“İndi Ermənistanın inkişafı üçün münbit şərait yaranıb, bunu dəyərləndirməlidirlər” – Hikmət Çətin
“30 il sülh üçün gözlənildi. Burada Qarabağın Azərbaycan torpağı olmasına dair BMT Təhlükəsizlik Şurasının, idarə heyətinin qərarı var idi”.
1news.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumununda jurnalistlərə açıqlamasında deyib.
“Mənim xarici işlər naziri olduğum vaxtda Azərbaycanla birlikdə sülh üçün çox cəhd etdik. Ermənistana başa salmağa çalışdıq ki, əgər belə davam edəcəksinizsə, çox böyük fürsəti qaçıracaqsınız. Məsələn, boru xətləri ən qısa yolla Ermənistandan keçə bilərdi, bütün bunları itirdilər. İndi yeni bir fürsət yaranıb, bu fürsətdə, artıq məsələnin müharibə ilə həll edilə bilməyəcəyini görmələri lazımdı. Azərbaycan böyük bir zəfər qazanıb, əgər lazım olarsa, yenə zəfər qazanar. Amma, bu çarə deyil, artıq keçmişdəki fürsətlər qaçırıldı, önündəki fürsəti qaçırmayaraq Türkiyə, Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması lazımdır. İndi Ermənistanın inkişafı üçün münbit şərait yaranıb, bunu dəyərləndirməlidirlər . Bütün bunlar ən çox Ermənistanın yararına olacaq”
Hikmət Çətin bildirib ki, Ermənistan xalqı, düşmənçilik yox, yaxşı münasibətlərin inkişafına köklənməlidir.
“Onlar 44 günlük müharibənin revanşını ağıllarından çıxarmalıdırlar, elə bir revanşla heç bir nəticə əldə oluna bilməz. Siyasətçilər, liderlər öz xeyirlərini deyil, xalqının, millətinin gələcəyini düşünməlidir. Onu düşündüyü zaman da çarənin böyük bir sülhdə, əməkdaşlıqla olduğunu görəcəklər”.
O qeyd edib ki, Azərbaycanın zəfəri bölgəyə çox ciddi təsir edib.
“Azərbaycan müharibəni istəyərək etmədi, məcbur oldu. 30 il ərzində bir nəticə əldə olunmadığı üçün Azərbaycan öz ordusunu yetişdirdi, inkişaf etdirdi, hazırlığını etdi. Biz bununla bağlı 1991-ci ildə də azərbaycanlı qardaşlarımızla söhbət etdik, onların bu münaqişənin həlli ilə bağlı fikirlərini öyrəndik. O zaman dedik ki, lazım olarsa, Ermənistandakı təhdidi müharibə yolu ilə də qazana biləcək vəziyyətə gəlməlisiniz. Azərbaycan illərlə səbrli davranıb onu etdi, hazırlığını etdi, lazım olduğu halda məsələnin silah yolu ilə həll olacağını sübut etdi. İndi Azərbaycan zəfər qazandıqdan sonra bölgədə inkişaf müşahidə olunacaq”.
Eks-xarici işlər nazirinin sözlərinə görə, Türkiyə bu məsələnin başlanğıcından Azərbaycanın yanında oldu:
“Məsələnin belə bir xroniki vəziyyətə gəlməməsi üçün həll yolu axtarırdıq. Biz Ermənistanı ayırmadıq, hətta Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə olduq, çünki qonşumuzdur. 1991-ci ildə Azərbaycanın xarici işlər naziri Hüseynağa Sadıqov idi, Azərbaycandakılarla danışdıq. Bizim liderlərlə, Süleyman Dəmirəllə, Turqut Ozalla danışdıq və bu münaqişə böyümədən həll etmək istədik. 1991-ci ildə NATO toplantısı üçün Brüsselə getdim. Orada Amerikanın xarici işlər naziri Cemes Bakeri ilə danışdıq, mövzunu izah etdik, onlar da bilirdi. Dedi ki, bunu burada biz bir anlaşma ilə həll edə bilərik, təklif 4 nazirin – Türkiyə, Azərbaycan, Ermənistan və Amerika nazirlərinin bir araya gəlməsi idi. Ertəsi gün saat 11-də bir araya gələcəkdik, gecə telefon edildi, Ermənistanın xarici işlər nazirinin görüşdən imtina edilməsi bildirildi. Görüş keçirilmədi, böyük bir fürsət qaçdı, bəlkə görüş keçirilsə idi müharibə olmayacaqdı”.