Baş prokuror BMT Baş katibinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş prokuror BMT Baş katibinin müavini ilə görüşüb

12:56 - Bu gün
Baş prokuror BMT Baş katibinin müavini ilə görüşüb

Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksəksəviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.

Qada Vali BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Baş prokuror öz növbəsində GLOBE Şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir. O əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər.

Sonda qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər