Sevinc Fətəliyeva: “TDT-nin qeyri-rəsmi sammiti üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının genişlənməsinə töhfə verəcək” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “TDT-nin qeyri-rəsmi sammiti üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının genişlənməsinə töhfə verəcək”

16:34 - Bu gün
Sevinc Fətəliyeva: “TDT-nin qeyri-rəsmi sammiti üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının genişlənməsinə töhfə verəcək”

“Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısı türk birliyinin daha da güclənməsi istiqamətində növbəti mərhələ oldu.

Sammitdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edir. Zirvə görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçirilib. Bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunun təsdiqidir. TDT-nin önəmli tədbirinin ilk dəfə Avropada baş tutması da mühüm faktdır. Macarıstan Avropa İttifaqının üzvü olsa da, Türk dünyası ilə əməkdaşlığın günişlənməsinə qətiyyətli siyasi iradə ortaya qoyur. Bu ölkə 2018-ci ildən TDT-da müşahidəçi statusunu daşıyır və quruma tamhüquqlu üzv olmağı hədəfləyib. Hazırda təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Məlumdur ki, TDT-nin dövlət başçılarının ilk qeyri-formal Zirvə Görüşü ötən il iyulun 6-da Qarabağın incisi Şuşa şəhərində baş tutub. Budapeştdə keçirilən sammit zamanı Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı çıxışında, həmçinin TDT üzvləri arasında əlaqələrdən ətraflı bəhs edib. “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir”,-deyə cənab Prezident çıxışında vurğulayıb. Eyni zamanda, bu il Azərbaycanda TDT-nin növbəti sammitinin keçiriləcəyi diqqətə çatdırılıb.

Millət vəkilinin sözlərinə görə, Budapeşt sammitinin yekunu olaraq qəbul olunmuş Bəyannamədə də mühüm məsələlər vurğulanır. Belə ki, Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Qeyri-rəsmi zirvə görüşündə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunub.

Bəyannamədə, həmçinin Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur.

“Bütövlükdə, TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi sammiti üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər