Azərbaycanın mədəniyyət diplomatiyası: Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və fədakar missiya
“Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!”
Mehriban Əliyeva
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti
Azərbaycan xalqına xas zəngin ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı bu mürəkkəb sosio-mədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edir. Təsadüfi deyil ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.
1news.az Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın mədəniyyət diplomatiyası: Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və fədakar missiya” sərlövhəli məqaləsini təqdim edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli və məqsədyönlü fəaliyyəti dövlətimizin milli maraqlarına və xalqımızın mənafeyinə xidmət edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hələ 1995-ci ildən rəhbərlik etdiyi Mədəniyyət Fondunun xətti ilə təşkil etdiyi müxtəlif tədbirlər vasitəsilə ölkəmizin mədəni irsinin beynəlxalq aləmdə təbliğinin, eləcə də mühafizəsinin təmin olunması, gələcək nəsillərə çatdırılması sahəsində böyük xidmətlər göstərmişdir. Bu baxımdan, Azərbaycanın birinci xanımının zəngin mədəniyyətimizin qorunub saxlanılması sahəsində çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nəcib əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü və 2004-cü ilin mayın 10-da Heydər Əliyev Fondu yaradıldı. Heydər Əliyev Fondu xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir. Nəcib məram, xoş niyyət hər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu və cəmiyyətdəki missiyasını onun dərk edilmiş məqsədyönlü fəaliyyəti müəyyənləşdirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva son 17 ildə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi həyati əhəmiyyətli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə məhz belə bir ümumxalq məhəbbətini özü üçün təmin etmiş, xalqın dərin inam və etimadını qazanmışdır.
Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin əhəmiyyətini son dərəcə artırmışdır. Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son 17 ildə digər sahələrdəki nailiyyətləri ilə yanaşı, Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə mühüm töhfələr vermişdir.
Fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, böyük strateqin ideallarına tapınaraq xalqın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüsçüsü və fəal icraçısı olmuşdur. Yarandığı dövrdən indiyədək Fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir.
Xüsusilə, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Fondun fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bununla yanaşı, Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqının tarixi incəsənət nümunəsi hesab edilən muğamlarımız yüz illər boyu xalqımızın milli keyfiyyətləri ilə zənginləşən, inkişaf edən və öz gözəlliyi ilə qəlbləri fəth edən milli musiqimizdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabında muğamlar və onların tərkib hissələri geniş şəkildə şərh edilmişdir. Bununla yanaşı, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. Eyni zamanda, 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Daha sonra, 2009-cu il dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mehriban xanım Əliyeva və YUNESKO-nun Baş Direktoru Koiçura Matsuura iştirak etmişlər. 2008-ci ildə isə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Bununla yanaşı, 2005-ci ildə Mehriban xanım Əliyevanın təqdim etdiyi, müəllifi və rəhbəri olduğu “Azərbaycan muğamı” layihəsinin “Qarabağ xanəndələri” adlı tarixi, elmi, mədəni dəyərə malik ilk bölümü böyük maraqla qarşılanmışdır. Artıq YUNESKO öz qərarı ilə Azərbaycan muğamını dünya mədəniyyətinin misilsiz dəyərlərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil etmişdir. Qarabağ muğam məktəbi, onun tanınmış nümayəndələri haqqında nəfis şəkildə tərtib olunmuş kitab və 24 xanəndənin ifasını canlandıran kompakt disklər də Azərbaycanın ayrılmaz parçası olan Qarabağın çoxəsrlik muğam tarixini əks etdirir. Bu disklər Qarabağ muğam sənətinin səslərdə yaşayan tarixini və müasir səviyyəsini əyani şəkildə nümayiş etdirir. Azərbaycanın xoşməramlı səfiri insanlara əbədi həqiqətlər haqqında düşünmək və bir də mənəvi rahatlıq tapmaq imkanı yaratmaq qüdrətində olan muğamı həm misilsiz, dərin fəlsəfi mahiyyətli musiqi kimi, həm də mənəvi işğala məruz qalmış vətənimizin haqq səsini dünyaya çatdırır. Mehriban xanım Əliyeva Azərbaycanın sadəcə bir ərazi parçası deyil, mədəniyyətimizin, mənəviyyatımızın ayrılmaz parçası olan Qarabağ haqqında onun öz avazı, nəfəsi, tarixdən gələn səsi ilə YUNESKO-nun açdığı imkanlar dairəsində yenə də Azərbaycan reallıqlarını, mənəvi və mədəni sərvətlərin tarixini, bugünkü potensialını yüksək, inandırıcı, cəlbedici, müasir səviyyədə dünyaya təqdim etmişdir.
Eyni zamanda, 2005-ci ilin martında Parisdə - YUNESKO-nun qərargahında “Qarabağ xanəndələri” albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir. YUNESKO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının verilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığını nümayiş etdirmişdir.
Qeyd etmək lazımdır ki, “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!” fikrini həyat amalına çevirən Azərbaycanın birinci xanımının bu istiqamətdə yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, Azərbaycan, xüsusilə Qarabağ həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Azərbaycanın birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir.
Ümumiyyətlə, istər mədəniyyət sahəsində, istər mənəvi irsimizin qorunması, Azərbaycanın dünya birliyində təbliğ edilməsi, xüsusilə, Qarabağ həqiqətlərinin tam təfərrüatı ilə dünya birliyinə obyektiv şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolu çox yüksək qiymətləndirilir. Fondun Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır.
Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, "Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, tutarlı sübutlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır. Mehriban xanım Əliyevanın “Ön söz”ü ilə işıq üzü görmüş “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilmişdir.
Eyni zamanda, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunuşdur.
Eyni zamanda, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da əhəmiyyətli olmuşdur. Həmçinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmış, silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilmiş, 2012-ci ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il soyqırıma həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir və uğurla davam etdirilir. Bu baxımdan, son 14 ildə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş Ermənistanın Azərbaycana təcavüzü, mədəni irsimizin vəhşcəsinə məhv edilməsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illərdə davamlı olaraq mühüm addımlar atılmışdır.
Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdı.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat vardır.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizmə məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. 2020-ci ildə Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin yenidən açılışı olmuşdur.
2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirirdi. Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən bu təcavüz aktına qarşı Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinə, həmçinin və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirildi. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edirdi və birbaşa cinayət məsuliyyəti doğuran əməllər idi.
Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında 2020-ci il iyulun 24-də baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində də bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etmək, onlara müvafiq hüquqi qiymət vermək və bütün təqsirkarları məsuliyyətə cəlb etmək ifadə olunmuşdur. Müraciətdə çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatların azərbaycanlılara qarşı törədilmiş hadisələrdə onların səslərinin hələ də eşidilmədiyi bildirildi və ikili standartlar siyasətindən əl çəkərək faktlara əsaslanan bəyanatlarla çıxış etməyə, eləcə də bu cinayət əməllərinə ədalətli qiymət verməyə çağırış öz əksini tapdı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edərək bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağıraraq demişdir: “...Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək”.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
2020-ci il dekabrın 8-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində diqqətə çatdırdı ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir: “Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”
2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya səfərləri zamanı işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildi. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.
Bunun ardınca, 2021-ci il martın 16-da işğaldan azad ediləndən sonra Şuşaya ikinci dəfə səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva M.P.Vaqifin məqbərəsinin bərpa işləri ilə tanış oldular. Bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu icra edir. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar. Bu baxımdan, layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, Şuşada Molla Pənah Vaqifin büstünün bərpası layihəsi, Yuxarı Gövhərağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.
2021-ci il mayın 8-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir daha rəsmi instaqram səhifəsində Şuşa ilə bağlı fikirlərini qürür hissi ilə belə ifadə etdi: “Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəkliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Çoxşaxəli fəaliyyəti nəticəsində Mehriban xanım Əliyeva 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2010-cu il fevralın 15-də Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə, 2010-cu il iyulun 30-da UNESCO-nun “Qızıl Motsart” medalı, 2011-ci il iyunun 24-də Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı, 2012-ci il aprelin 13-də MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı, 2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatı, 2014-cü ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, 2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, 2015-ci il martın 26-da Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni, 2016-cı il martın 6-da “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə, 2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı, 2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu, 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Bununla yanaşı, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülmüşdür.
Bütün bunlar onun göstəricisidir ki, Mehriban xanım Əliyeva dövlətimizin milli maraqları, xalqımızın firavanlığı və qüdrətli ölkəmizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını və rəğbətini qazanmışdır.