1%-ni müsəlmanlar, 44,8%-ni ermənilər təşkil edirdi. 1918-ci ildə Cənubi Qafqazda milli respublikalar yaradılanadək qəzanın müsəlman və erməni əhalisinin bu nisbəti ümumilikdə saxlanmışdı.

XX əsrin əvvəllərində Qarabağ, o cümlədən Zəngəzur qəzası “Daşnaktsutyun” partiyasının başçılığı altındə erməni millətçilərinin törətmiş olduqları qanlı faciənin episentrlərindən biri oldu. Məqsəd, gələcəkdə federativ Rusiya dövlətinin tərkibində erməni muxtariyyətini yaratmaq üçün Cənubi Qafqaz ərazisində müsəlmanlardan təmizlənmiş, yalnız ermənilərin məskunlaşdığı, etnik cəhətdən yekcins ərazinin yaradılması idi. Erməni millətçilərin planlarına görə, Cənubi Qafqazın ermənilər yaşayan bütün qəzaları, hətta onların əhəmiyyətli azlıq təşkil etdikləri qəzalar belə bu əraziyə daxil olmalı idi. Zəngəzur qəzası da bu qəzalar sırasında idi. 1905-ci ilin avqust ayında Zəngəzurda başlamış qırğın oktyabr ayında başa çatdı. 2 ay davam edən Zəngəzur qırğını zamanı azərbaycanlıların yaşadığı 10 kənd zərər gördü.

Nəticədə, ermənilər tərəfdən heç kim cəzalandırılmadı, azərbaycanlı əhaliyə dəymiş maddi zərər ödənilmədi. Lakin 1906-cı ilin yayında Zəngəzur qəzasında azərbaycanlılara qarşı daha genişmiqyaslı qırğın törədildi. 1906-cı ildə erməni silahlı quldur dəstələrinin Zəngəzur qəzasında, həmçinin Yelizavetpol quberniyasının digər qəzalarında törətmiş olduqları dəhşətli cinayətlər ilk dəfə olaraq, görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin sənədli “Qanlı illər” kitabında təsvir edilmişdi. Bu kitab indiyədək 1905-1906-cı illərdə baş vermiş hadisələrdən bəhs edən ən müfəssəl mənbə (arxiv sənədləri istisna olmaqla) olaraq qalmaqdadır. Müəllif qeyd edir ki, ermənilərin 1906-cı il avqustun 9-dan 15-dək Zəngəzur qəzasının kəndlərinə etdikləri hücumlar nəticəsində 200-dək müsəlman qətlə yetirilmişdi.

1906-cı ilin iyun ayından avqust ayına kimi Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq kəndləri dağıdılmışdı. Bəzi hallarda müsəlmanlara qarşı zorakılıq yerli hakimiyyət orqanlarının gözü qarşısında baş verirdi. Zəngəzurda terror fəaliyyəti həyata keçirən daşnakların məqsədi Zəngəzur və Naxçıvanda mövcud olan silahlı qüvvələri birləşdirmək üçün bu 2 region arasında yerləşən müsəlman kəndlərini məhv etmək idi. 1906-cı ilin dekabr ayında Şamb, Dondurlu və Qubadoğlu kəndlərində səpmə yatalaq və qarın yatalağı epidemiyalarının baş qaldırması Zəngəzur qəzasında yaşayan azərbaycanlıların vəziyyətini daha da ağırlaşdırmış oldu. Əhali tibbi yardıma və ərzaq yardımına ciddi ehtiyac duyurdu.

Hadisələrin gedişatı göstərdi ki, erməni quldurlarının 1905-1906-cı illərdə Zəngəzur qəzasının dinc müsəlman əhalisinə qarşı törətdikləri qanlı qırğınlar bu qəzanın müsəlman əhalisinə qarşı 1918-1920-ci illərdə törədiləcək genişmiqyaslı etnik təmizləmə və soyqırımdan öncə sadəcə son məşq idi.

Paylaş:
9467

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər