“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib – FOTO
“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 01-06 avqust 2021-ci il tarixlərində təşkil olunan “Təbiət üçün SOS” (Summer Outdoor School “SOS for Nature”) adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tullantıların təkrar emalı, su resurslarından səmərəli istifadə sahəsində praktiki bacarıqlarını inkişaf etdirməkdir.
“Təbiət üçün SOS” (Summer Outdoor School “Sos for Nature”) devizi ilə keçirilən yay məktəbində 50 nəfərdən ibarət olmaqla 12-15 yaş qrupu üzrə gənc ekoloqlar və Vətən müharibəsi qəhrəmanlarının övladları iştirak edib.
6 avqust 2021-ci il tarixində AMEA Mərkəzi Nəbatat Bağında keçirilən rəsmi bağlanış mərasimində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri xanım Səyyarə Məmmədova, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Müvəqqəti İşlər vəkili cənab Viktoras Dagilis, AMEA Mərkəzi Nəbatat Bağının direktoru cənab Vahid Fərzəliyev və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri xanım Firuzə Sultan-zadə çıxış ediblər. Rəsmi hissənin davamında yay məktəbinin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
Yay məktəbi çərçivəsində avqustun 1-dən 6-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin, Dövlət Dəniz Agentliyinin, “AzEkol” MMC-nin təlimçi və ekspertləri tərəfindən ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su mənbələrindən səmərəli istifadə, biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması mövzularında çıxışlar edilib, həmçinin interaktiv və maarifləndirici proqramlar keçirilib. Eyni zamanda proqram çərçivəsində iştirakçılar Altıağac Milli Parkına, Mərkəzi Nəbatat bağına səfər ediblər.
Qeyd edək ki, “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsinin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında 12-15 yaşlı 500-ə yaxın məktəblinin, müəllimlərin və valideynlərin iştirakı ilə iqlim dəyişmələri, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə mövzularında 10 vebinar və onlayn görüşlər təşkil olunacaq.