Bvlgari dünyada ən böyük zərgərlik istehsalatını açdı: yeni iş yerləri, planlar və brendin inkişafı – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Bvlgari dünyada ən böyük zərgərlik istehsalatını açdı: yeni iş yerləri, planlar və brendin inkişafı – MÜSAHİBƏ

17:47 - Bu gün
Bvlgari dünyada ən böyük zərgərlik istehsalatını açdı: yeni iş yerləri, planlar və brendin inkişafı – MÜSAHİBƏ

2025-ci il Bvlgari üçün son dərəcə məhsuldar başladı.

LVMH Watch Week tədbirində təqdim olunan yeni saat modelləri seriyası, ardından Milanda yeni flaqman butikinin çoxdan gözlənilən açılışı, sonra isə əsas saat sərgisi olan Watches & Wonders-də debüt və nəhayət, bu qələbə yürüşünü tamamlayan daha bir təntənəli hadisə – zərgərlik məmulatlarının istehsalı üzrə manufakturanın yenilənməsi və sahəsinin demək olar ki, ikiqat genişləndirilməsi oldu.

Hal-hazırda Milandan təxminən bir yarım saatlıq məsafədə yerləşən kiçik Valenza şəhərindəki bu istehsalat mərkəzi, öz növündə ən böyüyü sayılır.

Bu obyektin inkişaf planları da maraqlıdır: brend qarşıdakı 4 il ərzində burada istehsal olunan zinət əşyalarının sayını 2017-ci illə müqayisədə – yəni bu manufakturanın ilk dəfə açıldığı illə – təxminən 4 dəfə artırmağı, həmçinin 500-ə yaxın ustanı işə cəlb edərək yeni iş yerləri yaratmağı planlaşdırır.

Bu dəyişikliklər, brendin sosial şəbəkələr dövründə inkişafı və yeni müştərilərin cəlb edilməsi haqqında biz Bvlgari-nin zərgərlik istiqaməti üzrə idarəedici direktoru Korin Le Foll ilə söhbət etdik.

Bvlgari üçün Milanda yeni flaqman butikinin açılışı və Valenzada istehsalatın genişləndirilməsi kimi iki irimiqyaslı layihənin təqdimatı nə deməkdir?

Mən brendə yalnız 2024-cü ilin sentyabrında – ötən payızda qoşulsam da, artıq bu iki prosesə fəal şəkildə cəlb olunmuşam. Bu layihələr Bvlgari-nin identikliyini tam şəkildə əks etdirir və göstərir ki, biz Roma zərgərlik Evi olaraq, qiymətli metallar və daşlarla işləmək üzrə italyan sənətkarlığını dəstəkləməkdən qürur duyuruq.

Bir tərəfdən, Valenzadakı manufakturanın genişləndirilməsi yerli ənənəvi istehsalatı dəstəkləməyə kömək edəcək ki, bu da brend üçün olduqca önəmlidir. Digər tərəfdən, Montenapoleone küçəsindəki butik brendin beşiyi olan Roma ilə təkcə İtaliya deyil, bütövlükdə Avropa üçün əhəmiyyətli olan, modanın mərkəzi sayılan Milan arasında bir körpü rolunu oynayacaq.

Deməli, bu layihələr brendin məntiqi inkişaf mərhələsinə çevrildi?

Bəli, bunu tam əminliklə deyə bilərik! Bu layihələr Bvlgari-nin hazırda olduğu inkişaf mərhələsini aydın şəkildə nümayiş etdirir. Axı biz bu gün təkcə zərgərlik sektorunun deyil, ümumilikdə bütün sənayenin aparıcı brendlərindən birinə çevrilmişik.

Söhbət inkişafdan gedirsə, brend necə olur ki, daim aktual qalır və yeni nəsil müştərilərlə ünsiyyət qurmağı bacarır? Axı onlar getdikcə daha da cavanlaşır, tərzi və vərdişləri sürətlə dəyişir, bəzən isə elə gəlir ki, bu insanlar ümumiyyətlə zərgərlik butiklərinin ənənəvi müştərilərinə bənzəmirlər.

Zərgərlik məmulatları dəyişkən trendlərin təsirinə daha az məruz qalır. Çünki bu əşyalar ilk növbədə zaman­sızdır. Əlbəttə, biz hər il yeni kolleksiyalar təqdim edirik və kult statusuna malik olan xətlərimizi yeniləyirik. Məhz buna görə də, son illərdə — o cümlədən sosial şəbəkələrdə — nümayiş etdirdiyimiz məhsullar əslində bu gənc nəslin müştəriləri ilə eyni dildə danışır.

Bundan əlavə, Bvlgari-nin DNT-sində irsə sevgi, keyfiyyətə sadiqlik, kamilliyə can atmaq və məsuliyyətli istehsal kimi dəyərlər var. Bu prinsiplər isə yaşından asılı olmayaraq bütün nəslin nümayəndələrində qarşılıq tapır.

Bvlgari – ilk növbədə zərgərlik brendidir, yoxsa saat brendi?

Biz zərgərlik brendiyik. Mən belə deyərdim: biz saat hazırlayan zərgərləriyik, və ümumiyyətlə, bir çox sahələrə açığıq. Düşünürəm ki, bu həmişə belə olacaq, çünki bu, bizim DNT-mizin bir hissəsidir.

Bvlgari hansı region və bazarlara fokuslanır?

Tarixən, məsələn, Çində mövqelərimiz çox güclüdür. Eyni zamanda, Qərb bazarlarında – Avropa və ABŞ-da da satışlarımız yüksək səviyyədədir. Təbii ki, biz digər regionların inkişafını da yaxından izləyirik – məsələn, Cənub-Şərqi Asiya və Hindistan. Belə regionlar gələcəkdə bizim üçün yeni istiqamətlərə çevrilə bilər.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər