26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı – Kəlbəcərin Əsrik kəndindən REPORTAJ - FOTO | 1news.az | Xəbərlər
Köşə

26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı – Kəlbəcərin Əsrik kəndindən REPORTAJ - FOTO

Qafar Ağayev10:10 - 09 / 10 / 2021
26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı – Kəlbəcərin Əsrik kəndindən REPORTAJ - FOTO

Ermənistanın təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.

Bununla da Azərbaycanın Vətən Müharibəsi başladı. 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında müharibənin bitməsi ilə üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarmalı idi. Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə əlavə 10 gün, yəni 25 noyabr 2020-ci ilə qədər vaxt istədi. Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək, ermənilərin 25 noyabra qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul etdi.

Ermənilər isə, vandallıq, vəhşilik nümayiş etdirərək, Azərbaycanın humanizm göstərərək ərazini tərk etmək üçün verdiyi 10 gün müddətdə Kəlbəcərin təbiətini məhv etmək üçün əllərindən gələni etdilər.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra hamı kimi mən, atam, əmilərim və digər qohumlarım da Kəlbəcərə getməyə can atırdıq.

1news.az-ın əməkdaşı olaraq sentyabr ayının son günlərində kəndimizdə reportaj hazırlamaq üçün müraciət etdim və bu müraciətim müsbət cavablandırıldı. Bildirildi ki, oktyabr ayının 2-si Kəlbəcərdə olmalıyıq. 3 gün vaxtımız qalmışdı. Kəlbəcərə getmək üçün səbrsizlənirdik. Kəlbəcərdə çox vaxt keçirmək üçün bir gün əvvəldən Göygöl rayonunun Toğanalı kəndinə getdik. Gecəni burada keçirib, səhər saat 6-da Kəlbəcərə doğru yola çıxmalıydıq. Yol yoldaşlarım və müsahiblərim - əmilərim Yaşar Ağayev, Babək Ağayev, əmimin oğlu Emin Ağayev və bibimin yoldaşı, Əsrikdə doğulub boya-başa çatan Adışirin Əsədov idi.

Axşam saat 9-dan bir az tez yatmaqla bağlı razılaşdıq. Amma nə qədər etsək də yuxuya gedə bilmədik, çünki bu gecənin sabahı Kəlbəcərə açılacaq, həyəcandan gözlərimizə yuxu getmir, saatları, dəqiqələri, saniyələri sayırıq ki, gecə bitsin və ata-baba yurdumuz olan Kəlbəcərə gedək. Səhər 6-da müqəddəs səfərimizə başladıq. Toğanalı kəndində postda sənədlərimizi yoxlayıb bizi buraxdılar. Murov dağı bizi dumanı ilə qarşılayır. Bu möhtəşəm mənzərə bizi valeh edir. Bu çətin relyefi olan yolda avtomobil idarə etməyin məsuliyyətini Emin öz üzərinə götürür. Çətin relyefi olan yolda Eminlə ortancıl əmim Yaşar arasında dialoq başlayır. Yaşar əmim mənə üzünü çevirərək “Eminin 5-6 yaşı olanda onu bu yolla kəndə aparmışdım, indi isə illər sonra Emin bizi doğma kəndimizə aparır” deyir.

Yol ilə getdikcə Ali Baş Komandan İlham Əliyevin necə uzaqgörən siyasətçi, diplomat olduğunun bir daha şahidi oluruq. Belə ki, əgər bu ərazilərdə döyüşlər davam etsəydi ordumuzun itkiləri çox olacaqdı.

Yeni çəkilən Murovdağ tuneli və Ömər aşırımı...

Bir az getdikdən sonra Toğanalı kəndindən Kəlbəcərə çəkilən yeni tuneldə görülən işləri görürük. Bu da dövlətimizin necə qüdrətli olduğunu göstərir.

Qısa müddət ərzində belə böyük layihələrin icrası dövlətimizin qüdrətindən xəbər verir.

Artıq yolu yarılamışıq. Avtomobilimizi saxlayıb ecazkar təbiəti seyr edirik. Kiçik əmim Babək, yola diqqətlə baxaraq 1993-cü ilin aprel ayında bu yoldan necə gəldiyini xatırlayır: “Mən bu yolu “UAZ”la gəlmişəm, 26 yaşım var idi. Heç bir zaman belə çətin yolda maşın sürməmişdim, üstəlik maşının yük yerində 15-dən çox adam var idi. Həmin gün heç zaman yadımdan çıxmayacaq” deyir.

Bir az fasilədən sonra yolumuza davam edirik. Yolda gediş-gəlişin çox olması, yol boyu görülən işlər bizi sevindirir. Artıq Kəlbəcərə yenidən həyat gəlir.

Məşhur Ömər aşırımına çatırıq. Dəniz səviyyəsindən 3260 metr yüksəklikdəyik, hər yeri duman alıb. Maşını saxlayıb mənzərəni seyr edirik.

Daha sonra yolumuza davam edirik, bir müddət sonra rahat yola çıxırıq. Bir tərəfdə çay, bir tərəfdə dağ, görülən işlərlə Kəlbəcər bizi qarşılayır. Əmim deyir ki, təxmini 25 dəqiqəlik yolumuz qalır, səbrimiz daha da daralır, tezliklə kəndimizə çatmaq istəyirik. Gəlirik Comərd kəndində Tərtərlə Tutqu çayının birləşdiyi yerə. Comərd kəndində olan körpüdən keçib məşhur Kəlbəcər tunelinə doğru hərəkət edirik, qarşımıza möhtəşəm Kəlbəcər tuneli çıxır.

Rəhmətlik babam bizə söhbətlərində bu tunelin əl ilə açıldığını deyirdi. Tunel elədir ki, bir maşın daxil oldusa, digər maşın gərək gözləyə. Bu tunelə də alternativ tunelin çəkilməsi ilə bağlı layihə var. Eyni zamanda xatırladım ki, ermənilər 1993-cü ildə bu tuneldə də qətliam törədiblər.

Kəndimizə çatırıq

Tuneldən kəndimizə təxmini 10 dəqiqəlik məsafə qalır. İcazəmiz bir günlük olduğu üçün, gecəyə qalmamaq üçün Kəlbəcərin mərkəzinə, məşhur İstisuya gedə bilmirik, Yaşar əmim deyir ki, bizim kəndin yaxınlığında da İstisu var. Elə yolüstü kəndimizin yaxınlığında olan İstisuya dönürük. Bu möcüzədir, yerdən isti su çıxır. Suda əl-üzümüzü yuyub yolumuza davam edirik.

Tanınmaz hala salınan qəbiristanlıq

Səbrsizliklə gözlədiyimiz an çatır, daxil oluruq kəndə. Kəndimiz Laçına gedən yolun kənarında yerləşir.

Bu, mənim kəndimizlə bağlı fikirlərimi dəyişdirir. Hər zaman elə təsəvvür edirdim ki, kəndimiz yoldan, kommunikasiyadan uzaqdır. Amma elə deyilmiş, əsas yoldan kəndimizə, daha doğrusu adını daşıdığım Qafar babamın evinə uzun illər istifadə olunmayan yollara baxmayaraq, cəmi 5 dəqiqəlik məsafə varmış.

İlk dayancağımız böyüklərimizin uyuduğu Əsrik məzarlığı olur. Əmilərim yol kənarında olan məzarları göstərib babalarının və nənələrinin orada uyuduğunu deyirlər. Eyni zamanda Adışirin əminin atasının da məzarı həmin qəbiristanlıqdadı. Yaxınlaşdıq qəbiristanlığa, erməni vandalları babamın atasının və anasının məzarını tanınmaz hala salıb. Nə qədər cəhd etsək də, başdaşını qaldıra bilmirik. Yaşar əmim, “Görün bu ermənilər nə qədər vandal, nə qədər alçaq millətdir ki, qəbirləri dağıdıblar. Belə vəhşilik dünyada görülməyib” deyir və məzarlara baxır.

Adışirin əmi isə bir müddət əvvəl kəndə səfər edən digər kənd sakinləri ilə atasının dağılan məzarı üzərinə dəmirdən müvəqqəti lövhə düzəltdirib göndərib.

Qəbiristanlıqda rəhmətə gedənlərimizin və şəhidlərimizin ruhuna dua edib yolumuza davam edirik.

Və çatırıq kəndimizə. Hamımız maşından düşüb ətrafa baxırıq, bu gözəllikdə kənd xarabalığa dönüb. Əmilərim, Adışirin əmi bu kənddə böyüyüb başa çatdıqları üçün kəndin bu vəziyyəti onlara daha da pis təsir edir. Onlar yolboyu az da olsa ümid edirdilər ki, bəlkə kənddə normal ev qalar. Tarixlər boyu oğru, vandal kimi tanınan ermənilər insanların illərlə əziyyətlə tikdiyi, yaratdığı evləri, kəndi talan ediblər.

Nənəmin son nəfəsində belə xatırladığı Daş bulaq....

Kəndə çatar-çatmaz atam zəng edir, mənə deyir ki, gedin Daş bulağa, oranın suyundan için. Əmilərim gedir, biz də onların arxasınca Daş bulağa gedirik, ancaq məyus oluruq, bulağın suyu çox az gəlir, demək olar ki, quruyub. Bulağın buz kimi suyundan çətinliklə içib çıxırıq adını daşıdığım Qafar babamın evi tərəfə.

Bu bulaqla bağlı bir xatirə yadımdadır. 2015-ci il iyul ayının sonları idi, nənəm artıq xəstələnmişdi, son günlərini yaşayırdı. Atama dedi ki, Daşbulağın suyu yadıma düşür. Həmin vaxt təəssüf ki, Kəlbəcər işğal altında idi. Nənəm bulaq suyu istədiyi üçün atam və əmimlə Xızıya üz tutduq. Oradan bulaqdan su gətirib nənəmə verdik, nənəm isə bu suyu içəndə dedi ki, bu su Daşbulağın suyuna çata bilməz...

Viran olmuş evlər...

Ermənilər kənddəki evləri elə talan ediblər ki, evlərin ancaq barıları qalıb. Evlərin damını, tavanını, döşəməsini, qapısını, pəncəsini və digər lazımlı materialları oğurlayıb aparıblar, daşları aparmağa gücləri çatmayıb, yoxsa bu oğru millət daşları da oğurlayıb aparardılar. Heç birimiz özümüzə gələ bilmirik, xüsulilə də əmilərim və Adışirin əmiyə çox pis təsir edir.

5-6 yaşında Əsrik kəndinə səfər...

Hazırda 35 yaşı olan əmim oğlu Emin Ağayev deyir ki, kəndə 1992-ci ildə də səfər edib.

“6 yaşım olanda Kəlbəcərə, atamın, babamın kəndi olan Əsrik kəndinə gəlmişəm. İllər əvvəl də kəndə Yaşar əmimlə gəlmişdim, elə qismət oldu ki, indi də torpaqlarımız azad olunandan sonra ilk səfərimi Yaşar əmimlə etdim. İnsanın uşaqlıq yaddaşı güclü olur, 5-6 yaşımda burada olduğum günlər yadıma düşür. İndi illər sonra babamın evini bu vəziyyətdə görmək çox pis təsir edir. Xatırlayıram ki, evin pilləkənləri ilə çıxırdım, burada evin qabağında armud ağacı var idi, rəhmətlik babam armudu dərib mənə verirdi. Bu evdə nənəmin, bibilərimin, əmilərimin mənim qayğıma qaldığı anları heç bir zaman unuda bilmirəm”.

Evin divarında əmimin 7-ci sinifdə yazdığı yazı...

Əsrik kəndində doğulub boya-başa çatan Birinci Qarabağ müharibəsi veteranı Yaşar Ağayev deyir ki, uşaqlıq həyatı burada keçib.

“Böyük bağımız var idi, ermənilər hamısını talan edib, ağacların çoxu quruyub. Rəhmətlik atamın, anamın burada zəhmətləri olub. Kəlbəcər çətin relyefə malik olduğu üçün burada ev tikib yaratmaq çox çətin idi, tikinti materiallarının tapılması çox çətinliklə mümkün olurdu. İnsanlar minbir əziyyətlə buranı tikdi, qurdu, yaratdı. Erməni vandalları hamısını darmadağın elədi. Allahın izniylə, bizim də köməkliyimiz ilə dövlətimiz Qarabağı əvvəlkindən də yaxşı şəkildə bərpa edəcək. Prezident İlham Əliyev bu işlərə çox böyük önəm verir, elə yol ilə gələndə də bunun şahidi olduq, hər yerdə sürətli işlər gedir”.

O, deyir ki, kəndi bu vəziyyətdə görmək onun üçün çox çətindir.

“Uşaq vaxtı oynadığım yerlər, dağlar, yamaclar, hamısını məcburi qoyub getmək çox çətindir. 28 il sonra doğulduğun, uşaqlığının keçdiyi kəndi bu vəziyyətdə görmək çox çətindir. Kəndimizə illər sonra gəlmək həm çətindir, həm də sevinclidir. Bu illər ərzində Kəlbəcər və ermənilər tərəfindən işğal olunmuş rayonlar bir an belə yadımızdan çıxmadı, ümidimizi itirmədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə torpaqlarımızı düşməndən təmizlədi”.

Əmim evin divarında öz adının yazıldığı daşı göstərərək deyir ki, ermənilər divardan onun adını silə bilməyiblər.

“Bu yazını 7-ci sinifdə oxuyanda yazmışdım. Hər zaman tarixi saxtalaşdırmağa çalışan ermənilər mənim adımın həkk olunduğu bu yazını silə bilməyiblər. İşğaldan azad olunan rayon və şəhərlərimizdə buna bənzər yüzlərlə, minlərlə xatirələr var, bunların heç biri yaddaşdan silinmir. Həyətimizdə insan yaşayışı üçün nə lazımdırsa, var idi. Kəndimizin gözəl havası, suyu, təbiəti var idi, indi yenə də təbiət, gözəllik qalsa da yaşayış üçün heç nə yoxdu”.

Kəlbəcəri yenidən görə bilməyən atası və anasını xatırlayan əmim deyir ki, rəhmətlik atamın və anamın buraların hər bir yerində izi var.

“Onlar illərlə, böyük əziyyətlə bu evi, həyəti yaradıblar, hər bir daşda onların zəhməti var. 1993-cü ilin aprel ayından 2-dən məcburi köçkün həyatımız başladı. Onlar Bakıda yaşasalar da ürəkləri hər zaman burada idi, bir an olsun belə Əsrik kəndi, Kəlbəcər yadlarından çıxmırdı. Hər gün, hər an buraları, bu həyəti, qonşuları, dağı yada salırdılar. Qırmızı təpə, Fətəli xırman, Haçadaş, Böyük Güney, Qalanın Dağı kimi kəndimizdə olan yer adları hər gün yada salınırdı. Əfsuslar olsun ki, onlar torpaqlarımızın işğaldan azad olunmasını görə bilmədilər, son nəfəslərində belə Kəlbəcər, Əsrik deyirdilər”.

Danışarkən göz yaşlarına hakim ola bilməyən əmim məni göstərərək bildirir:

“Sevindirici haldır ki, atamın adını daşıyan nəvəsi onun qurub yaratdığı evə gəlib. İndi atamın, anamın ruhu şaddır. İndi nəvə Qafar gəlib öz babası Qafarın evinə, bunun özü çox sevindiricidir”.

Həm sevindirici, həm də kədərləndirən an...

Adışirin Əsədov deyir ki, bu günü səbrsizliklə gözləyirdi.

“Kəndimizə gedəcəyimizlə bağlı məlumat alanda çox sevindim. Bu xəbəri alandan sonra demək olar ki, gözümə yuxu getmirdi, səbrsizliklə oktyabrın 2-nin gəlməsini gözləyirdim. Rayon ərazisinə daxil olandan yolların yenidən qurulmasını, infrastrukturun inkişafını görmək çox sevindiricidir. Yolların düzəlməsi rayonun, kəndin inkişafı üçün əsas şərtlərdən biridir. Kəlbəcər ərazisinə daxil olandan sonra kəndə çatmağı səbrsizliklə gözləyirdik. Kəndə daxil olan kimi ilk olaraq əzizlərimizin uyuduğu qəbiristanlığa baş çəkdik. Bu bizim hər birimiz üçün çox ağır idi. Çünki ermənilər qəbir daşlarını dağıdıb, qazıblar, baş daşlarını oğurlayıblar. Belə bir vəhşilik dünyada görülməyib”.

A.Əsədov deyir ki, kəndi dağıdılmış, talan edilmiş vəziyyətdə görmək onun üçün çox ağırdı.

“Kəndimizin hər yerində xatirələrim var. İşğalda olduğu illərdə bir an belə yadımdan çıxmayıb. Gözəl kəndimizin xarabalığa dönməsini görmək çox ağrılıdır. Ermənilər kəndi talan edib, lazımlı materialları oğurlayıb aparıblar, apara bilmədiklərini isə yandırıblar, bu gözəl təbiəti məhv etməyə çalışıblar. Belə vəhşilik dünyada görülməyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa oluncaq. Bizim Əsrik kəndi də elə əvvəlkindən də yaxşı olacaq, inkişaf edəcək”.

27 il ölməyən ümid...

Kənddən ən son çıxanlardan olan Babək Ağayev deyir ki, 27 il ərzində hər gün kəndə qayıdacağı günü gözləyirdim.

“Mənim uşaqlığım, cavanlığım bu kənddə keçib. Burada doğulmuşam, böyümüşəm, təhsil almışam və Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil aldıqdan sonra elə kəndimizdə müəllim işləmişəm. Kəndin hər bir daşı, dərəsi, dağı mənə əzizdir. Abad şəkildə tərk etməyə məcbur olduğumuz kəndimiz hazırda xarabalığa çevrilib. Çətin relyefə malik olan bu kənd elə də asan qurulmayıb, amma ermənilər buranı asanlıqla dağıdıblar”.

Heyvanları azadlığa buraxan azərbaycanlılar və təbiəti məhv edən ermənilər...

Kənddən son çıxdığı günü xatırlayan Babək əmim deyir ki, kəndə tezliklə qayıdacağımızdan əmin olduğumuz üçün evlərimizin qapısını bağlayıb çıxmışdıq.

“Ancaq indi bağladığımız o qapını tapa bilmirik. Atam, anam çıxanda dedilər ki, heyvanlarımızın olduğu damda qapısını açım, heyvanlar damda qalmasın, bir müddət sonra havasızlıqdan ölərlər. Bu danışdığım kiçik bir misaldır, biz heyvanların ölməsinə qıymayarkən ermənilər asanlıqla bütün təbiəti məhv ediblər. Bunun da sadə səbəbi var, çünki bura onların deyil, insan özünə aid olanı qoruyub saxlayır, özgənin malına asanlıqla zərər verə bilər. Kənddə ağacların bəziləri qalıb, bəziləri isə baxımsızlıqdan quruyub. Həyətimizə daş gətirmişdim, qardaşlarım da Bakıdan materiallar göndərmişdi. Kənddəki evimizi, şəraitimizi daha da yaxşılaşdıracaqdıq. Amma inanırıq ki, kəndimiz yenidən qurulacaq, biz də yarımçıq qalan işlərimizi davam edəcəyik. Elə bil ki, kənd illərlə bizi gözləyib. Kəndin hər addımı şəfalı bitkilərdi, dərmandı. İllərlə Bakıda yaşasaq da kənd həyatını heç bir zaman unuda bilmədik. Çox təəssüf ki, atam, anam və kəndimizin bir çox sakini bu anları görə bilmədi. Atamla anamın demək olar ki, hər günü Kəlbəcərlə başlayır, Kəlbəcərlə bitirdi”.

26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı...

“Mən kənddən çıxanda 26 yaşım var idi, indi isə 54 yaşım var” – deyə, B.Ağayev əlavə edir:

“1993-cü il mart ayının son günlərində kənddən çıxmaq məcburiyyətində qaldıq. Bizim “UAZ” markalı yük avtomobilimiz var idi. Həmin vaxtlar maşını o qədər də yaxşı sürə bilmirdim, ancaq kənd əhalisinin müəyyən bir qismini aparmaq lazım idi. Öz ailəmizlə birlikdə 20 nəfərə yaxın kənd sakini maşının yük yerinə mindirdim. Qarşımızda çətin reylefi olan Murov dağı var idi, bu gün rahatlıqla gəldiyimiz həmin Ömər aşırımı. Həmin vaxt qar da yağmışdı deyə yol daha da çətinləşmişdi. Çox çətinliklə olsa da bu yolu sürməliydim, atam isə maşına minməyərək piyada gələcəyini dedi. Təsəvvür edin, atam o dağları piyada gəldi. Biz çatandan bir neçə gün sonra atam gəlib çatdı, ayaqları şişmişdi, deyir ki, Kəlbəcəri tərk etmək ona çox ağır gəlirdi. Qismətimizə doğma yurdumuzdan məcburi köçmək nəsib oldu, amma bu illər ərzində geri dönmək ümidimiz bir gün belə ölmədi. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan gün əmin olduq ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək”.

Adını daşıdığım babamın evi qarşısında

Müsahiblərimdən fərqli olaraq mən ilk dəfə idi ki, babamın, atamın kəndində olurdum. Ancaq olmadığım bu kəndi demək olar ki, hər detalına qədər tanıyırdım. Bunun səbəbi isə, özümü dərk edəndən evdə hər gün kəndlə bağlı söhbətlər olurdu. Adını daşıdığım Qafar babam və Maya nənəm hər sözlərində kəndə toxunurdular.

Kənddə kolxoz sədri olan və müxtəlif vəzifələrdə çalışan babam kəndimizin necə gözəl, səfalı yer olduğunu deyirdi. Babamın təbiət muzeyi adlandırdığı Kəlbəcər ilk andan məni valeh etdi, internetin bizə verdiyi imkanlardan istifadə edib Norveçə, İsveçə baxıb oraların dünyanın ən gözəl yeri olduğunu düşünürdüm. Kəlbəcərə səfərim isə mənim fikirlərimi dəyişdirdi, İsveç, Norveçdən də gözəl yerlərin olduğu qənaətinə gəldim. Gursulu çayları, mineral bulaqları, yeraltı və yerüstü sərvətləri ilə Kəlbəcər mənim fikrimcə dünyanın ən mənzərəli yeridir. Babam, nənəm son nəfəslərinə qədər kəndimizdə olan bulaqlardan danışırdılar.

Qayıtmaq vaxtı çatır, amma heç birimiz geri qayıtmaq istəmirik. Babamın və nənəmin Bakıda olan məzarlarının üzərinə səpmək üçün Kəlbəcərdəki evin həyətindən torpaq götürürük. Onların da ruhu şaddır ki, doğma torpaqları işğaldan azad olunub.

Evlərimizin olduğu yerlərdən çıxırıq, yolüstü Yaşar əmim bizi kəndimizin ərazisində yerləşən Turş suya aparır. Təbii mineral su olan Turş su kəndiminiz ərazisində yerləşir. Turş su bulağından su içib yolumuza davam edirik və kənddən ayrılırıq.

İcazəmiz birgünlük olduğu üçün rayon mərkəzinə səfər edə bilmirik, inşallah növbəti səfərimizdə rayon mərkəzinə, əsas İstisuya da səfər edərik.

Nəticə və Qarabağın inkişafı

Bu səfərdən çıxardığım nəticə odur ki, Kəlbəcər və digər işğaldan azad olunan ərazilərimiz sürətlə bərpa olunur. Bizim 3 saata çətinliklə gəldiyimiz Murov yolu, tunel vasitəsilə qısalacaq və bu yolu cəmi 40 dəqiqəyə qət edə biləcəyik. Təbii sərvətlərlə zəngin olan Kəlbəcər eyni zamanda gələcəkdə böyük turizm mərkəzinə çevriləcək. Dövlətimiz Qarabağın dirçəlişi üçün önəmli addımlar atır. Ancaq biz vətəndaşlar da Qarabağın dirçəlişi üçün əlimizdən gələn dəstəyi verməliyik. Belə olduğu halda Qarabağımız tezlikdə inkişaf edəcək.

Allahdan şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə isə cansağlığı diləyirik. Məhz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.

Bakı-Kəlbəcər-Bakı

Qafar Ağayev

Paylaş:
4712

Son xəbərlər

Bütün xəbərlər