Ənənəvi tədrisin bərpa olunması virusun yayılmasını sürətləndirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda təhsil əyani formaya qayıdır.
Belə ki, təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq. Ali və orta ixtisasa təhsil müəssisələri də sentyabrın 29-da bərpa olunacaq. Bundan başqa brifinqdə bir neçə məsələyə də aydınlıq gətirilib. Onlardan vacib olanları təqdim edirik:
- Şagirdlərin maska taxması ilə bağlı məcburiyyət yoxdur.
- Aidiyyəti nəzarət qurumları ilə birlikdə məktəblərdə monitorinq qrupları fəaliyyət göstərəcək.
- Evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər.
- Valideynlərdən heç bir COVID-19 pasportu tələb edilməyəcək. Lakin məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır.
- Bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.
Bəs görəsən ənənəvi tədrisin bərpa edilməsi virusun daha çox yayılmasına səbəb olmayacaq ki?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullanın da fikirlərini öyrəndik. 1news.az-a açıqlama verən həkim bildirdi ki, hazırda pandemiyanın pik dövrüdür və bu sentyabrın sonuna yaxın enişə doğru gedəcək:
“Sentyabrın sonuna yaxın virusa yoluxma ehtimalı azalacaq və məhz bu səbəbdən də məktəblərin açılması realdır. Sonrakı qərarlar isə epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək. Əgər hər hansı dalğalar baş verərsə, o zaman qərarlar daha dəqiq olacaq. Hazırda deyə bilərəm ki, sentyabr ayının sonunda dalğa səngiyəcək. Təbii ki, biz əyani təhsilin tərəfdarıyıq. Çünki onlayn təhsil yetrəli deyil. Onlayn təhsil insanların bilik və bacarıqlarına, bir sözlə, normal inkişafına mane olur”.
Təhsil eksperti Elvin Bədirov da eyni fikirdədir. Son 18 ay ərzində karantin dövrünün məsafədən və hibrid təhsilinin ölkə təhsilinə heç bir ciddi fayda vermədiyini deyən ekspert bildirdi ki, hər birimiz üçün sağlam həyat və sağlam təhsil hər şeydən vacibdir:
“Əlbəttə, biz özümüzün və övladlarımızın sağlamlığını bütün şərtlərdə qorumalıyıq. Təəsüf ki, məcbur qaldığımız tədrisin son forması bizim onsuz da çox olan təhsil problemlərimizi daha da artırdı. Xüsusilə azyaşlılarımız təhsildən uzaq qalmaqla bu onların istər təhsil göstəricilərinin zəifləməsinə, istərsə də psixoloji vəziyyətinin gərginləşməsinə səbəb olur. Övladlarımızın xəstəlikdən qorumağa çalışdıqca, onları tamamilə texnologiya və internetə həvalə etmiş oluruq. Hər gün saatlarla şagirdlərin kompüter qarşısında dərsdə oturması və virtual tədrisə cəlb edilməsi dəhşətli çətinliklər yaradır.
Paradoksal vəziyyət odur ki, virus səbəbindən övladlarını məktəbə göndərmək istəməyən valideynlər övladlarını restoranlara, mallara, ticarət mərkəzlərinə rahatlıqla aparır, küçədə oynamasına maneə olmur. Diqqətdən qaçırdığımız məqam budur ki, 18 ay ərzində görülən tədbirlər nə Azərbaycanda , nə də dünyada virusun qarşısını ala bilmədi və gedişat göstərir ki, yaxın müddətdə də vəziyyət belə davam edəcək”.
Ekspertin fikrincə, təhsil alanları təhsildən uzaq tutmaq gələcəkdə qarşısıalınmaz ciddi sosial fəlakətə yol açmaq deməkdir:
“9-10-11-ci sinif şagirdləri onsuz da məktəbə getməkdənsə, hazırlıqlara cəlb olunmağı üstün hesab edir, karantin dövründə bu şagirdlərin təhsilində böyük problemlər ortaya çıxmayıb. Çünki, illərdir ali məktəblərə qəbul imtahanlarının nəticəsi məktəblərdə verilən tədrisdən daha çox fərdi hazırlıqların nəticəsidir. Lakin, biz əgər israr etsək ki, dərslər ənənəvi yox məsafədən davam etsin, o zaman şagirdlərimizin yaranmış təhsil, sosial, psixoloji neqativ nəticələrini aradan qaldırmaq üçün illərlə sərf ediləcək vaxt da bəs etməyəcək”.
İstənilən halda ənənəvi dərslər bərpa edilməklə məktəblərimizdə karantin qaydalarına müvafiq tədbirlər alınmalı, atılan bütün addımlar sağlam təhsilin inkişafına xidmət etməlidir.
Aytən Sakitqızı