“Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib - FOTO - VİDEO
İyunun 30-da Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, eləcə də tanınmış ictimai və siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar.
Tədbiri açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 2020-ci ilin Azərbaycanı “Vətənim” adlandıran hər kəs üçün tarixi bir il olduğunu bildirib:
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə təkcə Azərbaycanın təcavüzkar ölkə üzərində tam üstünlüyünün sübutu deyil, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır: “Bütün məhrumiyyət və çətinliklərə baxmayaraq, biz ədalətsizliklə barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “Dəmir yumruq” kimi birləşmişik”.
Şanlı Qələbə Azərbaycan Respublikasının Qarabağ regionunun uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etməli olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı”.
R.Hacıyevin sözlərinə görə, düşmən işğal etdiyi ərazilərdə misilsiz dağıntılar, barbarlıq aktları törətməklə yanaşı, təbiətimizə, təbii sərvətlərimizə də ciddi ziyan vurub:
“Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini də üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub”.
“Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev bu resursun Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmasının təsadufi olmadığını söyləyib:
“Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Karabakh.Center” layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Fikrimcə, bu çox vacib bir məqsəddir. Və bu resursun Fondumuz tərəfindən yaradılması təsadufi deyil.
Fondun missiyası məhz Qarabağ bölgəsinin dayanıqlı iqtisadiyyata, yüksək rifaha və həyat keyfiyyətinə malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməkdir.
Bunun üçün isə ölkə daxilində və xaricində zəruri təbliğat və təşviqat işlərini həyata keçirmək olduqca vacibdir”.
İdarə Heyətinin sədri bildirib ki, təqdim edilən internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Bu isə, cəmiyyətimizin, diasporanın və dövlətimizin dostlarının səylərinin səfərbər olunmasına təkan verəcək:
“Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri bu saytda yer alır. Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir.
"Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur”.
İnternet resursunun məzmunu üzərində işin davam etdiriləcəyini, veb-saytın mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəyini deyən R.Hacıyevin sözlərinə görə, dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcək:
R.Hacıyev layihənin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edərək, yaxın zamanlarda yeni-yeni uğurlu layihələrə imza atacaqlarından əminliyini də ifadə edib:
“Fürsətdən istifadə edərək, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan möhtərəm Mehriban xanım Əliyevaya göstərdiyi etimada görə, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildirmək istərdim.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə (AZTV) də minnətdarlığımızı bildiririk.
Bu internet resursu heç şübhəsiz ki, həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcək.
Onu da qeyd etmək istərdim ki, bu gün qarşınızda Qarabağ Dirçəliş Fondunu təmsil edən şəxs kimi çıxış etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu yüksək etimadı göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyeva öz dərin minnətdarlığımı bildirmək istərdim. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
Sonda isə Azərbaycan xalqının şüarına çevrilən Ali Baş Komandan cənab İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: "Qarabağ Azərbaycandır!".
Yeni layihələrimizin təqdimatlarında, azad olunmuş ərazilərdə görüşmək ümidi ilə!”.
Sonra Fondun hazırladığı “Qarabağda urbisid” – dağıntıların və zərərin miqyası haqqında sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, “Karabakh.Center” internet resursu bizə mövcud vəziyyəti inventarlaşdırmağa, eləcə də xarici auditoriyaları məlumatlandırmağa imkan verəcək.
Düşmənin işğal etdiyi ərazilərimizdə çox böyük dağıntılar, vandallıq aktları törətdiyini deyən nazirin sözlərinə görə, yaxın vaxtlarda həmin ərazilərdə yeni həyat başlayacaq:
“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, həmin ərazilərdə müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür. İşğal zamanı dağıntılar, sadəcə, tarixi obyektlərimizə, mülkümüzə qarşı törədilməyib. Bu gözəl guşənin təbiətinə də çox böyük zərər vurulub. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir. Buna baxmayaraq biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb. Qarabağ Dirçəliş Fondu da bu işə öz töhfəsini verəcək”.
Ekologiya və təbii sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) üzvü Muxtar Babayev bildirib ki, Qarabağda işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dolğun məlumatların dünya itimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının rolu çox böyükdür. Bu baxımdan Dirçəliş Fondu tərəfindən “Karabakh.Center” internet resursunun yaradılmasının müstəsna əhəmiyyəti var.
Ermənistanın Qarabağda törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə çox ciddi ziyan vurulduğunu deyən nazirin sözlərinə görə, hazırda işğalın nəticələrinin aradan qaldırılması istiqamətində ciddi işlər həyata keçirilir:
“Hamıya yaxşı məlumdur ki, Qarabağ bölgəsi istər təbii sərvətlər, istərsə də biomüxtəliflik baxımından çox zəngindir. Ermənistanın Qarabağda törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə çox ciddi ziyan vurulub. Təbii sərvətlərin amansızcasına talan edilməsi bölgədə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Bu gün qarşımızda təbiət ərazilərimizin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətə gətirilməsi kimi mühüm vəzifə dayanır. Hazırda “Qırmızı kitab”ın üçüncü nəşri hazırlanır. Qarabağ bölgəsinin fauna və flora növlərinin hazırkı statusunun qiymətləndirilməsi məqsədilə burada elmi tədqiqat işlərinin aparılmasına başlanıb”.
İşaldan azad edilmiş ərazilərimizdə zəngin su ehtiyatlarının olduğunu deyən M.Babayev həmin ərazilərdə kurort-rekreasiya zonalarının yaradılacağını diqqətə çatdırıb:
“Azərbaycanın mineral su ehtiyatlarının 40 faizə qədəri işğaldan azad edilən ərazilərdə yerləşir. Bu ərazilərdə su mənbələrinin səmərəli istifadəsi üçün müşahidələr bərpa ediləcək, təbii mineral bulaqların üzərində kurort-rekreasiya zonaları yaradılacaq. Yeraltı termal suların istifadəsi də böyük əhəmiyyət kəsb edir”.
Azərbaycanın trans-sərhəd çaylarının Ermənistan tərəfindən çirklənməyə məruz qaldığını deyən nazir bildirib ki, Ermənistanın bu cinayətinin dayandırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərilməlidir.
M.Babayev əlavə edib ki, ermənilər işğal dövründə meşə fonduna da ciddi ziyan vurub: “Həmin ərazilərdə minlərlə hektar sahədə meşə ərazisinin bəpa edilməsi, milyonlarla ağacın əkilməsi nəzərdə tutulur”.
Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) üzvü Fatma Yıldırım bildirib ki, “Karabakh.Center” portalında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi, dini abidələrin tamamilə məhv edilməsi öz əksini tapıb.
Azərbaycan dövlətini qarşıda çox vacib bərpa-yenidənqurma işlərinin gözlədiyini deyən deputat sahibkarları bu işlərdə fəal iştirak etməyə çağırıb:
“İşğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunduğu üçün sözün əsl mənasında müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq.
Postkonflikt dövründə dövlət – özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl təsisatların bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər”.
Çıxışlardan sonra “Karabakh.Center” internet-resursunun videotəqdimatı olub.
B.Cahandarov