Dövlətçilik tariximizin şanlı səhifəsi- İstiqlaliyyət tarixi | 1news.az | Xəbərlər
Siyasət

Dövlətçilik tariximizin şanlı səhifəsi- İstiqlaliyyət tarixi

11:45 - 28 / 05 / 2021
Dövlətçilik tariximizin şanlı səhifəsi- İstiqlaliyyət tarixi

28 May 1918-ci il Şərqdə ilk demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Respublikasının yarandığının dünyaya bəyan edildiyi gündür. Bununla da xalqımız bir əsrdən artıq davam edən Çar Rusiyası müstəmləkəsindən azad oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ oldu. Bu Respublika həm də tarixi yaddaşımızda Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi də iz qoyub. Hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Təbii ki, müstəqilliyin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Məmməd Əmin Rəsulzadə tək deyildi, onun silahdaşları, əqidədaşları olan azərbaycanlı ziyalılar - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının danılmaz əməkləri və böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz iz buraxdı, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadir xalqdır. Müstəqilliyə nail olmaq üçünsə çox çətin sınaqlardan çıxmadan, qurbanlar vermədən mümkün deyil. Müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ona gedən yol böyük mübarizələrdən keçir. Yarandığı andan başlayaraq müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Fəaliyyət göstərdiyi 23 ay ərzində AXC tərəfindən bir sıra əhəmiyyətli qərarlar qəbul edildi.

Yeni yaradılan respublika parlamentli dövlət idi. Baş nazir Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq hərbi yardım alındı. İyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə birləşmişdi. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçki hüququ verildi. Cümhuriyyətin qısa dövründə ordu quruldu, siyasi və iqtisadi, o cümlədən torpaq islahatları həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti yeni yaransa da qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələ bildi. Ona rəhbərlik edən şəxslərin fəaliyyəti, yürütdükləri siyasi kurs ölkəyə parlaq gələcək vəd edirdi. Lakin Azərbaycanın müstəqilliyi ilə barışmayan sovet Rusiyası 1920-ci il aprelin 28-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu.

70 illik Sovet əsarətində olan zaman belə xalqımızın müstəqillik arzusu sönmədi və alovlanmağa davam etdi. İşğal Cümhuriyyəti və onun bayrağını unutdurmadı, 70 ildən sonra həmin bayraq yenidən dalğalandı. Bu bayrağı ilk olaraq ümumilli liderimiz Heydər Əliyev Naxçıvan parlamentində dalğalandırdı. Nəhayət xalqın müstəqillik arzusu reallığa çevrildi, 1991-ci ildə dövlətimiz bir əsrdə ikinci dəfə müstəqilliyini elan etdi. Lakin bu illərdə Azərbaycan növbəti təhlükə ilə üzləşdi. Hakimiyyətin yarıtmaz siyasəti ölkəmizi yenidən uçuruma gətirdi. Xalqımızın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi bizi növbəti fəlakətlərdən qurtardı. Sabitlik və inkişaf dövrü başladı, döyüş bölgəsində uğurlu həmlələr həyata keçirildi. Ümummilli lider Heydər Əliyev 27 may 1999-cu ildə Azərbaycan xalqına müraciəti zamanı demişdir:

"Hamınızı salamlayıram, hamınızı qucaqlayıram, bağrıma basıram. Bu bayram

münasibətilə sizi təbrik edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, Azərbaycanın gələcək inkişafı yolunda bundan sonra da çalışacağam, əlimdən gələni edəcəyəm. Mən inanıram ki, biz ilbəil inkişaf edəcəyik, irəliyə gedəcəyik. Azərbaycan xalqının xoşbəxt gələcəyi var və biz hamımız birlikdə bu gələcəyə qovuşacağıq. Mən buna inanıram, əmin ola bilərsiniz".

Bəli, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son illər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. 44 günlük Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən qazanılmış şanlı Zəfər ölkə başçımızın yürütdüyü siyasətin uğurlu nəticəsidir. İndi ulu öndərin vurğuladığı kimi Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə qovuşub!

Qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü – Respublika Günü kimi qeyd edilir. Bu müqəddəs gün münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və daima qələbələr, millətimizə isə bu yolda hər zamankı kimi polad iradə və milli birlik arzu edirəm. Bayramımız mübarək!

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
614

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər