“Ermənistanın təxribatları davam edərsə, Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq” - Siyasi şərhçi

Xəbər verdiyimiz kimi Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.
Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"- deyə, Nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, Ermənistan tərəfi birinci dəfə deyil ki, ölkəmizə qarşı təxribatlar törədir. Düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan tərəfi hələ ki, xəbərdarlıq etməklə kifayətlənir. Lakin Vətən müharibəsində şahidi olduğumuz kimi, rəsmi Bakının səbri tükənməz deyil və qarşı tərəf bu xəbərdarlıqlardan nəticə çıxarmasa daha ciddi tədbirlər görəcək. Bu isə Ermənistan tərəfi üçün yaxşı heç nə vəd etmir.
Ümumiyyətlə, Ermənistan tərəfinin bu kimi təxribatlara əl atmasının səbəbi nədir və bu təxribat davam edərsə, Azərbaycan tərəfinin cavabı nə ola bilər?
Siyasi şərhçi Xəyal Bəşirov 1news.az-a bildirdi ki, bu təxribat təkrarlandığı təqdirdə Azərbaycan tərəfi qanunamüvafiq olaraq anti-terror əməliyyatı keçirə bilər:
“Ermənistan tərəfinin 30 ilə yaxın müddətdə olduğu kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bu kimi təxribatlara əl atması gözlənilən idi. Ermənistan tərəfi müxtəlif istiqamətlərdə təzadlı və ziddiyyətli bəyantlar verməklə, eyni zamanda sərhəd ərazilərdə təxribatçı addımlar atmaqla 10 noyabr-11 yanvar tarixli bəyanatlarla üzərinə düşən öhdəliklərdən boyun qaçırmağa çalışır. Ermənistan hərbçiləri bu təxribatçı addımları atarkən Rusiya sülhməramlılarını qalxan kimi istifadə edirlər. Düşünürlər ki, ən son nəticədə Rusiya sülhməramlıları onlara vəziyyətdən çıxmağa kömək edəcək. Lakin bütün bunlar uğursuz addımlardır və heç bir nəticə verməyəcək. Rusiya sülhməramlılarının da aid olduğu Rusiya tərəfinin təşəbbüsü ilə imzalanan üçtərəfli bəyanatın tələblərini biz onların üzərinə yönləndiririk. Onlardan məhz bu bəyanatlarla üzərinə düşən öhdəlikləri icra etməyi tələb edirik. Bu, beynəlxalq hüququn prinsiplərinə uyğundur və tam qanunidir”.
Terrorçu Ermənistanın üçtərəfli bəyanatın şərtərini pozan bu kimi təxribatçı addımlarının ömrünün çox da uzun olmadığını deyən Xəyal Bəşirov əlavə etdi ki, Azərbaycan tərəfi bu bəyanatla Ermənistanın üzərinə düşən öhdəlikləri siyasi və diplomatik müstəvidə tələb etməyə üstünlük verir:
“Amma hər bir halda Azərbaycanın öz sərhədləri çərçivəsində və suveren ərazilərində genişmiqyaslı anti-terror əməliyyatları keçirmək hüququ var. Bu fikir dəfələrlə bizim rəsmi şəxslər tərəfindən də səsləndirilib. Əgər Ermənistan tərəfinin bu təxribatçı hərəkətləri davam edəcəksə, Azərbaycan bu addımı atmağı reallaşdıra bilər. Biz qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılmasını birmənalı şəkildə, prinsipial olaraq ortaya qoymuşuq. Bunu artıq bütün dünya dövlətləri, xüsusilə də sülhməramlı missiyanı üzərinə götürən Rusiya da dəstəkləyir.
Bu gün Ermənistanın delimitasiya və demarkasiya məsələsini uzatmağa çalışmasının səbəbini bizimlə yanaşı hamı, o cümlədən Rusiyada da gözəl anlayır. Hər bir halda bu proses uzun çəkə bilməz. Ermənistan həqiqətən bəyan etdiyi kimi sülh sazişini imzalamaq istəyirsə, bu addımları atmaq məcburiyyətindədir. Əks təqdirdə Azərbaycan tərəfindən real addımların atılması və öz sərhəd əraziləri çərçivəsində genişmiqyaslı anti-terrot əməliyyatlarının keçirilməsi yaxın zamanda gözləniləndir”.