Sevinc Fətəliyeva: “Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın mədəni diplomatiyasının yetkinliyini nümayiş etdirir”

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikan səfəri və Romada Müqəddəs Kommodilla katakombalarının bərpasından sonra keçirilən açılış mərasimində iştirakı yalnız mədəni hadisə deyil.
Bu, Azərbaycanın humanizm və qarşılıqlı hörmət dəyərlərinə əsaslanan mədəni diplomatiyasının parlaq nümunəsidir".
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Heydər Əliyev Fondunun xaricdəki tarixi və dini abidələrin bərpasına verdiyi dəstək Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu təşəbbüslər bir daha göstərir ki, mədəni irsə hörmət milli və dini sərhədləri aşan ümumbəşəri dəyərdir. Bu, təkcə tarixi abidələrin qorunması deyil, həm də xalqlar arasında etimadın formalaşması prosesidir. Mehriban Əliyevanın Müqəddəs Kommodilla katakombalarının açılışında iştirakı da məhz bu mənanı daşıyır: Azərbaycan göstərir ki, mədəni əməkdaşlıq dinlər və sivilizasiyalar arasında dialoqun körpüsünə çevrilə bilər.
Qlobal siyasi gərginliklərin artdığı, qarşıdurma meyllərinin gücləndiyi bir dövrdə mədəni diplomatiya beynəlxalq münasibətlərin mühüm alətinə çevrilib. Azərbaycan bu aləti sadəcə imic siyasətinin elementi kimi deyil, etimadın və qarşılıqlı anlayışın qurulması vasitəsi kimi istifadə edir.
Millət vəkilinin sözlərinə görə, belə təşəbbüslər ölkəmizi tolerantlıq, multikulturalizm və dinlərarası harmoniyanın simvoluna çevirir. Mehriban Əliyevanın Vatikan səfəri də Prezident İlham Əliyevin xarici siyasət kursunun məntiqi davamıdır – Azərbaycanın mövqelərini təkcə siyasət, enerji və infrastruktur layihələri ilə deyil, həm də mənəvi və humanitar dəyərlərlə möhkəmləndirmək. Azərbaycan İslam, xristian və yəhudi dinlərinin əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı nadir ölkələrdən biridir. Bu təcrübə Azərbaycanın Vatikanla əməkdaşlığında mühüm üstünlüyə çevrilib.Hər iki tərəf mədəni və dini irsin qorunmasını insanlıq üçün ortaq məsuliyyət kimi dəyərləndirir və dialoqu parçalanma deyil, birləşmə vasitəsi kimi görür.
"Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın mədəni diplomatiyasının yetkinliyini nümayiş etdirir. Bu səfər təkcə diplomatik hadisə deyil, sivilizasiyalararası dialoqun, mənəvi dəyərlərin və qarşılıqlı hörmətin təntənəsidir. Azərbaycan bu cür təşəbbüslərlə dünyada körpülər quran, sülh və humanizm ideyalarını təşviq edən ölkə kimi mövqeyini daha da gücləndirir" - deyə, Sevinc Fətəliyeva vurğulayıb.