“Azərbaycan Avropa üçün bu regionda ən maraqlı ölkədir” - Cavanşir Feyziyev
“Azərbaycan – Avropa İttifaqı əlaqələri kifayət qədər sabit və konstruktiv istiqamətdə inkişaf etməkdədir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində kifayət qədər səmərəli əməkdaşlıq edir.
“Ölkəmizin xarici ticarət dövriyyəsinin əhəmiyyətli bir hissəsi Avropanın payına düşür. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat-kommunikasiya infrastruktur layihələrinin həyata keçirilməsi, Cənub Qaz Dəhlizinin yaradılması və s bu kimi qlobal layihələr Avropa İttifaqı üçün də zəruri layihələrdir və bu istiqamətdə Azərbaycan tərəfindən atılan bütün addımlar Avropa İttifaqı tərəfindən də dəstəklənir. Cənubi Qafqazın ümumi iqtisadi potensialının 70 %-nə malik olan Azərbaycan Avropa üçün bu regionda ən maraqlı ölkədir və ən etibarlı tərəfdaşdır. Digər tərəfdən, Avropanın enerji təminatında Azərbaycanın rolu və xüsusilə enerji resursları marşrutlarının diversifikasiyası baxımından ölkəmizin hazırda yeganə mənbə kimi qəbul olunması Avropa-Azərbaycan münasibətlərinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir”.
C.Feyziyev qeyd edib ki, münaqişənin davam etdiyi 3 onillik ərzində Avropa İttifaqının bu münaqişəyə müdaxilə etmək imkanları məhdud idi.
“Münaqişənin həlli BMT-nin qərarı ilə müstəsna olaraq ATƏT-in Minsk Qrupunun səlahiyyətinə verilmişdi. Minsk Qrupunun da yarıtmaz fəaliyyəti, daha doğrusu ümumiyyətlə, fəaliyyətsizliyi hamımıza bəllidir. Avropa İttifaqının üzvü olan Fransa, Yunanıstan kimi dövlətlərin münaqişənin uzanmasında maraqlı olmalarına baxmayaraq bütövlükdə regiondakı qeyri-sabitlik Avropa İttifaqının və onun mərkəzi İcra qurumlarının maraqlarına uyğun deyildi. 30 ilə yaxın davam etmiş münaqişə vəziyyəti nə bizi, nə də Aİ-nın özünü qane edirdi. O vaxtki status-kvo şəraitində Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə əməkdaşlıq potensialı kifayət qədər istifadə oluna bilmirdi. Şarl Mişelin regiona səfəri tamamilə yeni bir şəraitdə, yəni torpaqlarımız işğaldan azad olunduqdan sonra baş verdi. Azərbaycanın uzun sürən bu münaqişəni öz gücünə həll etməsi Avropa İttifaqına region dövlətləri ilə daha geniş əməkdaşlıq imkanları yaratdı. Lakin bu əməkdaşlığın baş tutması üçün artıq post-münaqişə dövründə bölgədə sülhün və sabitliyin yaradılmasına ehtiyac var. Regiona növbəti dəfə səfərə gəlmiş xüsusi nümayəndə Toiva Klaarın bəyan etdiyi məqsəd və məram da məhz bundan ibarətdir”.
"Avropa İttifaqının regionun inkişafı ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmək imkanı var" - deyə, deputat əlavə edib:
“Amma bu imkanlardan hansı ölçülərdə və nə dərəcədə istifadə olunacağı hələlik tam aydın deyil. Azərbaycan dövləti belə hesab edir ki, Avropa İttifaqı ilk növbədə bölgədə sülh yaratma fəaliyyətini genişləndirməli və bu məqsədlə Ermənistan Respublikası ilə izahedici işlər aparmalıdır. Bölgədə yaranmış yeni reallığın xüsusiyyətlərini Ermənistanın siyasi rəhbərliyinə və ictimaiyyətinə başa salmalı, Ermənistanı bölgədaxili əməkdaşlıq layihələrinə cəlb etməlidir. Vətən müharibəsindən sonra bunun üçün kifayət qədər münbit şərait yaranıb və Ermənistan yeni yaranmış reallıqlardan öz xalqının mənafeyinə uyğun faydalanmağa çalışmalıdır. Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüş 6 tərəfli əməkdaşlıq platforması bu baxımdan unikal fürsətdir. Avropa İttifaqının da bu layihəyə dəstək verməsi region dövlətlərinin öz aralarında və eləcə də Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığına töhfə vermiş olardı. Azərbaycanla Avropa İttifaqı ilə arasında ikitərəfli əlaqələr kontekstində isə imkanlarımız daha genişdir və yeni yaranmış vəziyyətdə həm Azərbaycanın və həm də Avropa İttifaqının bu imkanlardan kifayət qədər yararlanacağına və qarşılıqlı əməkdaşlığın daha faydalı yeni mərhələyə qədəm qoyacağına inanıram”.