Çavuşoğlu: “Türk Şurasının VIII Zirvə Görüşündə təşkilatın gələcəyi ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək”
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşündə təşkilatın gələcəyi ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək.
1news.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Zirvə Görüşündə Türkmənistan müşahidəçi statusu ilə təşkilata üzv olacaq.
“Türkmənistanın təşkilata üzv olması ilə ailəmiz tamamlanır. Türkmənistana xoş gəldin deyirik”, - XİN rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. M. Çavuşoğlu əlavə edib ki, bunun vaxtı çoxdan gəlib çatmışdı.
O, təşkilata üzv dövlətləri beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı daha aktiv olmağa çağırıb.
Qeyd edək ki, VIII Zirvə Görüşü sabah İstanbulda keçiriləcək.
1news.az