Deputat: Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın blokadasına son qoymaqla yanaşı, türk dünyasını birləşdirəcək
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara hər bir səfəri əlamətdar hadisələrlə zəngindir.
Bu baxımdan, dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri də böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın inkişaf və tərəqqisini təcəssüm etdirir”.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Muxtar Respublikada quruculuq işləri ilə tanış olması, müəyən infrastruktur layihələrinin açılışını etməsi ölkəmizin dinamik inkişafının ifadəsidir.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının Ordubad dəmir yolu stansiyası ilə tanışlığı isə yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağına dair mesajdır. Tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması sayəsində Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq. Təsüdüfi deyil ki, Naxçıvan türk dünyasının qapısı adlandırılır. Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın blokadasına son qoymaqla yanaşı türk dünyasını coğrafi baxımdan birləşdirəcək.
S.Fətəliyeva söyləyib ki, şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak ediblər: “Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan mədəniyyətinin paytaxtı olan - əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynayıblar. Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, orden və medallarla təltif olunublar. Dövlətimizin başçısı muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarəti və onların xatirəsinin Ali Baş Komandan tərəfindən ehtiramla anılması cənab Prezidentin bütövlükdə şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına diqqət və qayğısının nümunəsidir”.
Deputat qeyd edib ki, Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezident 10 noyabr razılaşmasına dövlətimizin böyük əhəmiyyət verdiyini bildirib və Azərbaycan həmin razılaşmanın müddəalarını yerinə yetirir: “Çox yaxşı olardı ki, Ermənistan da həmin razılaşmaların icrasında səmimi olsun və regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsində fəal iştirak etsin. Təəssüf ki, bu gün Ermənistan tərəfi sülh və əməkdaşlıq ruhuna zidd olan bəyanatlar səsləndirir və xaricdəki erməni diasporu və lobbisi vasitəsilə Azərbaycana qarşı çirkin, qərəzli təbliğat aparır. Amma ermənilər bütün bunlarla heç nə əldə edə bilməyəcəklər. Revanşist çağırışlar Ermənistanın özünün ziyanınadır. Bu cür mövqedə olan erməni dairələrinə dövlətimizin başçısı dəmir yumruğun yerində olduğunu xatırladıb. Ona görə də, düşünürəm ki, Ermənistan hər hansı revanşist addımlar atmağa cəsarət etməyəcək”.