Vüqar Rəhimzadə: Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir
«30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının zirvəsində dayanan Zəfərimiz bütün sahələrdə görülən işlərin, həyata keçirilən təkmil islahatların, gələcəyə hesablanmış inkişaf strategiyasının təqdimatıdır.
Son 18 ildə Azərbaycanı möhkəm təməl üzərində inamla irəli aparan möhtərəm Prezidentimiz İlham Əliyevin əsas tələbi budur ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən bəhrələnməli, ən mütərəqqi texnologiyalar Azərbaycana gətirilməli, bütün sahələrdə dayanıqlı inkişafı təmin etmək üçün islahatlar davamlı olmalıdır. Daim bu çağırış edilir ki, həyat yerində durmur, qarşımızda yeni vəzifələr, hədəflər dayanır. Bu isə öz növbəsində islahatları qaçılmaz edir.»
1news.az xəbər verir ki, bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində aparılan davamlı islahatlar da ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımlar sırasındadır: «Məlumdur ki, 2019-cu ilin sonlarında respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun addımların atılması nəticəsində sonda cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Yeni formalaşmış parlamentin ilk iclasında dövlət başçısı İlham Əliyev qanunverici orqanın qarşısında bir sıra vəzifələr qoydu. Bu mühüm məqam da xüsusi vurğulanır ki, yeni parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması ölkəmizdə siyasi dialoq mühitinin yüksək səviyyədə olması barədə aydın təsəvvür yaradır. Həmçinin parlamentin komitə sədrləri arasında da müxalifət nüymayəndələri vardır. Son illərdə siyasi partiyalar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi, sağlam dialoq mühitinin formalaşması istiqamətində atılan addımlar göz qabağındadır. Prezident Administratisiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin müdiri hörmətli Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşüb aktual məsələlər ətrafında fikir mübadiləsi aparması və sair kimi mühüm addımların əsasında bir məqsəd dayanır ki, ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəm olsun, mövcud prbolemlərin həlli istiqamətində müxalifətli-iqtidarlı hər kəs fəal iştirak etsin, Azərbaycanın daha da da güclənməsi üçün müəyyənləşdirilən prioritetlərin icrasına töhfələr verilsin.»
V.Rəhimzadə diqqəti 44 günlük İkinci Qarbağ müharibəsi, eyni zamanda, postmüharibə dövründə siyasi partiyaların vahid mövqedən çıxışına da diqqəti yönəldib. Vurğulayıb ki, Vətən müharibəsi dövründə 50-dən çox siyasi partiya Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edərək onun ətrafında sıx birləşdiklərini qəbul etdikləri bəyanatla təsdiqlədilər: «Yenə də kənarda qalan radikallığı, inkarçılığı, qərəzi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən AXCP və «Milli Şura»çılar oldular. Eyni ab-hava 15 İyun- Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşada iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladıqları Şuşa Bəyannaməsinə dəstəyin ifadəsi olaraq 50-dən çox siyasi partiyanın bəyanat imzalaması zamanı da yaşandı. Bütün siyasi partiyalar bu bəyanatı imzalayıb Şuşa Bəyannaməsinə dəstəklərini ifadə etsələr də AXCP və yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi kimi tanınan «Milli Şura» adlı üzdəniraq qurumun təmsiçiləri seyrçi mövqedə dayanmağı yeganə yol seçdilər. Bu da başadüşən idi. Qələbəmizin, Türkiyə-Azərbaycan birliyinin təqdimatı olan bu Bəyannamə təbii ki, «düşmən dəyirmanına su tökən» ünsürləri razı sala bilməzdi.»
Baş redaktor bütün bunlara qısa ekskurs etməyin səbəbini də açıqlayıb. Bildirib ki, son günlər dağıdıcı ünsürlərin xaricdəki himayədarlarının dəstəyi və ssenarisi əsasında Azərbaycanın uğurlu inkişafına, dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü, təkmil islahatlara söykənən siyasətinin nəticəsi olaraq əldə olunan uğurlara kölgə salmaq cəhdləri diqqətdən kənarda qalmır: «Bu ünsürlərin sosial şəbəkələrdə səsləndirdikləri fikirlərə, paylaşımlara diqqət yetirdikdə nə qədər cılız, dövlətinin, xalqının maraqlarını öz şəxsi ambisiyalarına qurban verdiklərini görür və belələrinin Azərbaycan xalqı adından danışmağa haqlarının olmadığını bildiririk. Xalqımız hazırda Zəfərin sevincini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda həyat canlanıb. Qısa müddətdə bu torpaqlarda görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq bu istiqamətdə ilk addım atılıb, artıq ilin sonuna ilk «ağıllı kənd»- Zəngilan rayonunun Ağalı kəndi sakinlərini qarşılayacaq. Soydaşlarımız bu sevinci yaşadıqlarına görə şanlı Qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını ifadə edirlər. Belə bir şəraitdə xalqımızın sevincinə şərik olub yeni dövrün reallıqlarına dəstək vermək əvəzinə xarici dairələrin əlində alətə çevrilib ölkəmizin imicinə zərbə vurmağın mənəviyyatsızlıqdan başqa adı yoxdur. Görəsən xarici anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrilən, onların ssenarisi əsasında hərəkət edən daxili bədxahlarımız hazırkı dövrdə uğurlarımızı inkar yolunu tutaraq referendumun, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyacın olması kimi sərsəm iddialarla çıxış edəndə heç utanc hissi keçirirlərmi? Belələri haqqında çox gözəl deyiblər ki, «utanmasan oynamağa nə var».
Baş redaktor bildirib ki, müasir müstəqil Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkə qanunlarla idarə olunur: «Kimliyindən, vəzifəsindən, siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşyır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan daim demokratik təsisatların inkişafı istiqamətində atdığı addımları ilə diqqət çəkib. Milli Konstitusiyanın qəbulundan bugünədək 3 dəfə referendumun keçirilməsi, qəbul olunan qanunlara əlavə və dəyişikliklərin edilməsi, yeni qanunların qəbulu və sair kimi məqamlar göz önündədir. Eyni zamanda, Azərbaycanda insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. Həyata keçirilən bütün tədbirlər, aparılan təkmil islahatlar vətəndaş amilinə xidmət etdiyi üçün ölkədə sabitliyin, təhlükəsizliyin təminatı əsas vəzifə kimi qarşıda durur. Ölkədə hər hansı özbaşınalıqlar, qanunazidd əməllər qanun çərçivəsində öz qiymətini alır.»
V.Rəhimzadə daha sonra qeyd edib ki, daxili bədxahlarımızın xaricdəki havadarlarının sifarişi ilə möhtəşəm Zəfərimizin qazanılmasından bügünədək apardıqları qərəzli təbliğatların, qeyri-ciddi təşəbbüslərin əsasında bu antimilli ünsürlərin canla, başla xidmət etdikləri Ermənistanın düşdüyü çətin vəziyyətdən narahatlıqları dayanır. Azərbaycanın davamlı inkişafını həzm etməyən bu ünsürlər çıxış yolunu ictimai fikri çaşdırmaqda görsələr də, unudurlar ki, özləri ötən əsrin 90-cı illərin əvvəllərinin nostalji hissləri ilə yaşasalar da nə xalq həmin xalq, nə də Azərbaycan həmin Azərbaycandır. Dəyişməyən yeganə məqam ermənilər və ermənipərəst dairələrlə işbirliyində olan «sapı özümüzdən olan baltalar»a xalqın verdiyi Vətən xainləri qiymətidir.
1news.az