ABŞ-ın Müasir Hərb İnstitutu Şuşa uğrunda döyüş və 2020-ci il Qarabağ müharibəsi haqqında analitik məqalə yayıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Müasir Hərb İnstitutu Şuşa uğrunda döyüş və 2020-ci il Qarabağ müharibəsi haqqında analitik məqalə yayıb

S.Xankişiyeva11:21 - 16 / 07 / 2021
ABŞ-ın Müasir Hərb İnstitutu Şuşa uğrunda döyüş və 2020-ci il Qarabağ müharibəsi haqqında analitik məqalə yayıb

ABŞ-ın sabiq müdafiə naziri Mark Spenserin fəxri sədri olduğu Müasir Hərb İnstitutu rəsmi saytında “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci il Qarabağ müharibəsinin dərsləri” sərlövhəli analitik məqalə yayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, institutun şəhər müharibələri üzrə tədqiqatların rəhbəri Con Spenser və Selton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Harşana Ğorhonun müəllifləri olduğu məqalədə “dondurulmuş münaqişə” adlandırılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 1988, 1994 və 2014-cü ildə də alovlandığı diqqətə çatdırılır. Müəlliflər qeyd edir ki, 2020-ci ilin sentyabrında başlayan müharibəni isə bütün dünya yaxından izləyib. Hərbi analitiklərin hesabatlarında və təhlillərində Azərbaycanın texnoloji və hərbi üstünlüyü vurğulanıb. Bir sıra şərhçilər qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna qarşı istifadə etdiyi Türkiyə istehsallı “Bayraktar TB-2” pilotsuz uçan aparatlar, İsrailin “Harop” kamikadze dronları müasir müharibələrin ən yaxşı vasitələridir. Müharibənin ən mühüm döyüşü isə Şuşa şəhəri uğrunda olub. Məhz bu şəhərin fəthindən sonra mühasirə vəziyyətinə düşən erməni hərbi birləşmələri tam məğlubiyyətə uğrayıb və Ermənistan işğal altında saxladığı digər əraziləri də boşaltmağa razı olub.

Məqalənin “Zirvədəki şəhər” yarımbaşlıqlı hissəsində qeyd olunur ki, Şuşa və ona bitişik 10 kənd Dağlıq Qarabağın ən mühüm hissəsidir. Bu şəhər uzun illər Azərbaycan və Ermənistan üçün strateji əhəmiyyətə malik olub. Eyni zamanda, “Azərbaycan mədəniyyətinin beşiyi” adlanan Şuşa azərbaycanlı ziyalıların, şairlərin, yazıçıların və bəstəkarların vətənidir, habelə burada çoxlu sayda məscidlər və abidələr var. Bu şəhər 1992-ci ildə ermənilər tərəfindən güc yolu ilə ələ keçirilib və həmin vaxt Şuşanın bir çox yerləri dağıdılıb, azərbaycanlı əhalinin əksər hissəsi qətlə yetirilib və ya məcburi köçkünə çevrilib. 2020-ci il müharibəsinədək burada təxminən 5 min etnik erməni yaşayıb. Uca dağların arasında yerləşən Şuşa əlverişli müdafiə mövqeyinə və digər bölgələri nəzarətdə saxlamaq üçün strateji əhəmiyyətə malikdir. Bu şəhər əsl təbii qaladır. Onun ətrafında üç tərəfdən sıldırım qayalar və xeyli aşağısında Xankəndi şəhəri yerləşir. Şuşa, eyni zamanda, Laçın dəhlizinə nəzarətin həyata keçirilməsi baxımından da əhəmiyyətlidir. Onun ələ keçirilməsi 2020-ci il müharibəsinin əsas hədəfi olub.

1992-ci ildə Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalından bəhs edən müəlliflər bildiriblər ki, 28 il sonra bu şəhər uğrunda gedən döyüşlərdə Azərbaycanın hərbi üstünlüyü Ermənistanın məğlubiyyəti ilə nəticələnib. 2020-ci ilin oktyabrında əvvəllər erməni silahlı qüvvələrinin işğalı altındakı ərazilərdə nəzarəti tam ələ keçirən Azərbaycan Ordusu qərbə doğru hərbi əməliyyatlara başlayıb, Hadrutu azad edərək Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə doğru irəliləyib. Artıq oktyabrın 22-də Azərbaycan əsgərləri Laçın şəhərindən 6 mil uzağa çatıblar, həmin ayın 28-i və 30-da Şuşanın azad edilməsi uğrunda xüsusi əməliyyata başlanılıb. Bəzi məlumatlara görə, 400 Azərbaycan hərbçisi beş gün ərzində meşələrdən keçərək Şuşanı ermənilərdən təmizləyib və müxtəlif istiqamətlərdən şəhərə yaxınlaşıb. Azərbaycan əsgərləri sıldırım qayalara çıxaraq ermənilərin müdafiə etməyə qadir olmadıqları ərazilərdən keçiblər. Dağlarda və sıx meşələrdə aparılan xüsusi əməliyyat uğurla nəticələnib. Oktyabrın 30-da Azərbaycan hərbçiləri Şuşanın 5 kilometrliyində döyüşlər aparıblar. Noyabrın 4-də Şuşanın cənubundakı qayalıqlara yaxın Daşaltı kəndi ətrafındakı yol azərbaycanlı hərbçilərin nəzarətinə keçib və onlar bu şəhəri Laçınla birləşdirən yolu kəsməyə müvəffəq olublar. Noyabrın 5-də isə xüsusi təyinatlılar Şuşaya aparan əsas yola çıxıblar və Həkəri çayı üzərindəki körpü dağıldıqdan sonra şəhər üç tərəfdən mühasirəyə alınıb. Növbəti üç gün ərzində uğurlu hərbi əməliyyatlar davam edib və noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev qələbənin qazanıldığını və Şuşanın azad edildiyini bəyan edib. Həmin gün erməni tərəfi bunu inkar etsə də, noyabrın 10-da bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyəti və şəhərin azərbaycanlıların əlində olduğunu etiraf etməli olub.

Məqalənin “Şəhər hərbi üzrə dərslər” yarımbaşlıqlı bölməsində hərbi analitiklərin 2020-ci il Qarabağ müharibəsini tədqiq etməkdə davam etdikləri qeyd olunur. Müəlliflər vurğulayır ki, onlarla yanaşı, beynəlxalq əlaqələr üzrə alimlər, digər qruplar bu müharibənin unikal cəhətlərini, müasir Azərbaycan Ordusunun ən mükəmməl silahlarla keçirdiyi hərbi əməliyyatları, habelə informasiya müharibəsində uğurları araşdırırlar.

Şəhərlər uğrunda hərbi əməliyyatlara gəldikdə, məqalədə Azərbaycan Ordusunun Şuşa əməliyyatının dərsləri sadalanır. Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Silahlı Qüvvələri PUA və digər müasir silahlardan bacarıqla istifadə etməklə, ən dəqiq işlənib hazırlanmış əməliyyat planını mükəmməl şəkildə yerinə yetirməklə, mövqeləri düzgün qiymətləndirib ələ keçirməklə, yolları və körpüləri təkmil strateji plana uyğun nəzarət altına almaqla, meşələrdə və sıldırım qayalarda xüsusi təyinatlıların irəliləyişini təmin etməklə çətin təbii qala olan şəhəri azad edə bilib. Şuşa əməliyyatı göstərdi ki, düşünülmüş hərbi taktika və strategiya, həmçinin ən müasir silahlarla hər hansı şəhəri ələ keçirmək mümkündür.

Məqalənin sonunda qeyd edilib: “2020-ci il Qarabağ müharibəsini təhlil edən analitiklər və tədqiqatçılar mühüm nəticələr çıxarırlar. Bu müharibənin başlıca dərsi ondan ibarətdir ki, şəhərlər uğrunda müharibəyə başlayan ordular həm onların ətrafında, həm də içərisində döyüşlərə tam hazırlıqlı olmalıdır”.

Paylaş:
228

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər