Ölkədə müşahidə olunan qiymət artımı nə vaxta kimi davam edəcək? – Ekspert səbəblərdən danışdı
"Ölkədə müşahidə olunan qiymət artımı birbaşa inflyasiya ilə əlaqədardır.Yəni bu bəzi hallarda işbazların süni qiymət artımı adlandırılsada, əslində bu işbazlıqdan daha böyük məsələdir. Hazırda inflyasiya göstəriciləri kifayət qədər yuxarı həddədir.
Belə ki, 2021-ci ilin I rübündə 2.2% inflyasiya qeydə alınmışdırsa, II rübdə bu göstərici 5%-i ötdü. Bu rəsmi statistikadır. Düzdür bəzi malların qiyməti 10, 20, 50, 60, 70, 80 faiz artsa da, Statistika komitəsi bunu məhz 5% civarında qiymətləndirir".
Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi.
E.Əmirov qiymələrin artma səbəbini belə izah etdi:
“Qiymətlərin artma səbəbinə gəlincə deyə bilərəm ki, ilin əvvəlində kommunal xərclər artanda, yanacaq artanda, məlum idiki bu sonrakı mərhələdə birbaşa inflyasiyanın sürətlənməsinə səbəb olacaq. İnflyasiyanın yaradan ikinci bir səbəb, pandemiya ilə əlaqədar olaraq iqtisadiyyata buraxılmış əlavə pul kütlələri oldu. 3-cü səbəb isə ölkəmizə daxil olan istehlak mallarının qiymətindəki artımdır . Belə ki, bizdə benzinin qiyməti hələ qalxmamış, qonşu Rusiyada qalxdı. Bundan başqa Rusiya həm də ixracı azaltdı. Bir sözlə ölkəmizə daxil olan məhsulların qiymətinin istehsal olunduğu ölkələrdə artması bizdədə öz təsirini göstərdi”.
Ölkədə müşahidə olunan qiymət artımı nə vaxta kimi davam edəcəyi ilə bağlı sualara cavab verən E.Əmirov bildirib ki, normal iqtisadi sistemlərdə 5-7% civarında inflyasiya tam normaldır.
"5-7% arası inflyasiya tam normaldır.Bu ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edir.100 illərdir bu prosses belə davam edir, həmişə inflyasiya olur. Amma o il uğurlu və yaxud o iqtisadiyyat uğurlu olur ki, bu təkrəqəmli artmır. Tək rəqəmli formada təzahür edir. Uğurlu faizi 3-4% və ya 5% - 7% ətrafında olanda daha uğurlu olur. Daha dəqiqini desək, 3-7% arasında olan inflyasiya daha uğurludur. Ümumilikdə qeyd etdiyim ki bu rəqəmlər ətrafında qiymətlərin artması iqtisadiyyatın özü üçün vacib amildir. Qeyd etdiyim rəqəmlərdən artıq olanda isə təbii ki, mənfi təsir bağışlayır".
Aytən Sakitqızı