“Dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması zəruridir” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması zəruridir” - Deputat

11:05 - 12 / 11 / 2021
“Dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması zəruridir” - Deputat

Sosial şəbəkələrdə yayılan məlumata görə Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

Belə ki, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək. Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı da bildirilir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Ermənistanın Qafan və Gorus rayonlarını birləşdirən yol-nəqliyyat kommunikasiyasının 21 kilometri Azərbaycanın ərazisindən keçir:

“Azərbaycanın digər ərazilərində olduğu kimi həmin 21 kilometrlik ərazisində də öz suverin hüquqlarını bərpa etmək haqqı var. Azərbaycan bunu edir və edəcək də. Uzunmüddətli işğal faktından sonra Azərbaycanın nəzarət imkanları məhdud olduğuna görə hazırda bu yola nəzarət digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Ancaq nəzərə almaq lazımdır ki, əgər söhbət dövlət sərhəddindən gedirsə, burada DSX-nın və gömrük məntəqələrinin yaradılması zərurəti meydana gəlir ki, Azərbaycan da bunu edəcək.

Bilirsiniz, artıq əldə etdiyimiz tarixi zəfərdən bir il ötür. Bu bir il müddətində Azərbaycan addım-addım özünün bütün ərazilərində, o cümlədən ermənilərin kompakt yaşadığı ərazilərdə öz suveren hüquqlarını bərpa edir. Qafan-Gorus avtomobil yolu da bu istiqamətdə atılan addımlardan biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan yeni Şərqi Zəngəzur iqtisadi zonası yaradıb. Bu zonanın iqtisadi resursları Azərbaycan iqtisadiyyatına qazandırılacaq, eyni zamanda həmin məntəqədən əldə edilən nəqliyyat xərcləri, gömrük rüsümları, sərnişindaşımaları kimi iqtisadi fəallıqlar da məhz Şərqi Zəngəzur iqtisadi rayonunun maaliyyə əsaslarının möhkəmlənməsinə səbəb olacaq. Əslində Qafan və Gorus tarixən bütöv olan Zəngəzurun qərb hissəsindədir. Hazırda Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren sərhədləri içərisində özünü qanunlarını tərtib etməsi zəruridir və Azərbaycan da bunu edir”.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər